Sizin link burada

Lənkəranda yeni peşəkar futbol klubu yaradıldı

“Bu gün “Xan-Lənkəran” Peşəkar Futbol Klubunu qeydiyyatdan keçirdik. Kollektiv idarə şəklində yeni bir model planlaşdırmışıq. Layihəsini də hazırlamışıq. Bu, ictimai əsaslarla yaradılan bir klub modelidir. Avropada klubların 90 faizi demək olar ki, bu sistemlə fəaliyyət göstərir. Hazırda bütün işləri yekunlaşdırmışıq. Yaxın vaxtlarda klubun hissə sənədlərinin satışa çıxarılması ilə bağlı mətbuat konfransı keçirmək niyyətindəyik. Həm də saytın təqdimatı olacaq”.

 

Bunu Lent.az-a açıqlamasında klubun idarə heyətinin rəhbəri Rəsul Şükürsoy deyib. Layihə rəhbərinin sözlərinə görə, onlar Lənkəran Rayon İcra Hakimiyyətinə gedərək rayon rəhbərliyindən “Xan-Lənkəran”a mənəvi dəstək olmalarını xahiş ediblər:

 

“Biz hansısa dövlət və ya özəl qurumdan maddi dəstək istəmirik. Gələcəkdə onların diqqətini reklam maraqları ilə cəlb edə bilərik. Layihəyə başlayanda bizim birinci addımımız Lənkəran Rayon İcra Hakimiyyətinə getmək idi. İcra başçısı ilə görüşmək istədik. Sadəcə olaraq rəsmi şəxslərin vaxt məhdudiyyətinə görə idman idarəsində görüş keçirməyə müvəffəq olduq. Mayın 23-də biz layihəni idman idarəsinin əməkdaşı Mehman Əliyevə təqdim etdik. Məsələ ilə bağlı icra başçısının məlumatlandırılmasını onlardan xahiş etdik. Layihənin müzakirəsi üçün rayon icra hakimiyyəti ilə müzakirələr aparmağa hazırıq. Bizim mənəvi dəstəyə ehtiyacımız var”.

 

Rəsul Şükürsoy bildirib ki, gələcəkdə “Xan-Lənkaran” klubunun ayrıca stadionunun inşa edilməsi də planlaşdırılır:

“İlkin mərhələdə oyunlarımızı “Xəzər-Lənkəran” stadionunda keçirməyi düşünürük. Həmin stadion isə “Xəzər-Lənkəran” futbol klubunundur. Bu məsələ ilə bağlı adıçəkilən klubun rəhbərliyi ilə bağlı danışıqlar aparmağı planlaşdırmışıq. Gələcəkdə klubun ayrıca stadionunun inşasını nəzərdə tutmuşuq”.

 

Klubun idarə heyətinin rəhbərinin sözlərinə görə, “Xan-Lənkəran” artıq birinci divizionda iştirakla bağlı Peşəkar Futbol Liqasına ərizə ilə müraciət edib:

“Sənədlərimizi də qarşıdakı vaxt ərzində təqdim etməyi planlaşdırırıq. Klubun tərkibində tanınmış futbolçular da ola bilər. Sadəcə olaraq, bunu baş məşqçinin öhdəsinə buraxacağıq. Kluba baş məşqçiliklə bağlı bir neçə variant üzərində müzakirələr gedir. Bizdə proqram ən azından 3 illik olacaq. Ona görə də sağlam bir baş məşqçi ilə işləmək istəyirik”.

 

Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin suallarımızı cavablandıran əməkdaşından adıçəkilən kluba hər hansı maddi və mənəvi dəstək olunub-olunmayacağını soruşduq. İcra hakimiyyəti nümayəndəsi Lent.az-a açıqlamasında bildirdi ki, “Xan-Lənkəran” klubu ilə bağlı quruma hər hansı rəsmi müraciət daxil olmayıb. 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>