Sizin link burada

"Reket" jurnalistə hökm oxundu: 3 il 6 ay

 

 

Dələduzluqda təqsirləndirilərək həbs edilən jurnalist Elnur Məmmədovun (Elnur Vaqifoğlu) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Elnur Vaqifoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihamda qeyd edilib ki, Elnur Vaqifoğlu öz qohumu olan Orxan Mehrəliyevə qarşı dələduzluq edib. O, qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib. Amma vəd edilən iş baş tutmayıb. Orxan Mehrəliyevin şikayəti əsasında Elnur Məmmədov barəsində cinayət işi açılıb və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib. Elnur Məmmədov həbs edilməyib və onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Amma iş məhkəməyə göndərilən zaman isə Elnur Məmmədov proseslərdə iştirak etməyib. O, məhkəməyə gəlmədiyi üçün barəsində həbs qərarı çıxarılıb.

 

Qeyd edək ki, jurnalist bundan qabaq iki dəfə məhkumluq həyatı yaşayıb. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə ittiham verilib.

 

Onu da qeyd edək ki, Elnur Vaqifoğlu dələduzluğa görə həbs edilən ərəfədə onun daha bir cinayət hadisəsinin iştirakçısı olduğu üzə çıxıb. Daxili işlər orqanlarının mayın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən Elnur Məmmədovun şantaj və hədə-qorxu ilə məşğul olduğu da üzə çıxıb. Aparılan araşdırmalarla onun reket jurnalist kimi fəaliyyəti göstərməsi, tez-tez bölgələrə gedərək gizli videoçəkilişlər aparması, şantaj, hədə-qorxu və dələduzluq yolu ilə müxtəlif qurumlardan, bəzi dövlət idarələrindən, rəhbər vəzifəli şəxslərdən birdəfəlik və ya aylıq haqq alması məlum olub. E. Məmmədovun daha 4 xəbər saytının təsisçi və baş redaktorları ilə əlbir olaraq müxtəlif vaxtlarda Ağdam rayonunun bəzi rəhbər vəzifəli şəxslərinin məhz işdən azad olunmaları istiqamətində mütəmadi olaraq neqativ məzmunlu məqalələr yazması müəyyən edilib. Məlum olub ki, reketlər şantaja məruz qoyduğu şəxslərdən poçt vasitəsi ilə 100-150 AZN məbləğində bir neçə dəfə pul alıb, eyni zamanda həmin vəzifəli şəxslərdən rayonun məktəblərindən pul yığmalarını tələb edib. Onlar əsasən Ağdam və ətraf rayonlardan olan digər vəzifəli şəxslərdən pul alıb, pul verməyəcəkləri təqdirdə sosial şəbəkələrdə, öz saytında və yaxın ətrafına daxil olan həmkarlarının xəbər portallarında barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

 

E. Məmmədovun ətrafında davam etdirilən araşdırma nəticəsində 2018-ci il fevralın 9-da Ağdam şəhər sakini Polad Zeynalovun həyətindən silah-sursatın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayətin açılması da təmin edilib. Müəyyən olunub ki, Ağdam rayon sakinləri – 1-ci Yüzbaşlı kənd orta məktəbinin direktoru Polad Zeynalov və həmin məktəbin müəllimi Vüsal Əliyev arasında iş prosesində münaqişə yaranıb. Müəllim direktora problemlər yaratmaq üçün tanışı Elnur Məmmədova müraciət edərək ona məxsus “dosye.az” saytında işlədiyi məktəb haqqında neqativ məzmunlu məqalələr dərc etməyi sifariş verib. V.Əliyev bununla kifayətlənməyərək P.Zeynalovu həbs etdirmək qərarına gəlib və bu məqsədlə 2017-ci ilin dekabr ayında yeznəsi Rizvan Mirzaliyevlə birlikdə onun qanunsuz olaraq saxladığı 2 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasına aid alışqan, 3 ədəd “Kalaşnikov” avtomatına aid daraq və 9 ədəd patronu direktor P.Zeynalovun həyətyanı sahəsində gizlədiblər. Bundan sonra E. Məmmədov hüquq-mühafizə orqanlarının birində işləyən tanışına müraciət edərək direktorun qanunsuz silah saxlaması barədə məlumat verib. 2018-ci il fevralın 9-da həmin məlumat əsasında sonuncunun evində və həyətində axtarış aparılıb və oradan V.Əliyev və R.Mirzaliyevin gizlətdikləri silah-sursat aşkar olunub. Dindirmə zamanı Elnur Məmmədov, Vüsal Əliyev və Rizvan Mirzaliyev törətdikləri cinayəti etiraf edib, hər üç şəxs həbs olunub.

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>