Neft Fondunun Azərbaycanın iqtisadiyyatında proqnozlaşdırılan rolu və reallıq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) böyük dövlət xadimi Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə təsis edilib. ARDNF-nin Əsasnaməsi isə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiqlənib. Bəs ARDNF-in yaradılması nə üçün zəruri idi? Fondun yaradılması zamanı qarşıya qoyulan məqsədlərə nə dərəcələ nail olunub? ARDNF Azərbaycan iqtisadiyyatının inkişafında hansı rolu oynayıb? 
 
Heydər Əliyevin uzaqgörənliyi 
 
Bu yöndə suallarımızı cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü (1989), iqtisad elmləri doktoru Ziyad Səmədzadə bildirib ki, 2015-2018-ci illərdə Neft Fondunda toplanan vəsaitlər, həmin vəsaitlərin bölüşdürülməsi, istifadəsi, alınan dividentlər barədə geniş araşdırmalar aparıb. Neft Fondunun yaradılmasını təbii bir proses sayan Z. Səmədzadənin sözlərinə görə, Heydər Əliyev neft müqavilələri imzalandıqdan sonra ölkəyə külli miqdarda vəsait daxil olacağını bilirdi. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin istifadəyə verilməsindən sonra artıq neft satışından əhəmiyyətli gəlirlər daxil olmağa başlayır və Ümummilli lider 1999-cu ildə dünya təcrübəsinə əsaslanaraq Neft Fondunu yaradır. 
 
Parlamentin komitə sədri dünyada çoxlu sayda neftlə zəngin ölkələr olduğuna diqqət çəkir. Məsələn, İran, Venesuela, Meksika, Yaxın Şərq ölkələri, Səudiyyə Ərəbistanı, Keniya və digər ölkələr  neftin satışından böyük miqdarda gəlir əldə edirlər. Lakin bu ölkələrin təcrübəsi göstərir ki, onlar neft satışından əldə edilən vəsaitlərdən o qədər də səmərəli istifadə etmirlər. Azərbaycandan da çox neft hasil edən ölkələr yoxsulluq içərisində yaşayırlar: “Heydər Əliyev Neft Fondunu 1999-cu ildə yaratmaqla bütövlükdə neft satışından daxil olacaq pul gəlirlərindən səmərəli istifadənin əsaslarını müəyyən etdi. Heydər Əliyev bu Fondu yaratmaqla bilirdi ki, bu Fondun üzərində nəzarət olacaq. Neft Fondunun Əsasnaməsi hazırlandı, gələcəkdə şəffaflığın təmin edilməsi üçün Müşahidə Şura yaradıldı. Bir müddət sonra neft satışından daxil olan pul gəlirlərinin artması ilə əlaqədar olaraq böyük işlər görülməyə başlandı”. 
 
Maliyyə qurumlarının 1990-cı illərdə Azərbaycana borc vermək istəmədiklərini, borc verdikdə isə bunu çox ağır şərtlərlə verdiklərini xatırladan Z. Səmədzadə qeyd edir ki, 2004-2005-ci ildən sonra neft gəlirlərinin mərhələ-mərhələ artması nəticəsində Neft Fondunda vəsaitlər toplanmağa başlayır, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsindən sonra bu Neft Fondunun gəlirləri artır. İlk dəfə Neft Fondundan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üçün 779,6 milyon dollar vəsait ayrılır. Azərbaycan neft pullarından istifadə ilə əlaqədar şəffaflıq təşəbbüsünə də qoşulur. Bu, BMT, dünya tərəfindən də müsbət qarşılanır.  Həmin valyuta ehtiyatlarının müəyyən hissəsi il ərzində ölkənin ən vacib strateji məqsədləri üçün istifadə edilməyə başlanır, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır. Eyni zamanda Neft Fondu imkan verir ki, Azərbaycan möhkəm əsaslara arxalanaraq müstəqil siyasət yeritsin: “Cəsarətlər deyə bilərəm ki, Neft Fondunun gəlirlərindən səmərəli istifadə mexanizmi formalaşıb. Məsələn,  biz müraciət etsək də, Beynəlxalq Valyuta Fondu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün kredit vermədi. Çünki erməni lobbisi Azərbaycanın bu cür layihələr həyata keçirməsini istəmirdi. Azərbaycan özünün gəlirləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini maliyyələşdirdi”.
 
