Rüşvətə görə tutulan polisin məhkəməsində: "Borc edib pul verdik ki..."

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən zərərçəkmiş Elvar Xəlilovun bacısı Təzəgül Xəlilova deyib ki, qardaşına görə Z.Məmmədovla görüşüb: "Borc edib Zakirə pulu verdik ki, qardaşımın işini həll etsin. Amma Zakir Məmmədov verdiyi vədə əməl etmədi".
 
Z.Məmmədov isə bildirib ki, o, sadəcə olaraq, T.Xəlilovanı müstəntiqi Vüqar Abbasovla görüşdürüb.
 
T.Xəlilova isə qeyd edib ki, Z.Məmmədovla görüşü məhz bu işin həlli ilə bağlı olub və pulu da həmin məqsədlə verib.
 
Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.
 
Proses aprelin 22-də davam edəcək. 
 
Qeyd edək ki,  Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.
 
Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.
 
E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.
 
Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

LENT

19 Aprel 2019

Digər xəbərlər >>>