Binədə avtobusu qatara çırpan sürücü danışdı: "Sağımı görmədim, çünki…"

Binədə qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək cinayət işində az ağır xəsarət alan şəxslərin bir çoxunun zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilməsini tələb edib. 
 
 
Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. 
 
Vəsatət baxılmamış saxlanılıb. 
 
Məhkəmə istintaqı açıq elan edilib.  Prokuror ittiham aktını elan edib. 
 
İttihama münasibət bildirən sürücü Ə.Şirəliyev qismən özünü təqsirli bilib və zərərçəkənlərin verdiyi mülki iddianı qəbul etməyib. 
 
Dispetçer Mübariz Fərəcov isə ittiham üzrə özünü günahkar bilmir.  O da mülki iddianı qəbul etmir. 
 
Məhkəmədə sərbəst ifadə verən Ə.Şirəliyev qeyd edib ki, 160 nömrəli avtobusda bir neçə ildir çalışır:
 
"Səhər saat 4-də yuxudan durub, 5-in yarısı reysə çıxırdıq.  Hadisə olan gün iş günüm deyildi. Günortaya yaxın çölə çıxdım. Elşən adlı sürücü tanışım dedi ki, özümü yaxşı hiss eləmirəm. Onun yerinə 1-2 reys işə çıxdım. Avtobusu götürən zaman dispetçer Mübariz məni yoxladı, içkili olub-olmadığımı yoxladı. Heç bir problem olmadı. Binəyə gəldim. Adamları götürdüm. Dəmiryoluna çatanda şlaqbaun açıq idi. Qatarı isə görmürdüm. Avtobus qatara dəyəndə hiss elədim".
 
Sürücü deyir ki, hadisə zamanı qolu sınıb:
 
"Hadisə olan kimi camaatı düşürməyə başladım. Yolun kənarında duranlar da yardım etdi. Ən axırıncı mən düşdüm. Sonra ordakı polislə xəstanaya getdik".
 
Prokuror bildirib ki, ekspertizanın rəyinə əsasən, hadisə günü təqsirləndirilənin bədənində bəzi maddələr aşkarlanıb. Ekspertiza rəy verib ki, Ə.Şirəliyev hadisə günü onda kəsin intoksikasiya yaradan preparat qəbul edib. 
 
Suallara cavab verən təqsirləndirilən qeyd edib ki, hadisə zamanı qarşısını görsə də, adam çox olduğundan sağ tərəfini görməyib. 
 
Məhkəmədə məlum olub ki, sürücü Ə.Şirəliyev yol-nəqliyyat hadisəsi ilə bağlı daha əvvəllər də məsuliyyətə cəlb edilib.
 
Digər təqsirləndirilən dispetçer Mübariz Fərəcov isə səhhətində problem olduğundan ifadə vermək üçün məhkəmədən vaxt istəyib. 
 
Proses aprelin 30-da davam edəcək. 
 
Xatırladaq ki, "Azərbaycan Dəmiryolu Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib.
 
QSC təqsirləndirilən şəxsdən dəymiş zərər olaraq 53 min manatlıq mülki iddia qaldırıb.
 
Qeyd edilib ki, ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra M.Fərəcov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
Cinayət işində 38 zərərçəkmiş var.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>