Sizin link burada

6 uşağından 4-nü internata verən ana: “Yoldaşım uşaqların gözü önündə özünü asmaq istədi”

 

 

“Yoldaşım orada oturan sarı uşaq var e, (əli ilə masanın sol küncündə oturan uşağı göstərir) onu bir başqa cür çox istəyir. Ondan ayrı qala bilmir. Uşaq da ondan ayrı dura bilmir, bir-birini dəhşət çox istəyirlər. Hüseyn uşaqlardan seçilir, saçının rəngi sarıdır, özü də sarışındır. O biri uşaqlar isə hamısı qarayanızdır. Bəlkə də ona görədir, heç özüm də bilmirəm, amma Hüseyni dəhşət çox istəyir. Ona görə də Hüseyni saxlayıb digər uşaqları körpələr evinə verməyi düşünürəm. 6 uşağımız var. Balaca qızım 7 aylıqdır. Onu, bir də Hüseyni saxlayıb, qalanlarını uşaq evinə verməyi düşünürük”.

 

Onunla sığındığı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin həyətində üz-üzə dayanmışıq. Dolu bədənli, qarayanız bir xanımdır. Üzündə kədər qarışıq bir təbəssümlə başına gələnləri Lent.az-a danışır.

 

“Atası uşaqlarımın əllərinə dağ basır...”

 

Gözlərindən kədərə alışdığını hiss edirəm. Dediyinə görə işdən gəlib, heç danışmağa da həvəsi yoxdur. Uşaqlar da bir tərəfdən sığınacaqda ora-bura qaçır, şuluqluq salırlar. Hiss olunur ki, valideyn tərbiyəsini, ana qayğısını çox az görüblər. Həyətdə oynayan uşaqların 5-i bu xanımındır – Vəfa Abasovanın.

 

Deyir ki, 6 uşaqdan 2-ni saxlayıb, qalanını uşaq evinə verməyi düşünür. Qanı qanından, canı canından olan ciyərparaları arasında niyə ayrıseçkilik etdiyini soruşuruq:

 

- Baxa bilmədiyim üçün uşaqları uşaq evinə vermək istəyirəm. Yoldaşım dəhşət içki içəndir. Tüfeyli həyat sürür. Həm də uşaqlar ərköyün böyüyüb. Dəcəldirlər, sözə baxmırlar. Ərim də uşaqların dəcəlliklərinə dözə bilmir. Onları incidir.  Mən də təkbaşına baxa bilmirəm.

 

-Ailənin dolanışığını kim təmin edir, siz, yoxsa həyat yoldaşınız?

 

-Yoldaşım işi olanda işləyir. Mən də işləyirəm, evdən səhər çıxıb axşam gəlirəm. Limonad sexində çalışıram. Butulka yuyuram. Butulkanın birini 2 qəpiyə yuyuruq, aylıq maaşım heç 300 manat eləmir.

 

-Valideynləriniz sizə kömək etmir?

 

-Niyə etmir ki, edir. Atam da, anam da astma xəstəsidir. Elə özlərinin dərmanı otuz manatdan çoxdur. Mənə necə kömək etsinlər?! Düzdür, indiyə kimi əl tutublar. İndi də imkan daxilində əllərindən gələni əsirgəmirlər. Həmişə əl tutmağa çalışıblar. Mən nə vaxtda qədər onlardan kömək istəyəcəyəm?!

 

-Bəs övladlarınızı uşaq evinə vermək sizin üçün çətin olmayacaq?

 

- Bilirəm ki, rahat yerdir. Döyməyəcəklər, söyməyəcəklər... (Bir anlıq susur... alt dodaqlarını dişlərinin arasına alıb gəmirir, üzünə tökülən saçlarını arxaya atıb yenidən danışmağa başlayır). Evdə qalıb döyülüb-söyülməkdənsə, uşaq evində qalmaları yaxşıdır. Özü də ikisi qızdır.

 

-Uşaqların hamısını döyür?

 

-Yox, Hüseynlə 7 aylıq balaca qızımı döymür. Yerdə qalan hamısına işgəncə verir. Ən çox Emili, Fəridi və Talehi döyür. Talehin bədəninə baxasınız, gömgöydür. Mən işdə oluram. Uşaqlar atalarının ümidinə qalır. Ataları da əllərinə dağ basır.

