Milli yeməklərimizin MAKETLƏRİ - rəssam Mənsur Əzizlinin YENİ ÜSLUBU - FOTO

Şəkinin tanınmış rəssamlarından olan Mənsur Əzizli yaradıcılığında daim yeniliklər etməyə, yeni üslublar axtarıb tapmağa can atır. Rəssam bu dəfə Azərbaycanın milli yeməklərinin maketlərini hazırlamaqla diqqəti özünə cəlb edib. Mulyaj üsulu (hər hansı bir əşyanın gips, mum və digər materiallar vasitəsilə dəqiq surətinin çıxarılması) ilə hazırlanan bu xörək və şirniyyat nümunələri görənlər tərəfindən böyük maraqla qarşılanır. Hazırda Şəki şəhərindəki “Sənətkarlar evi”nin otaqlarından birində rəssamın hazırladığı milli mətbəximizə aid yüzdən çox milli xörək və şirniyyat nümunəsinin maketi nümayiş etdirilir.
 
 
Rəssamın bildirdiyinə görə, bu ideya onda 7-8 il əvvəl yaransa da, yalnız ötən ildən arzusunu gerçəkləşdirməyə başlayıb: “Hər dəfə telekanallarda yayımlanan “mətbəx” verilişlərinə baxanda düşünürdüm ki, Şəkiyə gələn yerli və xarici turistlərə milli mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək üçün nə edə bilərəm? Çünki, turistlər Şəkidə olduqları qısa müddət ərzində milli yeməklərimizdən yalnız piti, plov və dolma ilə, şirniyyatlardan isə əsasən Şəki halvası ilə maraqlanırlar. Turistlərə milli mətbəximizin zənginliyini tam şəkildə göstərmək mümkün olmur. Bir dəfə yerli halva sexlərindən biri mənə mağazanın vitrininə qoymaq, həmçinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Xalq Tətbiri Sənəti Muzeyində daimi nümayiş etdirmək üçün Şəki halvasının maketini hazırlamağı sifariş verdi. İş uğurlu alındı və qərara gəldim ki, milli mətbəximizin ən ləziz təamlarını bu üslubda hazırlayım”.
 
 
Bu işdə ən vacibi odur ki, hazırladığın nümunə yeməyin tam oxşarı olsun. Rəssam bu nümunələri hazırlayarkən əsasən, müxtəlif yapışqan növlərindən, gips, penoplast (çoxlu məsamələri olan plastik kütlə), silikon və digər materiallardan istifadə edir. Həqiqətən də, Mənsur Əzizlinin hazırladığı milli xörək və şirniyyat nümunələrinin maketləri orijinallığı ilə seçilir, əsil yeməklərdən heç nə ilə fərqlənmir.
 
 
Rəssamın sözlərinə görə, “Sənətkarlar evi”nə gələn yerli və xarici turistlər bu əl işinə çox böyük maraq göstərirlər. Maketlərin sərgiləndiyi otağa daxil olan turistlərə əvvəl elə gəlir ki, bura hansısa iaşə obyekti, restorandır. Hiss edəndə ki, bunlar əsil xörək, şirniyyat deyil, yalnız maketləridir, çox təəccüblənirlər. Turistlər daha çox piti və şirniyyat nümunələri ilə maraqlanırlar. Ona görə də rəssam Şəkinin ən məşhur yeməyi sayılan pitinin bişirilmə texnologiyasını göstərmək üçün piti dopusunun bir hissəsini kəsib ki, qabın içərisinə tökülən ət, noxud və digər məhsullar görünsün. “Təndiri, manqalı, kürəni düzəltməkdə isə əsas məqsədim odur ki, turistlərə çörəyin, kababın necə bişirildiyini, qədimdə xörəklərin kürənin üzərində necə hazırlandığını əyani şəkildə göstərim. Təndirin içərisindəki közərmiş odun kömürünü hazırlayarkən işıq effektlərindən istifadə etmişəm”, - deyə rəssam bildirib.
 
 
Həmsöhbətimiz milli mətbəx nümunələrini satmaq üçün deyil, nümayiş etdirmək üçün hazırlayır: “Əsas məqsədim milli yeməklərimizi daha geniş şəkildə təbliğ etmək, xarici ölkələrdən gələn turistlərə Azərbaycan mətbəxini tanıtdırmaqdır. Sərgi ilə tanış olan xarici turistlər milli mətbəximizin zənginliyini bir daha öz gözləri ilə görür, məlumat əldə edirlər”.
 
 
Rəssam Mənsur Əzizli 1964-cü ildə Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra paytaxtdakı rəssamlıq məktəblərindən birində dekor rəssamı ixtisası üzrə təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Mənsur Əzizli əsasən rəngkarlıq sahəsində fəaliyyət göstərir. 2011-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dekor rəssamı işində çalışan rəssam teatrda səhnələşdirilən bütün tamaşaların səhnə tərtibatında, həmçinin doğma şəhərinin yaradıcılıq həyatında yaxından iştirak edir.
 
 
Mənsur Əzizlinin ən böyük uğurlarından biri, şübhəsiz ki, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəkidə təşkil edilən XVII “TÜRKSOY – Rəssamlar görüşü” zamanı çəkdiyi “TÜRKSOY birliyi Şəkidə” adlı tablosunun müsabiqənin qalibi elan olunaraq, beynəlxalq təşkilatın xüsusi mükafatına layiq görülməsidir. Mükafatı rəssama TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.

LENT

19 Aprel 2019

Digər xəbərlər >>>