Sizin link burada

Qaynanasını öldürən kürəkənə 19 il 6 ay həbs istənildi

Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, Cavad İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə iyulun 17-də davam edəcək.

 

Xatırladaq ki, Cavad İbrahimov istintaqdakı ifadəsində bildirib ki, qayınanası Nigar Namazova ona əxlaqsız təklif edib: “Bir gün Nigar mənimlə cinsi münasibətdə olmaq istədiyini dedi, seksual hərəkətlər etməyi təklif etdi. Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qayınanam eyni təklifi elədi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Lakin huşu özündəydi, divana uzatdım. Paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm ki, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dili qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm. Telefonum yox idi. Uşaqları evdə qoyub, qaçdım təcili yardım çağırmağa. 20 dəqiqə sonra təcili yardım evə gəldi. Müayinə zamanı məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”

 

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

 

N.Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq  məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, N.Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

 

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin N.Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb. 

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>