Sizin link burada

Selin dağıtdığı avtomobil körpüsü bərpa edilib – FOTOLAR

İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün yanaşma yolunun bərpası istiqamətində görülən işlər başa çatdırılıb. Lent.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, yanaşma yolunun bərpası işləri yekunlaşaraq körpü avtonəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

 

Bu münasibətilə keçirilən tədbirdə AAYDA-nın İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və Agentliyinin rəhbər şəxsləri, həmçinin Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirak ediblər.

 

Tədbir zamanı bildirilib ki, ölkə əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən körpünün yanaşma yolu selin təsiri nəticəsində dağılması nəticəsində külli miqdarda maddi ziyan dəyib, yolun bağlanması səbəbindən insanlar çox əziyyət çəkiblər. Çıxış zamanı körpünün qısa vaxtda yenidən bərpa edilməsinə və əhalinin istifadəsinə verilməsinə görə, ölkə başçısı İlham Əliyevə minnətdarlıq bildirilib. Qeyd edilib ki, sel nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün yanaşma yolunun 30 metrlik hissəsi dağılmış, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanmış, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.

 

İyunun 3-dən başlayaraq qurum tikinti briqadası və ağır texnikaları körpünün yenidən bərpası işlərinə başlayıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb.

 

Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan monolit dəmir-beton istinad divarı qurulub, ərazi torpaq bərkitmə işləri görülüb. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bugünədək əraziyə təxminən 20 min kubmetrdən artıq torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb. Körpünün yanaşma yolunun bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilib.

 

Hazırda körpünün alt hissəsində, dayaqlarda və ətrafında əlavə bərkitmə-bərpa işləri davam etdirilir, yeni monolit-beton istinad divarları inşa edilir. Bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə aparılır. Tikinti norma və qaydalarına uyğun olaraq işlər tərtib olunmuş qrafikə uyğun davam etdirilir.

 

Qeyd edək ki, körpünün yanaşma yolu dağıldığı üçün iyunun 2-dən bəri sürücülər Göyçay-Ucaravtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedirdilər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə də Dövlət Agentliyi tərəfindən elə hğmin gün təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>