Sizin link burada

İlham Əliyev Ərdoğana təbrik məktubu göndərdi

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

 

APA-nın məlumatın görə, məktubda deyilir: “Hörmətli cənab Prezident,

 

Əziz Qardaşım,

 

Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edir və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Səsvermənin nəticələri xalqın əsl lideri kimi Sizin şəxsinizə olan böyük inam və etimadın aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda genişmiqyaslı fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir.

 

Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir.

 

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa ilə Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir.

 

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

 

Əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının yüksəlişi naminə əzmkar və fədakar işinizdə uğurlar diləyirəm”.

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>