Terror qurbanları yad edildi: "Məşədi Dadaş" icması yepiskopa başsağlığı verib

Aprelin 23-ü Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Həzrət Məryəmin Məsum Hamiləliyi Kilsəsinə gediblər.
 
Lent.az-a verilən məlumata görə, icma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd və bir olduğunu nümayiş etdiriblər.
 
Müsəlman gənclər kilsə önündəki Həzrət Məryəm heykəlinə güllər qoyub, kədər sözlərini yazıblar. 
 
İcma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, baş verən terror aktı yalnız xristianlara qarşı deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar, dinindən asılı olmayaraq bir birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhtət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Məscid nümayəndəsi deyib: "Dünyanın hər harasında bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücüm kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu hamımızın acısıdır".
 
Öz növbəsində Azərbaycan katolik icmasının rəhbəri yepiskop Vladimir Fedeke təşəbbüsə görə müsəlmanlara təşəkkür edib. Onun sözlərinə görə, bu cinayətin Tanrı adına edilməsi daha da acınacaqlıdır və müxtəlif din nümayəndələrinin birliyi olduqca mühümdür.
 
Sonda terror qurbanları bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına birgə dualar oxunub.
 
Qeyd edək ki, dünya katolikləri Pasxa bayramını qeyd etdiyi zaman Şri-Lankanın paytaxtı Kolombo şəhərində yerləşən üç kilsədə partlayış törədilib. 
 

LENT

23 May 2019

Digər xəbərlər >>>