Sizin link burada

"Ekstremal çəkidə dünyaya gələn 260 uşaqdan 97-ni xilas edə bilmişik" - Baş pediatr

"Neonatologiya insan həyatının doğumunda başlayan və ilk 28 gün boyunca davam edən dönəmdir. Elə buna görə də yenidoğulmuşların bu dönəmi sağlam başa vurması çox önəmlidir. Heç kimə sirr deyil ki, dünyasını dəyişən yeni doğulmuşların çoxu vaxtından əvvəl doğulan uşaqlar olur. Doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya) yeni doğulmuşların ölümünə səbəb olan xəstəliklər arasında çox az faiz təşkil edir".
 
 
 
Bunu APA TV-yə açıqlamasında professor-doktor, Ankara Universitetinin neonatoloqu Ömər Erdeve deyib.
 
 
 
Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır: "Türkiyədə hər 1000 yeni doğulmuşdan 17-18 nəfəri əgər 15 il öncə doğuş və doğuşdan sonrakı dönəmdə tələf olurdusa, hazırda bu rəqəm 7-ni keçmir. Söhbət 1 yaşına qədər olar olan uşaqlar arasındakı ölümlərdən gedir. Bu rəqəmin 4-5-i isə çox kiçik uşaqlardır. "Niyə bu rəqəmi sıfıra gətirə bilmirik?" sualına gəlincə, əminliklə onu söyləyə bilərəm ki, bu rəqəmi sıfıra endirəcək bölgə yoxdur. Çünki doğuşdan ürəyində qüsuru olan, ana bətnində beynində problemi olan və vaxtından çox erkən doğulan uşaqlar var".
 
 
 
"Əslində uşaq ölümlərinin ən əsas səbəbi isə hamiləlik dönəminin düzgün, həkim nəzarəti altında müşayiət olunmamasıdır" - deyən Ömər Erdevenin sözlərinə görə, 9 aylıq dövrdə ana daim nəzarətdə olmalıdır.
 
 
 
Neonatoloq deyir ki, yeni doğulmuşların ölümlərinin ikinci əsas səbəbi uşağın ana bətnində infeksiyalara yoluxması və sonradan yaranan septiki proseslər, uşaqlarda həyatla uyğunlaşmayan daxili orqan və sistemlərin qüsurlarıdır.
 
 
 
Bətndaxili infeksiyalar da son vaxtlar tez-tez rast gəlinən xəstəliklər sırasındadır. Hamiləlik zamanı qadınlar müalicə almadıqda bu, çox ciddi fəsadlar verə bilər. Uşaq ölümünə, xüsusilə də erkən neonatal ölümə yol verməmək üçün ailənin reproduktiv sağlamlığı, hamiləliyin daim müşahidə altında olması, doğulmuş körpələrə neonatoloq və pediatrların xüsusi nəzarəti çox vacibdir.
 
 
 
Respublikanın baş pediatrı Nəsib Quliyev isə bildirir ki, 2015-ci ilin 1 yanvarından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi nəticəsində çəkisi 500-1000 qramdan çox olan, ekstremal çəkili dünyaya gələn 260 uşaqdan 97-nin həyatını xilas etmək mümkün olub.
 
 
 
Qeyd  edək ki, bu gün Bakıda Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci Beynəlxalq İntensiv Təlim Kursu başlayıb. Tədbir iki gün davam edəcək.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>