Sizin link burada

“Bitkilərin sirli dünyası" təqdim edildi

Tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova və biologiya elmləri  doktoru, professor Səyyarə İbadullayevanın həm müəllifliyi ilə işıq üzü görmüş " Bitkilərin sirli dünyası" adlı kitabı "Azərkitab"da ictimaiyyətə təqdim edilib.

Lent.az-ın verdiyi xəbərə görə, tədbirin təşkilatçısı  Regional Hüqüqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova  kitabın məzmun və əhəmiyyətindən danışıb.  Azərbaycan təbiətinin müxtəlif müalicəvi bitkilərlə zəngin olduğunu bildirən Arzu Bağırova qeyd edib ki, kitabda həmin bitkilərin müalicəvi əhəmiyyətindən geniş bəhs olunur.


Daha sonra "Nərgiz" Tibb Mərkəzinin rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova kitab barədə məlumat verib. O bildirib ki, xalq təbabəti tarixin qədim dövründən inkişaf edərək bu günə gəlib çıxıb. Hətta klassik ədəbiyyatımızda  Xaqani və Nizami Gəncəvi əsərlərində də müxtəlif dərman bitkilərinin adları çəkilir: “Müasir dövrdə artıq inkişaf etmiş ölkələrdə xalq təbabətinə önəm verilir, bir sıra bitkilər müalicəvi məqsədlər üçün istifadə edilir”.

Araşdırmalar zamanı müxtəlif ölkələrin tibbi elmini araşdırdığını deyən Məlahət Qəhrəmanova qeyd edib ki, zəngin və əlverişli coğrafi iqlimə malik olan Azərbaycan florası özünəməxsus dərman bitkiləri ilə daha zəngindir. O, həmçinin  dərman bitkilərindən hazırlanmış preparatlar barədə məlumat verib.


Biologiya elmləri doktoru , professor Fəxrəddin Əsgərov kitabın məzmununu yüksək qiymətləndirib. Qeyd edilib ki, Məlahət Qəhrəmanovanın  müxtəlif patentlər alması  Azərbaycan tibb elmi üçün  yüksək nailiyyət hesab oluna bilər. Kitabın digər həm müəllifi Səyyarə İbadullayeva da kitabın yaranma ideyasından bəhs edib. O bildirib ki, kitabın birinci hissəsi ot bitkilərini əhatə etsə də, gələcəkdə kitabın  ikinci hissəsində kol və ağac bitkilərindən və onların müalicəvi əhəmiyyətindən bəhs ediləcək. Milli Məclisin deputatı Qənirə Paşayeva dəyərli kitabın ərsəyə gəlməsində göstərdikləri zəhmətə görə müəlliflərə təşəkkür etdi. O, Azərbaycan təbiətinin bitkilərlə zəngin olduğunu xatırladıb. O vurğulayıb ki, hələ Universitet illərindən müalicəvi əhəmiyyətli bitkilərlə maraqlanıb. "Təbiətin bizə təmənnasız bəxş etdiyi bu dəyərli və faydalı bitkilərdən istifadə edək. Elə ölkələr var ki, onların dərman bitkilərindən əldə etdiyi gəlir çox yüksəkdir. Allah bu şəfalı bitkilərin zənginliyini xalqımıza bəxş edib. Artıq Azərbaycanda da bu məsələ gündəmdədir. Cənab Prezident İlham Əliyev  artıq dərman preparatlarının idxalının azaldılması, dərman istehsalının ölkəmizdə də artırılmasına, yeni müəssisələrin açılmasına diqqət edir." -deyə deputat çıxışında vurğulayıb. 

Tanınmış modelyer Fəxriyyə Xələfova çıxış edərək bu cür nəşrlərin əhəmiyyətini vurğulayıb. O kitabı gələcək nəsil üçün üçün mühüm mənbə hesab edib. Daha sonra tədbirdə iştirak edən ziyalılar kitabla bağlı fikirlərini bildirib. 

Tədbirin yekununda Tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova diqqətə görə hər kəsə təşəkkür edib.


Qeyd edək ki, Məlahət Qəhrəmanova 7  Azərbaycan patenti , 4 Avrasiya, 1 dünya patentinin sahibidir. Dünya patenti Hb, Qaraciyər müdafiəedici, öd-qaraciyər iltihab əleyhinə alınıb.
 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>