Sizin link burada

“Dövlətin ən prinsipial, Qanunun ən sərt üzüylə...” – Vüsalə Mahirqızı yazır

"APA Holdinq"in prezidenti Vüsalə Mahqirızı öz facebook hesabında Gəncədə baş vermiş iğtişaşlara münasibət bildirən status paylaşıb. Lent.az həmin yazını təqdim edir.

 

Gəncədə olanlara emosional yanaşmanın tərəfdarı deyiləm. Baş verənlərin təhlili, bu hadisəyə gətirən səbəblər barədə ətraflı müzakirələr və təbii ki, xüsusi xidmət, hüquq-mühafizə orqanlarının qəti addımları olmalıdır. 

Gəncənin icra başçısına güllə atılması, iki polis zabitinin 10-15 əsr əvvəlin qaydaları ilə qətlə yetirilməsi bağışlanmazdır. Bu hadisələrin baş verməsi üçün münbit şəraitin yaranmasında məmur laqeydliyinin, işdə yaranmış nöqsanların rolu varmı? Əlbəttə, var!  Bunu heç kim inkar eləmir, ölkədə enerji sahəsində baş vermiş qəza fürsət oldu, hadisələrin baş verdiyi şəhərin seçilməsi də təsadüfi deyil. 

Məsələnin mahiyyətində dayanan amil isə budur: Bu ölkədə bir qəzanı, yarana biləcək problemi fürsət bilən, bundan yararlanıb dövlətə, ölkənin milli maraqlarına zərbə vurmaq üçün saxlanılan hücrələr var. Və ən əsası, o hücrələrə zəif nöqtələr təhlil olunaraq, komanda verilir. Əsas təhlükə budur! 

Hələ Gəncə icra başçısı Elmar Vəliyevə güllə atılanda məsələnin, ümumiyyətlə, sosial narazılıq olmadığı ortada idi. Amma plan yaxşı hazırlanmışdı, dərhal sosial şəbəkələrdə "qəhrəman" elan edilən Yunis Səfərovun icra başçısını "hamilə bacısını təhqir etdiyi üçün" vurması barədə əfsanələr tirajlanmağa başladı. Çünki həssas nöqtə idi, mental dəyərlər, Azərbaycan adət-ənənəsi bir qadını təhqir etməyi nəinki qəbul edir, hətta bağışlamır. İcra başçısının şəxsi keyfiyyəti barədə narazılıq notları yaymaqla, bilərəkdən onun müdafiəsini çətinləşdirən arqumentləri çoxaltmağa başladılar.  Hadisənin üstündən bir-iki saat keçməmiş Yunis Səfərovun şəkli artıq sosial şəbəkələrdə yayılırdı. 

Səbrlə araşdırdıq, məlum oldu ki, Y. Səfərovun ailə üzvləri, ümumiyyətlə , Gəncədə yaşamır. Yunis Moskvada böyüyüb, orda oxuyub, anası indi də orda yaşayır, işləyir, ikinci həyat yoldaşı isə rus millətindən olan şəxsdir. Bacısı Yunanıstanda yaşayır, Yunisin həyat yoldaşı və iki övladı da Moskvada yaşayır, yüksək təminatlı ailənin üzvüdür. Sadaladığım faktlar bir daha göstərir ki, heç də mental dəyərə önəm verəcək mühitdə böyüməyib, belə bir asılılığı yoxdu.

Bundan sonra Yunisin həyat yoldaşının, anasının açıqlaması başladı, dərhal Avropadakı məlum qrupun Yunisin ailə üzvləri ilə təması yarandı. 

Hadisə böyük qəzəbə, xaosa hesablanmışdı, baş vermədiyini görəndə aksiya təyin edildi. Kimlər təyin etdi bu aksiyanı? Necə meydana çıxdı bu adamlar? Necə silahlandılar lomla, kəsici alətlərlə? Suallar çoxdu, adamın beynini deşəcək qədər çoxdu. 

Amma bu sualların tapılan və ya tapılmayan cavabı belə bir həqiqəti dəyişmir. O bıçaq iki polis zabitinin kürəyinə yox, Azərbaycanın kürəyinə saplanmaq üçün qaldırılıb. Hücrəçiləri bu ölkədə vətəndaş qarşıdurması yaratmaq, sabitlik və suverenliyə, dünyəviliyə bıçaq vurmaq üçün hinlərindən çıxarıblar. 

Bu əlibıçaqlıların dinə, islama, dindara, Gəncəyə, gəncəlilərə heç bir dəxli yoxdu. O zaman "niyə məhz Gəncə?" sualının cavabı qədər də açıq heç nə yoxdur. Yəqin ki, mesajı xalq da aldı, hakimiyyət də. Bu ölkənin sabitliyinin, sözün həqiqi mənasında, hər kəslə bərabər danışa biləcək gücdə olan Müstəqilliyinin yolu Gəncədən başlayıb çünki. Bax, buna görə yer simvolik olaraq Gəncədir. Amma o bıçaq Azərbaycanın milli maraqlarına, müstəqillik və suverenliyinə tuşlanıb. 

Hər zaman dediyimi, yazdığımı yenə deyirəm. Təhsil, maarifləndirmə, sosial şəbəkələrdə davamlı və intensiv iş aparılmalıdır. Xalqın bu qədər təmkinlə, səbrlə davranışına, terroru, qurulan oyunu müdriklə anlayıb göstərdiyi duruşa görə mütəşəkkir olmamaq mümkün deyil. 

Bütün hallarda, bu "hücrə siyasətinə", din adı altında aparılan beyin yuma prosesinə, əlibıçaqlılara qarşı sərt olmalıyıq. Qanunun, hüququn ən sərt, siyasətin, təhsilin ən prinsipial sifəti göstərilməlidir. 

Uduşumuz, qalibiyyətimiz dirənişimizdədi. Bu guruha qarşı, bu zehnsiz zehniyyətə qarşı dirənmək lazımdı. Bu məmur özbaşınalığının aradan qaldırılmasına, sosial probleminin həllinə çalışan qüvvə deyil, bu özü kimi düşünməyəni özündən hesab etməyən, özündən hesab etmədiyini öldürən, qətlə yetirən bıçaqdı. 

Bu bıçaq Şərqi doğraya-doğraya gəlir, bu bıçaq gözümüzün önündə neçə cəmiyyəti ağlar qoydu, neçə inkişaf edən ölkəni ac-yalavac buraxdı, neçə xalqa sabitliyin ən böyük sərvət olduğunu itirəndən sonra anlatdı. 

Bu bıçağı verən əli də, onu tutanı da kəsmək lazımdı! Heç bir emosiyasız, Dövlətin ən prinsipial, Qanunun ən sərt üzüylə!

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>