 

Vəfa xanım susur. Başını aşağı salır, üzünə düşən saçlarını arxaya atır. Axşam yeməyini yeyən uşaqlarına baxır. Uşaqlar süfrə arxasında bir-biri ilə dalaşır. Onları sakitləşdirib yenidən gəlib mənimlə üzbəüz oturur.

 

“Yoldaşım uşaqlarımın gözü önündə özünü asmaq istədi...”

 

“Təmiz dünya”nın nəzarətçiləri Vəfa xanıma uşaqlarından danışırlar. Dəcəlliklərini, 5 dəqiqə bir yerdə durmadıqlarını deyirlər. Başını aşağı salıb sanki şikayətin bitməsini gözləyir. Dodaqlarının arasından bir cümləlik pıçıltı eşidirəm – “ata ümidinə qalanda belə olacaqdı də...”.

 

Söhbətimizə qaldığımız yerdən davam edirik. Vəfa xanıma veriləcək suallar o qədərdir ki, heç bilmirəm hansından başlayım. Çünki internetdə 6 uşaqdan 4-nü uşaq evinə vermək istəyən ana ilə bağlı o qədər sərt tənqidlər səslənib ki, məsələnin nə yerdə olduğunu indi aydınlaşdırmaq elə də asan deyil. Amma hiss edirəm ki, həyat yoldaşından  fərqli olaraq işləyən, övladı üçün çörəkpulu qazanan bir ananın bu qədər qəddar olacağını düşünmürəm.

 

Söhbət əsnasında yoldaşının adını soruşuram. Demək istəmir. Bir cümlə ilə ondan qorxduğunu ifadə edir: “Bilsə ki, mən jurnalistlərə nəsə demişəm, məni birtəhər edər. Gərək ta o evə ayaq basmayam”.

 

-Bəs yoldaşınıza demirsiniz ki, niyə vurursan bu uşaqları?

-Deyirəm. Cavab verir ki, sözümə qulaq asmırlar.

 

-Yoldaşınızın peşəsi nədir?

-Qaynaqçıdır. İş olandan-olana gedir. Hərdən 5-10 manat qazanır.

 

-Övladlarınızı nə vaxtdan uşaq evinə vermək qərarına gəldiniz?

-Ötən ilin dekabrında. Həmin vaxt yoldaşım uşaqların və mənim gözümün önündə özünü asmaq istədi. Bir aydan bir, bir ildən bir onda bu cür hallar baş verir. Artıq öyrəşmişəm. Həmin gün uşaqlara da xəsarət yetirmək istəyirdi. Uşaqları onun əlindən güclə aldım.

 

-Yoldaşınızın psixoloji problemləri ilə bağlı həkimə müraciət etmisinizmi?

-Xeyr, eləməmişik. Eləsək gərək mən də, uşaqlar da həmin evdən çıxaq. Heç cür razı olmaz. Amma balalarını uşaq evinə verməyə razıdır.

 

-Bəs siz razısınız?

-Əslində mən uşaqları yoldaşımdan ayırmaq istəyirəm ki, özüm də ondan boşana bilim.

 

-Boşanandan sonra övladlarınızı yanınıza gətirəcəksiniz?

-Yox, 16-17 yaşına kimi uşaq evində qalsınlar, sonra gətirərəm. 1 deyil, 2 deyil, altı uşaqdır. Onlar harada böyüyəcək, harada oxuyacaqlar?

-Bəs uşaqlar sizdən ayrı qala biləcək?

-Hüseyn, bu sarı oğlan qala bilməz (anasının ətəyindən yapışıb ağlayan 3 yaşlı, sarı saçlı Hüseyni qucağına alıb danışmağa başlayır) amma o biri uşaqlar qalacaq.

 

“Uşaqları Qızılquma göndərmək istəyirəm...”

