“Özümü tualetə atıb boğulmaq yeganə xilas yolu idi...” – ƏSİR DÜŞƏRGƏSİ

Qarabağ müharibəsinin dəhşətlərini şahidlər Vüsalə Məmmədovaya danışır

 

“Əsir düşərgəsi”nin budəfəki qəhrəmanı 242 saylı orta məktəbin rus dili müəlliməsi Fazilə Hacıyevadır…

 

Əvvəli: I hissə

             II hissə

 

III hissə

 

- O biri qadınla necə davranırdılar?

 

- Onu çox incitmirdilər, çünki tabe olurdu…

 

- Ümumi halı necə idi?

 

- Heç nə olmamışdı. Jaketini qucağına basıb, ağlayırdı. Həm də o, mülkü paltarda idi. Nə silahdan istifadə etməyi bacarır, nə də can atırdı…

 

- Erməni dilini necə, bilirdi?

 

- Yox, bilmirdi. Biz Hadruta çatanda aşağıdan atışma səsi gəlirdi, başa düşdüm ki, artıq bizimkilər çatıblar… Biz də çatdıq Hadrutun girəcəyinə… Bura yaşayış məntəqəsi idi. Ermənilər qadınlı-kişili maşına hücum etdilər. Bir kişi maşına qalxıb, boynumun arxasından tutub necə vurdusa, yerimdə çevrildim… 2-3 dəqiqə belə döyüldüm… Maşını tez sürdülər ki, ola bilsin aşağıdakılar kəndi azad edib, Hadruta qədər irəliləsinlər…

 

Və gördüyü ilk əsir düşərgəsini təsvir edir:

 

- Yaşayış yeri deyildi, daha çox sexi xatırladırdı… İkimərtəbəli yer idi, danışıqlardan hiss edirdim ki, ikinci mərtəbədə qərargahları yerləşir. Onların rəhbər adlandırdıqları adam yuxarıdan düşüb gəlirdi. Sıravi olmayanlar da ora qalxıb-düşürdülər… Azərbaycanca təmiz danışan yerli ermənilər gəlib başlayırdılar ki, “Qarabağ bizimdir!” Mənən əzmək, psixoloji basqı…Və döyülmək…

 

- Döyərkən adətən nədən istifadə edirdilər?

 

- Heç nədən istifadə etmirdilər, ancaq yumruq, təpik və… qaldırıb, yerə çırpmaq… Vüsalə, qızım, qadını döymək asandır. Axı biz əlbəyaxa döyüş növlərini də bilmirik ki, bədəni möhkəmlədək, zərbələr qarşısında müvazinətimizi saxlayaq… Qadın bir şillədən, təpikdən yerə yıxıla bilir… Amma onu mütləq demək istəyirəm ki, zərbələr qarşısında nə qədər büdrəsəm, yıxılsam da, ağrı hiss etmirdim… Gərginlikdən idi…

 

- Burada necə, ikinizə də eyni yanaşırdılar?

 

- Ona bir neçə şillə vurur, məni isə möhkəm döyürdülər… Mən düşmən qarşısında özümü sındırmır, sakit dayanırdım. O isə yüksək səslə ağlayırdı. Ermənilər də bir neçə şillə vurub, “ağlayıb zəhləmizi tökmə”, deyirdilər. Onlar “biz sənin səsinə əsəbiləşirik, özün üçün səssiz ağla” deyəndən sonra isə o, ümumiyyətlə, bərkdən ağlamadı. Ermənilər də onu mənə göstərib deyirdilər ki, “ay fahişə, görürsən o qadın sakitcə oturub öz gününə ağlayır. Sən isə “sterva” fahişəsən! Bu günündə də gözündən yaş çıxmır, hələ bizimlə söz də güləşdirirsən! Niyə dillənmirsən?” Nə soruşurdularsa, Müşkünaz dərhal cavab verirdi. Mənim “bilmirəm” dediyim suallara da cavablandırırdı. Onlar da təsdiqini məndən istəyirdilər, görmədiyimi, xəbərim olmadığını deyirdim… Gizlətdiyimi başa düşüb, döyür, işgəncə verirdilər…

 