 
Gələcəyə qoyulan sərmayə 
 
 
Neft Fondunun vəsaitləri hesabına Azərbaycanda iri miqyasıl su layihələri, meliorasiya tədbirləri həyata keçirildiyini deyən parlamentin komitə sədri 1990-cu illərin sonları, 2000-ci illərin əvvəllərindən başlayaraq azərbaycanlı gənclərin xaricdəki nüfuzlu ali məktəblərə göndərildiyini xatırladır. Hesablara görə, təhsil və sosial inkişafla əlaqədar məsələlər üçün 200 milyon manatdan çox vəsait xərcləndi. Bu, Azərbaycanın gələcəyinə qoyulan bir investisiyadır. Digər tərəfdən, Neft Fondunun vəsaitləri Azərbaycan dövlətinə Xəzərdəki “Şahdəniz” qaz və digər neft-qaz yataqlardan səmərəli istifadə etməklə əlaqədar olaraq çox böyük işlər görməyə imkan verir: “Bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Dünya neft bazarında neftin qiymətinin azalmasının minimuma endirilməsi, neftin qiymətinin qalxması hallarının müşahidə olunması valyuta ehtiyatlarımızın artmasına imkan verir. Bəzən deyirlər ki, neft dollarları lənətlidir.  Bu, yanlış bir fikirdir. Allah bizə təbii sərvətlər verilib, amma bu təbii sərvətlərdən səmərəli istifadə edirik, ona görə də valyuta ehtiyatlarımız yaranır. Azərbaycan indiyə qədər 2 milyard tondan çox neft hasil edib. Bu neftin 1 milyard 300 milyon tonu sovet dövrü və oktyabr inqilabından qabaqkı dövrə təsadüf edir. Ancaq o vaxtlar çıxarılan həmin neft hesabına Azərbaycanda  o qədər də irimiqyaslı layihələr həyata keçirməmişik. Müstəqillik illərində neftimizin sahibi olandan sonra qısa zaman kəsimində kifayət qədər böyük işlər görmüşük. Yəni 1 milyard 300 milyon ton neft istehsal etmişdik, amma bir məktəbin tikintisi üçün icazəni Moskvadan alırdıq. Sovet sisteminin müsbət cəhətləri olub, bunu heç kəs inkar etmir. Amma reallıq ondan ibarətdir ki, biz müstəqillik əldə etdikdən sonra yerin təkindən 700 milyon tona qədər neft hasil edilib. Xarici şirkətlərin gəlirlərini çıxdıqdan sonra biz çox böyük gəlirlər qazanmışıq”.
 
Z.Səmədzadə hazırda Neft Fondunun aktivlərinin 40 milyard dollardan çox olduğunu diqqət çatdırır. Onun sözlərinə görə, Azərbaycanın gəlirləri gələcəkdə daha sürətlə artacaq. Çünki ölkənin qaz ixracı artacaq, eyni zamanda yeni yataqların istismara verilməsi planlaşdırılır.
 
Qeyd edək ki, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin təxminən, 40 milyard dolları təşkil etməsinin proqnozlaşdırıldığını açıqlayıb. Hazırkı tarixə ARDNF tərəfindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 1,2 milyard dollar, korporativ qiymətli kağızlarının əldə edilməsinə isə 2,5 milyard dollar həcmində vəsait yönəldilib.
 
Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaz bazarları ilə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı arasında birbaşa əlaqə qurulmasına xidmət edir. Əsas qaz ixracatçılarının Azərbaycan, Türkmənistan və İraq olması gözlənilir. Gələcəkdə İran və Misir də bu kəmərə qoşula bilər. Əsas tranzit ölkəsi kimi Türkiyə nəzərdə tutulur, digər tranzit xətləri isə Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcək. Cənub Qaz Dəhlizi ilə bağlı mühüm faktor ondan ibarətdir ki, bu layihə sürətlə reallaşır və şübhəsiz ki, 2020-ci ildən etibarən layihə Cənub və Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişəcək. Bütün bu amillər göstərir ki, Azərbaycan təkcə neft deyil, həm də qazın əsas ixracatçısına və bununla da regionda enerji təhlükəsizliyinin təminatçısına çevriləcək. Layihə Azərbaycan üçün əlavə iqtisadi və maliyyə imkanları yaradacaq və onilliklər ərzində ölkəmizi iqtisadi mənfəət və əlavə valyuta daxilolmaları ilə təmin edəcək.
 
 
Parlamentin komitə sədri isə hesab edir ki, bu vəsaitlərdən səmərəli istifadə olunması nəticəsində həm Azərbaycanın inkişafını təmin edəcək, həm də valyuta ehtiyatlarımızı artıracağıq.  Z. Səmədzadə Azərbaycanın bu gün xarici borcunun ümumdaxili məsulun 19 faizi həcmində olmasına diqqət çəkir. Amma Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 6 dəfə çoxdur. Dünyanın çox nadir ölkələrində vəziyyət belədir: “Ona görə də kim deyirsə ki, Neft Fondu lazım deyil, gəlirləri səmərəli istifadə olunmur, bu, yanlış fikirdir. Mən tam qətiyyətlə, məsuliyyətlə deyirəm ki, neft Azərbaycanın təbii sərvətidir, Azərbaycan onun sahibidir. Neft resurslarından istfiadə bizim iqtisadi müstəqilliyimiz üçün əsas olub. Heydər Əliyevin neft siyasəti olmasaydı və bu siyasət bu gün uğurla davam etməsəydi, bizim iqtisadi müstəqilliyimiz də olmazdı”.
 
