OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər

OPEK+ ölkələri nazirlərinin aprel ayına nəzərdə tutulmuş görüşü təxirə salına bilər.
 
Lent.az Trend-ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, bu gün Bakıda keçirilmiş görüşdə vacib məsələlər müzakirə edilib:
 
“Ona görə də aprel ayında görüşün keçirilməsində məna görmürəm”.
 
O əlavə edib ki, görüş may ayına keçirilə bilər.
 
Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.
 
İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>