Yayda ermənilər kəndə hücum edəndə onlardan bir nəfər ağır yaralı biz tərəfdə qalmışdı, sonra vəfat etdi… Beş nəfərimizi öldürmüşdülər deyə biz də acıqlı idik… Bir oğlan gəlib həmin yaralını soruşdu, əmim oğludu, harada dəfn eləmisiniz, gedib çıxardıb, gətirmək istəyirəm dedi… Mən onun harada dəfn edildiyini də dəqiq bilir, amma susurdum. Susanda, “bilmirəm, görmədim” deyəndə də amansızlıqla döyürdülər. Əmisi oğlunu axtaran erməni məni yerdən qaldırıb divara çırpdı, yıxıldım, qaldırıb bir də… bir də çırpdı… Dayanmadan “meyit hardadır” deyə, soruşurdu… Sonra yerə atıb, təpiklədi… Bud hissəmdən təpikləyirdi, hətta əsirlikdən qayıdandan düz iki il sonra da orada düyünlər qalmışdı… Ağrısından o hissələrə toxuna bilmirdim…

 

- Yemək verirdilər?

 

- Su verirdilər, yanında da bir dilim çörək. Nə yeyirdim, nə də içirdim…

 

- Yalnız su və çörək? Başqa heç nə?

 

- Bir dəfə də suda bişmiş kartof verdilər. Yemədim, gətirib üstünə duz səpdilər ki, ye! Yenə yemədim və həmin erməni nəzarətçi dedi ki, özünü döydürtmə, nə verirlər ye, sizi axtarırlar, onsuz da dəyişdirəcəklər… Ləhcəsindən gördüm ki, nə Qarabağ ermənisidir, nə də Yerevan…

 

***

 

- Sən deyəsən yerli deyilsən. Hardan gəlmisən?

- Orta Asiyada yaşayırdım, indi gəlmişəm…

- Yəqin hələ acıqlı vaxtın deyil…

- …

Fazilənin fikirlərini gülüşü ilə təsdiqlədi…

- Niyə mənə yazığın gəlir?

- Çünki sən qadınsan!

- Onda sən ya məni güllələ, ya da avtomatını ver, özümü öldürüm…

- Özünü şikəst eləmə! Axtarışdasınız, onsuz da səni qaytaracaqlar…

 

***

 

- Düşündüm ki, yəqin mənə ümid verir…

 

- Nə marağı var idi ki, sizə ümid verirdi?

 

- Ola bilsin, içində hər şey ölməmişdi, düşünürdü ki, qadındır, günahı nədir ki?

 

- Orada elə ancaq döyüşçülər olurdu?

 

- Yox, bir dəfə də cavan gəlin gəldi…

 

***

 

- Ey, türk fahişəsi, bilirsən bu kimdir?

- Hardan bilim?

- Sənin ərinin öldürdüyü erməninin arvadıdır! Maşında səninlə gələn meyitin! Onun dörd körpəsi yetim qalıb. İndi o sənin gözünün içinə baxmağa gəlib! Əgər sənin az da olsa vicdanın varsa, xəcalət çəkəcəksən ki, ərin onun övladlarını yetim qoyub…

- Axı mənim ərim bulvarda gəzmir! O da ölüb… Mənim övladlarımın da ataları ölüb, anaları əsir götürülüb! Bəs mən sizin gözünüzün içinə baxanda xəcalət çəkirsiniz?!

 

***

 

- Bu dəfə daha böyük amansızlıqla döyüldüm… İtələyib yıxdılar, sonra isə dəstə ilə yığılıb təpiklədilər… Sonra qadın erməni dilində dedi ki, “istəyirəm onun başı ərimin məzarı üstündə kəsilsin! Yalnız o zaman mənim ürəyim sakitləşəcək!” Kişilər “baş üstə!” deyəndən sonra qadın üzümə tüpürüb, getdi… Səhər açıldı, günortaya yaxın gəlib əmr etdilər:

 

***

 

- Qalxın!

 

Müşkünaz burnunu çəkərək yerindən qalxdı. Fazilə isə “yəqin dünənki meyiti dəfn edirlər” düşünərək, dikəldi. Nəhayət, dünəndən gözlədiyi son yetişmişdi. Yaxınlıqdakı iki qadın bir-biri ilə ermənicə pıçıldaşırdı:

 

- Gərək bunu bir az adama oxşadaydıq, qurban olmaq üçün gözəl deyil!

