Sizin link burada

Virtual terrorun görünən üzü – ARAŞDIRMA

İyulun 3-də sui-qəsd nəticəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yaralandı, bir həftə sonra isə İcra Hakimiyyətinin binası qarşısında bir qrup radikal şəxs iğtişaş törətməyə çalışdı, yüksək rütbəli iki polis əməkdaşı qətlə yetirildi. Bu dövrdə diqqət çəkən məqamlardan biri xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, “Facebook” sosial şəbəkəsindəki müəyyən qrupların aktivliyi göz önündə idi.

 

 

Cənub küləyi…

 

 

 

“Arannews.com”, “hedef14.org”, “nuraz.com”, “abna.com”, “qafqaz.ir”, “rasthaber.com” və digər bu kimi saytlarında dərc olunan materiallar bu baxımdan diqqət çəkirdi. Ancaq apardığımız monitorinq zamanı aydın olur ki, bu saytların bir qismində artıq Azərbaycanda vətəndaş qarşıdurması alovlandırmağa yönələn, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edən materiallar demək olar ki, çıxarılıb. Ancaq “izlər”i tam silmək mümkün olmayıb.  Məsələn, “arannews.com” saytında bu səpkili bəzi yazılar qalmaqdadır. Bu və digər saytlarda Gəncə şəhər İcra Hakimiyyətinə başçısına atəş açan Yunis Səfərovun hərəkətinin təbliği diqqətdən kənarda qalmır, hansısa vəkilin, hüquq müdafiəçinin onu müdafiə etməyə hazır olduğu barədə xəbərlər yer alır. Sayt ümumilikdə qonşu dövlətin dini rəhbərlərinin, bu dövlətin xarici siyasətinin təbliği ilə məşğul olur.

 

 

Eyni məqsəd və missiya “hedef14.org” saytında da aydın görünür. Bu saytın xanım əməkdaşı Gəncədə iğtişaş və polis əməkdaşlarının qətlə yetirilməsi zamanı hazırladığı və sürətlə sosial şəbəkələrdə yayılan videomaterialı ilə yadda qalıb. Ancaq artıq bu saytda bu hadisə ilə bağlı bir məlumata belə rast gəlmək mümkün deyil, yalnız dövlət orqanlarının yaydığı rəsmi məlumat tapmaq olar. Ancaq saytda indi də Gəncəyə “xüsusi diqqət” nəzərdən qaçmır. Məsələn, bu günlərdə başqa bir motivlə əlaqədar Gəncə əsilli şəxsin həbsi “inanclı şəxsin həbsi” kimi təqdim edilir.

 

 

Eyni müşahidəni "facebook" sosial şəbəkəsində də aparmaq olar. Hadisə baş verən kimi ortaya çıxan və daha çox qızışdırıcı məlumatlar yayan səhifə və profillər artıq "buxarlanıb".

 

 

Necə mübarizə aparmalı?

 

 

“Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu APA-ya açıqlamasında bildirib ki, son hadisələr zamanı bütün saytları izləmək imkanı olmasa da, hər zaman onun da əleyhinə materiallar dərc edən “nuraz.com” saytına diqqət yetirib: : “Bu saytın əməkdaşları İranın Qum şəhərində təhsil alan azərbaycanlılardır. Məsələn, mənim İran səfirliyi ilə normal münasibətlərim var, ancaq başqa qüvvələrin təsiri ilə daim mənim, qəzetimizin, Azərbaycanın əleyhinə materiallar yayırlar. Son hadisələr zamanı da belə oldu. Hesab edirəm ki, dövlət bu KİV-lərin Azərbaycanda yayımının qarşısını almalıdır. O cümlədən böhtan, təxribat xarakterli məlumatlar faktlarla dərhal təkzib olunmalı, yalanlanmalıdır. Onu da deyim ki, xüsusən Gəncə olaylarında, Azərbaycanda son günlər baş verən proseslərdə xarici faktorların rolu daxili faktorların rolundan dəfələrlə çoxdur”.

 

 

 

“APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı deyir ki, son dövrlər baş verən hadisələr, yəni həm yaranmış enerji fasiləsi, daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd və polis zabitlərinin qətlə yetirilməsi zamanı ümumilikdə Azərbaycan mediası özünü kifayət qədər təmkinli aparıb, yaxşı informasiya təminatı ilə məşğul olub: “Bu hadisələri törədənlər daha çox hadisələrin əhali arasında ciddi təşvişə səbəb olmasını gözləyirdilər. Amma medianın bu dövrdə çox təmkinli şəkildə informasiya təminatını həyata keçirməsi buna imkan vermədi.  Burada mühüm məqamlardan biri odur ki, son hər 3 hadisədə rəsmilər açıqlamalar verdilər, media ilə əlaqəli işləndi və nəticədə informasiya təminatı oldu. Xəbərin nədən ibarət olduğunu, həqiqəti biləndə medianın onu yayması da daha asan olur. Xüsusən son hadisə zaman iki polis əməkdaşının qətlə yetirilməsindən sonra sosial şəbəkələr həm də ictimai rəyin bir göstəricisi oldu. Sosial şəbəkələrdə siyasi baxışından, hakimiyyətə, dinə münasibətindən asılı olmayaraq hər kəs hadisəni lənətlədi, pislədi. Bu hadisəni törədənlər, bu hadisələr nəticəsində ölkəni qarışdırmaq istəyənlər xaricdəki müəyyən qruplar da başa düşdü ki, Azərbaycanda belə bir mühit yoxdur. Başqa sözlə, sosial şəbəkələr həm də Azərbaycanda belə bir mühitin olmadığını ortaya qoydu. Bu baxımdan sosial şəbəkələr yaxşı bir vasitə oldu. Lakin həm enerji böhranı, xüsusilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsddən sonra xüsusi mərkəzləşmiş və əvvəlcədən hazırlanmış bəzi sosial şəbəkə istifadəçiləri və saytlar diqqət çəkdi. Bu saytlar daha çox bizim qonşu ölkələrin təsir dairəsində olan media qurumlarıdır. Onların apardığı xəbər siyasətinə baxanda bunu demək olur. Həm bu media qurumlarında, həm də həmin media orqanlarının əməkdaşlarının sosial şəbəkələrdəki səhifələrində xüsusən Elmar Vəliyevə qarşı sui-qəsd edən şəxsi qəhrəmanlaşdırmaq, ondan qəhrəman düzəltmək cəhdi aydın görünürdü. Eyni zamanda İcra Hakimiyyətinin başçısının çox mənfi, dinə qarşı, mental dəyələrə zidd obrazını formalaşdırmaq üçün bir prosesə başladılar”.

 

 

V. Mahirqızı deyir ki, həmin proses o qədər sistemli aparılırdı ki, bunun əvvəlcədən hazırlandığına heç bir şübhə yox idi: “Məsələn, adi bir detalı nəzərə çatdırmaq istəyirəm. Gəncə şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd edən Yunis Səfərovun adı hələ yeni açıqlanmışdı, onun bioqrafiyası ilə bağlı ətraflı heç bir məlumat yox idi. Lakin artıq həmin səhifələri və profilləri Yunis Səfərovun üzərinə "milli qəhrəman" yazılaraq hazırlanmış şəkilləri bəzəyirdi. Şəkilləri artıq bu media orqanlarında idi. Yaxud səhər Yunis Səfərovun təcridxanadan olan şəklinin yayılmasını da qeyd etmək olar. Bu hadisələrin hamısı onu göstərdi ki, bu proses sistemləşdirilib. Əlbəttə, xüsusən polis zabitlərinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə və mediada buna qarşı ciddi bir qınaq oldu.  Budan sonra biz aparılan monitorinqdə görürük ki, sosial şəbəkələrdəki o profillərin çoxu qapadıldı, saytlardan da o xəbərlərin çoxu silindi. Amma “Google”-də axtarış zamanı həmin xəbərləri tapmaq olur, lakin onların linklərinə daxil olanda saytda xəbər tapılmır”.

 

 

“APA-Holdinq”in prezidenti hesab edir ki, bu kimi hallara qarşı mübarizədə ictimai qınaq öz işini görməlidir və bu işi gördü: “Amma ölkə daxilində iğtişaş, panika yaratmaq, ölkə əhalisini təşvişə salmaq, bilərəkdən ictimai sabitliyə zərər vurulması məsələləri hüquq, qanun müstəvisində araşdırılmalıdır. Hüquq-mühafizə orqanları bununla bağlı mütləq ölçü götürməli, cinayət işi açılmalıdır. Eyni zamanda media və sosial şəbəkələr vasitəsi ilə mütləq maarifləndirmə işi aparılmalıdır. Maarifləndirmə işi necə olmalıdır? Sosial şəbəkələrdən istifadənin öz qaydaları var. Sosial şəbəkələrdən istifadə edən insanlar anlamalıdırlar ki, onlar artıq virutal bir cəmiyyətdədirlər. İnsanlar anlamalıdırlar ki, real həyatda küçədə iğtişaşa çağırış, xuliqanlıq edən, söyüş söyən, təhqir edən, böhtan atan zamanı necə məsuliyyətdən yaxa qurtara bilmirlərsə, qanun qarşısında cavab verirlərsə, eynilə virutal cəmiyyət arasında da elədikləri hərəkə görə məsuliyyət daşıyırlar. O cəmiyyətə münasibətdə söyüş, təhqir, yalan informasiya vermək, çaşqınlıq yaratmaq, Azərbaycan Konstitusiyası və qanunlarının qadağan etdiyi əməllər etmək olmaz. Bu əməlləri edərkən bunun qarşılıqlı qanuni məsuliyyəti var. Yəni “bu, internetdir” deyərək hər şey edə bilməzsən. Siz kompüterə yazmırsınız, kompüterdən o tərəfdəki cəmiyyət üçün yazırsınız. Bax bu istiqamətdə maarifləndirmə işi aparmaq lazımdır. Sosial şəbəkələrdə ictimai qınaq da bu istiqamətdə olmalıdır. Eyni zamanda cəmiyyətdə həm QHT-lərin, həm medianın, həm ziyalıların aparacağı maarifləndirmə bu istiqamətdə olmalıdır”.

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>