Başına lift düşən xadimənin işi ilə bağlı tutulan şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda lift qəzasında təqsirləndirilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
ONA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən hökm oxunub. Hökmə əsasən, S.Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ç.Şıxəliyev barəsində isə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib.
 
Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Rayon prokurorluğunun və rayon Polis idarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb. İstintaq orqanları tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.

LENT

22 Aprel 2019

Digər xəbərlər >>>