- Hə, elə bil vəhşidir! İnsandan çox heyvana oxşayır! Ayağının ayaqqabısı da yoxdur…

 

Əsirlikdə olduğu gün yarım ərzində Fazilə ilk dəfə başını aşağı salıb, ayaqlarına baxdı… İlahi! Ayaqyalın idi! Yun kolqotkası yanıb, baldırına yapışmış, açıq topuqlarında palçıq, qan və ət bir-birinə qarışmışdı… və ən dəhşətlisi o idi ki, Fazilə heç nə hiss etmirdi! Ümumiyyətlə, bədənini hiss etmirdi… Ancaq ətrafda baş verənləri anlayırdı. Qadın istehza edirdi:

 

- Türkün canı cəhənnəmə! Bundan da pis günə qalsın! Türk fahişəsini nə qədər bəzəsən də, bundan artıq olası deyil!

 

Saat təxminən 11-12 radələrində onları həbsxana maşınına mindirib, yola düşdülər. Yol boyu Fazilə susur, Müşkünaz için-için ağlayır, onlara nəzarət edən iki nəfər erməni isə mübahisə edirdilər:

 

- Biz bu murdar türklərlə nə qədər bir yerdə gedəcəyik? Gəl, ikisini də öldürək!

- Mən xeyli türk öldürmüşəm, siyahım genişdir! – sürücü cavab verdi: - Səndə isə azdır! Sən öldür ki, sənin aktivinə yazılsın…

- Əla jestdir! Bunu unutmayacağam! Çox sağ ol!

- Amma bax ha, qanları ilə maşını murdarlayacaqlar! Sonra təmizləyəcəksən?

- Ə yox bir! Kimdir maşını təmizləyən?!

- Onda yaxşısı budur qapını aç, “atıl” əmri ver, ya da özün itələ! Sonra da vur…

- Sən nə danışırsan? Kolonu aparan ruslardır! Özləri tapşırıb ki, içəridə nə istəyirsiniz edin, amma yolda, görünən yerdə heç nə etməyin! Kimsə bilməməlidir ki, rus maşınında girov var!

 

***

 

- O vaxt Mardakert idi…

 

- Ağdərə…

 

- Bəli. Bizi ora gətirdilər. Kəndin kənarında bir otaq idi… O vaxtlar kəndlərdə üstündə oturmaq üçün taxt düzəldirdilər…

 

- Taxtadan… Üstünə də mütəkkələr, döşəkçələr düzürdülər?

 

- Hə, hə, bax, ondan! Otaqda bir o taxtdan, bir də böyük stoldan başqa heç nə yox idi! Ümumiyyətlə, yaşayış yeri deyildi… Mən tez-tez tualetə getmək istədiyimi deyirdim… Onlar da əsəbiləşirdilər ki, bu yemir, içmir, elə hey tualetə getmək istəyir…

 

- İcazə verirdilər?

 

- Nəzarətlə aparırdılar…

 

***

 

Nəzarət altında olsa da evdən çıxarılıb həyətə tualetə aparılan Fazilə yeganə çıxış yolunu tualetlə ev arasında olan məsafədə intihar üçün vasitələr axtarırdı. Kənarda qayalıq var idi, ancaq neçə metr qaçıb özünü ata bilərdi. Bunu əvvəllər yoxlamışdı, ancaq dörd-beş metr uzaqlaşmağa imkan vermişdilər… İntihar üçün elə bir yer seçməli idi ki, son nəfəsinə mane olan olmasın…

 

Arxasınca tualetin qapısını örtəndə yeganə çıxış yolunun məhz bura olduğu qərarına gəldi… İndi darısqal, taxta tualetin ortasındakı kiçik dəlikdən nəcislə dolu quyuya atılıb boğulmaq Fazilənin yeganə çıxış yolu idi…

 

(Davamı olacaq)

 

IV hissədə:

 

- Çimsin! İt günündədir!

- Yox…!

- Səni belə heç kimə verə bilmərik!

- Kimə… verirsiniz… ki…?

 

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>