 

3 yaşlı Hüseyn altı uşaqdan beşincisidir. Qardaşlarından ayrılıb yenidən anasının yanına gəlir. Anasından onu qucağına almasını istəyir. Anası bu sarışın körpənin xətrini qırmayıb əyilir, Hüseyni qucağına alır. Birdən gözüm Hüseynin alnındakı bir qarışlıq çapığa, daha doğrusu, tikiş yerinə sataşır. Vəfa Abasovadan bunu da yoldaşının edib-etmədiyini soruşuram:

-Hüseynin alnındakı çapıq nədir? Yoldaşınızın “əl işi”dir?

-2-3 aylıq olanda qızım ona dəmir əşya atdı. Başı partladı. Əməliyyat etdirdik, amma izi hələ də qalır.

 

-Bəs uşaqların internat evinə verilməsi nə vaxt gerçəkləşəcək. Eşitdiyimizə görə, bu gün aidiyyəti qurumların qəbulunda olmusunuz...

-Sənədlərimiz icra hakimiyyətindədir, Binəqədidə. Artıq sərəncam verilib. Sentyabrın 15-də Təhsil Nazirliyi hansı uşaq evini məsləhət bilsə, balalarımı oraya verəcəyəm. Uşaq evinə yox, internata verəcəyik.

 

-Bəs atasının çox istədiyi Hüseyn necə olacaq?

-O bizimlə qalacaq. Boşanandan sonra onu da qardaş-bacılarının yanına göndərəcəyəm. Bilirsiniz, ondan boşanacağımdan yoldaşımın xəbəri yoxdur, istəyirəm ki, birinci uşaqları ondan uzaqlaşdırım. Hələ ki, boşanmaq haqda, uşaqların internata verilməsi haqqında heç nə deməyəcəyəm. Çünki uşaqlara bir xətər yetirəcəyindən qorxuram. Axşam işdən evə gələndə görürəm ki, vurub birinin başını partladıb.

 

-Uşaqlara qarşı hansı işgəncələri edir?

-Talehin 7 yaşı var. Bütün bədəni gömgöydür, bütün barmaqlarına, əllərinin içinə dağ çəkilib. Əllərini yandırıb. Baldızıma tapşırmışam ki, mən evdə olmayanda uşaqlara qarşı nəsə eləsə, onların şəkillərini çəksin. Baldızımda uşaqları necə döyməsinin, hansı işgəncələr etməsinin şəkilləri var. Uşaqların əllərini sobada necə yandırmasına qədər çəkib, hamısının şəkilləri ondadır. Deməli, qaz sobası var evdə, uşaqlar dəcəllik edən kimi, sözünə baxmasalar, aparıb əllərini qaynar sobaya basır.

 

Vəfa xanım narahatlıqla uşaqlarının yeməklərini bitirib-bitirmədiyinə baxmaq üçün stol arxasında əyləşmiş körpələrinin yanına gedir. Hüseyni də əyləşdirir. Böyük oğlu Fəridə tapşırır ki, Hüseyni də yedizdirsin. Sonra yorğun addımlarla gəlib stolda əyləşir. Sual verməyimi gözləyir. İllərdir içərisində gizlətdiyi sirr boxçasını açıb-tökəcəkmiş kimi üzümə baxır:

 

-Yoldaşınız əvvəl də belə idi, ya sonradan psixoloji problemləri yaranıb? Əsgərlikdə olubmu?

-Bəli, əsgərlikdə də olub, türmədə də.

 

-Nə üstündə həbs edilib?

-Məndən əvvəl olub. O həbs olunanda biz hələ evlənməmişdik. Dediyinə görə oğurluq üstündə həbs edilib. Heç özüm də dəqiq bilmirəm ki, nə üstündə yatıb.

 

Mən sual verməsəm də, özü qeyri-ixtiyari yoldaşının Bakıdan, özünün Saatlıdan olduğunu deyir. Binəqədi rayonunun Binəqədi qəsəbəsində qonşu olduqlarını, həyat yoldaşının da təxminən 13 il əvvəl onu görüb bəyəndiyini, sonra zorla qaçırdığını söyləyir.

 

-Evlənməmişdən əvvəl bilirdiniz ki, yoldaşınızın bu cür psixoloji problemləri var?