Növbəti mərhələ
 
Bəs Neft Fondunun və vəsaitlərin idarə edilməsinin daha da təkmilləşdirməsinə nə dərəcədə ehtiyac var? Fondun xarici ölkələrdəki investisiyalarının yetərincə səmərəli olmadığı barədə zaman-zaman səsləndirilən iddialar nə dərəcədə əsaslıdır? 
 
Dünyanın dəyişdiyini, qloballaşma meyllərinin gücləndiyini qeyd edən Z. Səmədzadə dünyanın oyun qaydalarını unutmamağı vacib sayır: “Bəziləri hesab edir ki, əgər bu gün bizdə bank faizləri, mənfəət yüksəkdirsə, o halda niyə xaricdə aldığımız əmlakın gəliri aşağıdır?! Dərk etmirlər ki, inkişaf etmiş ölkələrdə mənfəət norması o qədər də yüksək deyil. Həmin ölkələrdə bank faizləri də aşağıdır. Bank faizləri 1 faiz, bəzən də 0,5 faiz, 0,2 faiz, yaxud 0,1 faizdir. Belə olan halda reallıqla hesablaşmaq lazımdır. Biz müqayisəli yanaşsaq və görsək ki, eyni ölkədə, eyni ərazidə yerləşən və istifadəyə, icarəyə verilmiş əmlakın gəlirliliyi bizimkindən çoxdursa, bu halda fikirləşmək olar. Yəni fikirləşmək olar ki, necə ola bilər ki, bir küçədə eyni tipli əmlaklardan biri 5 faiz, biri 3 faiz, biri 1 faizə icarəyə verilir.  Digər tərəfdən, Neft Fondunda olan vəsaitlərin dversifikasiyası, vəsaitlərin müxtəlif valyutalarda olması obyektiv zərurətdir. Biz Neft Fondunun vəsaitini təkcə ABŞ dollarında saxlamamalıyıq. Neft Fondunun vəsaitləri həm də avro, funt-sterliq, yuan və yendə də olmalıdır. Bu baxımdan arxayın danışa bilərik ki, bizim vəsaitlərdən istifadə çox yaxşıdır”. 
 
Yeri gəlmişkən, Şahmar Mövsümov Böyük Britaniyada Neft Fondu tərəfindən əmlaka yatırılmış investisiyaların gəlirliliyini açıqlayıb. Nəzərə çatdırıb ki, Fond 2012-ci ildə Londonun Seynt-Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektini satın alıb və onun gəlirliliyi investisiya ediləndən indiki dövrədək 4,4% təşkil edib. İcraçı direktor qeyd edib ki, Neft Fondunun illik əsasda təsdiqlənən İnvestisiya siyasəti hazırlanarkən qlobal iqtisadi trendlərin potensial təsirlərini özündə əks etdirən araşdırmalar ciddi şəkildə nəzərə alınır. Başqa sözlə, Fond uzunmüddətli investor kimi öz investisiya portfelinə yüksək gəlirliliyə malik aktivlər daxil etməklə bərabər, daim qlobal bazarlarda baş verən prosesləri izləyir və eyni zamanda investisiya portfelinin şaxələndirilməsi və qiymət dəyişkənliyi riskinin azaldılması prinsiplərini öz fəaliyyətində rəhbər tutur. Qlobal proseslərin investisiya portfelinə edə biləcəyi bütün mümkün təsirlər ARDNF tərəfindən atılan müvafiq taktiki addımlarda xüsusi olaraq nəzərə alınır. Məsələn, “Brexit” ilə əlaqədar danışıqlar 2016-cı ilin ortalarından davam edir, səsvermənin gözlənilməz nəticələrinin elan edilməsindən sonra bazarda baş verən volatillik fonunda müşahidə olunan dalğalanmalar kifayət qədər aşağıdır və ARDNF-in investisiya portfelinə əhəmiyyətli təsiri müşahidə olunmur. Digər tərəfdən, Fondun investisiya siyasətinə əsasən, Fondun ingilis funt sterlinqindəki aktivləri ümumi portfelin maksimum 5%-ni təşkil edə bilər.
 
Bu günə qədər Neft Fondunun vəsaitlərindən səmərəli istifadə olunduğunu vurğulayan Z. Səmədzadə isə bir məqamı da yaddan çıxarmamağı zəruri sayır: “Bütün bunlar Azərbaycan müstəqillik qazandıqdan sonra əldə olunub. Təbii ki, təkmilləşmələr ola bilər. Bəzən bizə təkliflər edilir ki, gələcəkdə Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkə daxilində investisiya kimi istifadə edilsin. Bu barədə də düşünmək olar. Mən hesab edirəm ki, nə qədər cəmiyyət inkişaf edir, bir o qədər təkmilləşmələrə ehtiyac var. Yaxşı fikirlər olsa, Neft Fondu da, Azərbaycan hökuməti də bu təkliflərdən istifadə edə bilər”.        
 
Qeyd: Yazı ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
 

LENT

19 May 2019

Digər xəbərlər >>>