Sizin link burada

“Naxçıvanın ayaqda durması üçün hər cür dəstəyə hazırıq" - Türkiyə səfiri - MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın APA-ya müsahibəsi

 

- 15 iyul hadisələrindən artıq 2 il ötür. Sizcə, bu hadisələr niyə yaşandı və nələri ortaya çıxartdı?

 

- 15 iyul Türkiyədə hakimiyyəti ələ keçirmək üçün uzun illərdir fəaliyyət göstərən və hiylə yolu ilə hazırlıqlar görən, bu məqsədə yönəlmiş işlər planlaşdıran bir təşkilatın 2016-cı ildə hakimiyyəti tamamilə ələ keçirmək arzusuna gəldiyi bir dönüş nöqtəsidir. Əslində 15 iyul böyük bir buz dağının görünən üzüdür. Türkiyə millətinin sayəsində 15 iyulda yaşanmış çevrilişin qarşısı alındı. Çevrilişə gəlincə, bunun arxasında 40 ildir bu yöndə işlər görüldüyü anlamaq olar. Burda dövlətin içinə sızaraq dövləti ələ keçirmək istəyən terror təşkilatından söhbət gedir. Bu məqsədinə çatmaq üçün hər cür imkandan istifadə edərək insanların dini duyğuları və xoş niyyətlərindən sui-istifadə edən bir təşkilatdır.

 

"Şükür olsun ki, bu dərdi həll etdik. Bu gün də bu işdə məsuliyyətli olan şəxslərin cəzalandırılması üçün hüquqi bir proses davam edir"

 

Onların etdikləri sadəcə çevrilişlə yekunlaşmır. Türkiyə Silahlı Qüvvələri, polis, təhlükəsizlik orqanları, bir sözlə, mühüm bildikləri bütün xarici, daxili qurumlarda öz adamlarını yerləşdirmişdilər. Bu yolla həmin qurumları ələ keçirib və nəhayət, 15 iyulda dövləti bütünlüklə ələ keçirmək üçün cəhd ediblər. Bu gün gəldiyimiz nöqtədə təşkilatın bütün fəaliyyətini daha yaxşı anlayırıq. 40 il boyunca fəaliyyətlərini xeyriyyə, təhsil işləri ilə ört-basdır etməyə çalışıblar. Ancaq 15 iyuldan etibarən gizlədilməyəcək bir həddə çatıb. Həmin günlərdə Türkiyə xalqının böyük qəhrəmanlığının şahidi olduq. Şükür olsun ki, bu dərdi həll etdik. Bu gün də bu işdə məsuliyyətli olan şəxslərin cəzalandırılması üçün hüquqi bir proses davam edir.

 

- Türkiyədə terrorla mübarizə necə aparılır? FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini necə qiymətləndirirsiniz?

 

- Türkiyə uzun zamandır ki, İŞİD, FETÖ, PKK kimi terror təşkilatları ilə mübarizə aparan bir ölkədir.

 

"15 iyul gecə Azərbaycan xalqının bir qismi səfirliyimizin önünə gələrək bizə dəstək ifadə etmişdilər. Bu dəstək bu gün də eyni şəkildə, eyni qətiyyətlə davam etməkdədir"

 

Türkiyə hüquqi dövlət olduğu üçün hüquqa uyğun olaraq da terrorla mübarizə aparılır. Terroristin layiq olduğu onun ən sərt şəkildə cəzalandırılmasıdır.  Terror birbaşa millətin varlığına qəsd edən çox böyük bir cinayətdir. Silahlı qüvvələrimiz, polis heyətimiz tərəfindən gərək olarsa, silahlı münaqişə ya da hüquqi araşdırma yolu ilə lazımi tədbirlər görməklə terrorla mübarizəni davam etdiririk.

 

Azərbaycan FETÖ  ilə mübarizədə bizə ən çox dəstək olan ölkələrin önündə gəlir. Bunu iki gün əvvəl Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi və buna görə prezident İlham Əliyevə təşəkkür etdi. Azərbaycan FETÖ ilə mübarizədə biz istəmədən özü hərəkət edərək digər ölkələrə nümunə olan bir ölkədir. Azərbaycan hökumətinə dəstəyə görə təşəkkür etmək istəyirəm. 15 iyul gecə Azərbaycan xalqının bir qismi səfirliyimizin önünə gələrək bizə dəstək ifadə etmişdilər. Bu dəstək bu gün də eyni şəkildə, eyni qətiyyətlə davam etməkdədir.

 

- Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı nə yenilik var?

 

- Bildiyiniz kimi, Amerikadan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı rəsmi tələbimiz var. Bu məsələ ilə bağlı danışıqlar davam edir. Bu gün ABŞ-dan bir nümayəndə heyəti Türkiyəyə gələcək və keçirilən görüşlərdə məsələ ətrafında müzakirələr davam etdiriləcək. Ümid edirəm ki, ən yaxın zamanda bu məsələ ilə bağlı müsbət nəticə əldə olunacaq.

 

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında qeyd etdi ki, FETÖ ilə mübarizədə Türkiyənin Maarif Vəqfi və Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata keçirəcəyi fəaliyyətlə buradakı boşluğu aradan qaldırmaq imkanı əldə ediləcək. Bu istiqamətdə hansı işlər görülməsi planlaşdırılır?

 

- Bildiyiniz kimi, Azərbaycanda FETÖ ilə əlaqəli bir neçə təhsil müəssisələri bağlandı və onların yerinə tövsiyə yolu ilə başqa bir məktəb yaradıldı. Bu yaxınlarda FETÖ ilə əlaqəli olduğu söylənən “İstək” liseyinin də bağlanması xəbərini oxudum. Təsisçisi maliyyə səbəbi ilə bağlı fəaliyyətini dayandırmasına dair müraciət etmişdi. Təbii ki, bütün bu məsələlər Azərbaycanın qərar verəcəyi məsələlərdir.

 

"Naxçıvan bizim üçün vacib bölgədir. Naxçıvanın ayaqda dura bilməsi üçün hər cür dəstək verməyə hazırıq"

 

Biz sadəcə, ortaya çıxan bilən çatışmazlıqların həlli üçün Azərbaycana nə cür kömək edə biləcəyimiz və hansı şəkildə dəstək olacağımızı müəyyən edib, ona uyğun addımlar atmağı planlaşdırırıq. Bu işdə Azərbaycanın ehtiyac duyduğu hər cür dəstəyi verməyə hazırıq.

 

- Türkiyə prezidentinin sözlərinə görə, Naxçıvan əhalisi xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdəki müalicə ocaqlarında, dövlət xəstəxanalarında səhiyyə xidmətindən yararlana biləcək. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz? Onlara hansı güzəştlər ediləcək?

 

- Naxçıvan bizim üçün vacib bölgədir. Naxçıvanın ayaqda dura bilməsi üçün hər cür dəstək verməyə hazırıq. Bu məsələdə atılacaq addımlardan biri bu söylədiyinizdir.  Səhiyyə sahəsində Naxçıvanlıların Türkiyə səhiyyə orqanlarından yararlanması mümkün olacaq. Bununla bağlı danışıqlar davam edir. Ümumi hədəf bəllidir. Çərçivələr müəyyən edilib, bir layihə şəkilində hazırlanacaq və ona uyğun iş görüləcək.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>