-Yox. Qonşumuz idi. Məni götürüb qaçdı. Bir ay məni Mərdəkanda gizlətdi. Ondan sonra evə gətirdi. Məni götürüb qaçanda valideynlərimə demişdi ki, polisə şikayət eləsəniz, onu öldürəcəyəm, özüm də gedib həbs yatacağam. Hətta onu da deyibmiş ki, əgər şikayətçi olsanız, elə yerdədi ki, heç  qızınızın meyitini də tapa bilməyəcəksiniz. Artıq 12 ildir ki, evliyik. 2005-ci ildə ailə həyatı qurmuşuq.

 

Vəfa Abbasova deyir ki, boşanmağı da hələ dəqiq deyil. Fikirləri qarışıqdır:

“Boşanıb-boşanmayacağımı dəqiq bilmirəm. Qalmağa yerim-yurdum yoxdur. Yəqin ki, anamgildə qalacağam. Görək axırı necə olacaq bui işlərin”.

 

-Bəlkə uşaqları internat evinə verməyəsiniz, ananızgildə baxasınız?-deyə sual verirəm:

 

Deyir ki, orada yer yoxdur.  Valideynlərinin əsəb xəstəsi olduğunu söyləyir:

 

“Üstəlik bacım da bir uşaqla valideynlərimin yanında qalır. 6 uşaqla onların yanına yerləşə bilmərəm. Mən bir tərəfdən, bacım o biri yandan... alınmır. Qardaş orada, gəlin orada... Bir evin içərisində 3 ailə alınmır. Bir həftə gedib qalırsan, görürsən ki, uşaqlar bezdirir. Düz gəlmir”.

 

Uşaqlar yeməklərini yedikdən sonra analarının başına toplaşır. Onun nə danışdıqlarına qulaq asırlar. İndi verəcəyim sualı uşaqlar eşitməsin deyə şirin dilimi işə salıb onları yanmızdan uzaqlaşdırıram. Və davam edirik:

 

-Hansı uşaq evinə vermək istəyirsiniz?

-Bizə Qızılqumdakı uşaq evi yaxındır. Ora Binəqədiyə baxır. Görək Təhsil Nazirliyi hansını məsləhət bilir.

-Dövlət qurumlarına müraciət etmisinizmi? Blkə ikiniz də işləsəniz, maddi çətinlikdən qurtulmaq olar? Uşaqları da internata verməməyiniz üçün şans yaranar...

 

-Mən də, yoldaşım da işləsə, uşaqlara baxan olmayacaq. Bunu da düşünmüşəm. Keçən il böyük uşağımı məktəbə qoymaq istədim, direktor məndən 100 manat istədi. Gücüm çatmadı, məktəbə qoya bilmədim.

 

-Uşağın məktəb yaşı çatıb və hələ də məktəbə getmir?

-Böyük uşağın 11 yaşı var. 3-cü sinfə qədər məktəbə getdi, sonra çıxartdım.

 

-Niyə?

-Oxumurdu, müəllimi incidirdi.

 

-Neçə uşağınız məktəb yaşına çatıb?

-4 uşaq. Heç biri hazırda məktəbə getmir.

 

-Bəs indiyə kimi heç kim deməyib ki, uşaqları məktəbə göndərin?

-Yox. Özüm dəfələrlə 179 saylı məktəbə getmişəm. Məktəb rəhbərliyi ilə danışmışam. Pul istəyiblər, ona görə də uşağı məktəbə qoymamışam.

-Həmin məktəbin direktoru kimdir?

-Əvvəl Kəmalə xanım idi. Sonradan onu dəyişdilər. İndi direktorun kim olduğunu bilmirəm.

 

Uşaqlar yeməklərini yedikdən sonra yatmaq istədiklərini analarına deyirlər. Artıq saat 10-a  işləyir. Şər qarışıb. Vəfa Abasova uşaqlarını həyətdə ora-bura qaçışan uşaqlardan ayırıb binanın 2-ci mərtəbəsinə qalxır:

-Gəlin, gəlin, yuxarı aparım sizi yatızdırım.

 

Birdən böyük oğlu Fərid geri çevrilib anasına baxır və kövrək səslə soruşur:

 

-Sən də bizimlə yatacaqsan, ana? Bizi yatırdıb getməyəcəksən ki?...

 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>