Sizin link burada

"Qazaxıstanı bir az dəm etdik" - Dilarə Kazımova - FOTOLAR

 

Tanınmış müğənni Dilarə Kazımova media nümayəndələri ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, paytaxt məkanlarından birində baş tutan mətbuat konfransında ifaçının prodüseri Nigar Məmmədova, təşkilatçı Marat Bəxtiyarov, eləcə də KİV nümayəndələri iştirak ediblər.

 

M. Bəxtiyarov 16-17 iyun tarixlərində Qazaxıstanda baş tutmuş “Star of Asia” festivalı haqda məlumat verib: “Almatıda artıq ikinci ildir ki, “Star of Asia” festivalı keçirilir. Bu il də Azərbaycanın iştirakı üçün seçim Dilarə Kazımova oldu. Çıxışımız çox gözəl və maraqlı idi. Tezliklə video və foto materiallar mediaya təqdim olunacaq. Sadəcə onu deyə bilərəm ki, Dilarənin qırmızı xalçadakı keçidi unudulmazlar siyahısına düşdü”.

 

Dilarə Kazımova festivaldakı çıxışını belə şərh edib: “Bu təklif Marat Bəxtiyarovdan gəlib. Festival 10 min nəfərlik “Medeo” stadionunda baş tutub. Səhnə möhtəşəm idi. Hətta çıxışımız zamanı 10 rəqqasə müşayiət edirdi. Səhnə 3 metr yüksəkliyə qalxmışdı. Orada iki mahnı ifa etdik. Onlardan biri ingilis dilində olan “What you want”, digəri isə “Dəm olmuşam” idi. Bizi çox isti qarşıladılar. Deyə bilərik ki, Qazaxıstanı bir az dəm etdik. İndiyədək də çıxışımızın ən yaxşılar sırasında olduğunu yazırlar. Çox şadam ki, Qazaxıstanda da məni sevənlər oldu. Hətta Marata deyirəm ki, bu yay orada konsert proqramı ilə çıxış edək”.

 

Marat Bəxtiyarov konsertdən sonra baş verən maraqlı hadisə haqda danışıb: “Biz konsertdən məkanın arxa qapısı ilə çıxdıq. Gördük ki, 10 nəfər bizi görən kimi, “Dilarə” deyə qışqırmağa başladı, şəkil çəkdirmək istəyirdi. Avtomobillə stadion tərəfdən keçəndə də Dilarəni səsləyənlər vardı. Artıq anladıq ki, Dilarə orada sevilir”.

 

İfaçı festivaldakı obrazından da söz açıb: “Biz festivalda hansı obrazda olacağımız barədə çox düşündük. Qərara gəldik ki, Azərbaycanın etnik geyimini nümayiş etdirək. Lakin bunu da müasir formada etmək lazım idi. Yəni sırf milli geyim olmamalıydı. Modelyer Səbinə Hüseyn bunu bacardı. Oradakı libasım əl işi idi və uzun müddət üzərində çalışmışdılar. Həmçinin müxtəlif növ xalçaların hissələrindən də istifadə olundu”.

 

O, festivaldakı iştirakçılara Azərbaycan şirniyyatı daddırdığını da bildirib: “Əslində Bakıdan gedəndə özümüzlə paxlava aparmışdıq və orada iştirak edən ifaçılara təqdim edəcəkdik. Həmin gün orada Araş, Anastasia, “Serebro” qrupu ilə eyni səhnəni bölüşdüm. Hazırlıqlar zamanı heyf ki, Anastasiya ilə üz-üzə gələ bilmədik. Məşq saatlarımız fərqli idi. Konsert zamanı isə paxlava yanımızda deyildi. Lakin söhbət etdik və tanış olduq. Çox sevinirəm ki, o cür insanlarla ünsiyyət qura bildim”.

 

Təşkilatçı xaricdən təkliflər aldıqlarını da deyib: “Əgər bir ifaçı xarici ölkədə festivalda iştirak edirsə, deməli, müxtəlif iş təklifləri də alır. Biz də Qazaxıstandan iki təklif almışıq. Lakin hələ elə mərhələdəyik ki, açıqlamaq olmaz. Festivaldan aldığımız qonorara gəldikdə isə az və ya çoxluğu önəmli deyil. Çünki təşkilatçılar bizim bütün xərclərimizi qarşılamışdı”.

 

Dilarə Kazımova növbəti festivallarda iştirakı haqda da danışıb: “Təbii ki, başqa ölkələrdə baş tutan musiqi festivallarında iştirak etmək istəyirik. Bu, ölkəmizi təqdim etmək üçün çox vacibdir. Çox istərdim ki, Avropada çıxışlarımız olsun. Bu, çox uzun yoldur. Düşünürəm ki, biz buna nail olacağıq”.

 

Müğənni yeni layihəsinin detallarını da açıqlayıb: “İki-üç aydır bu layihəni gözləyirəm. Adını açıqlamaq istəmirəm, çünki hər şey bəlli olacaq. Bir az gözləmək lazımdır. Əsas odur ki, bu, mənim ürəyimcədir. Artıq elə bir yol seçmişəm ki, həm oxuyub, həm də rəqs edəcəyəm”.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>