Sizin link burada

Alabaşlı 1400 il sonra bu gün yenə məğlub olacaq?

 

Uzun illərdir ki, kəndimizin adının dəyişdirilməsi ilə bağlı mübarizə aparıram. Çünki 60-cı illərdən bu yana doğulduğum kəndin adı “sovet hakimiyyəti uğrunda fəal mübariz”in – Qasım İsmayılovun adını daşıyır. 27 ildir müstəqilik, amma hələ də əyalətlərimizdə sovet tör-töküntülərinin qaldığı yəqin ki, hamınıza məlumdur. Elə mənim doğulduğum kənd də həmçinin.

 

Bu gün Milli Məclisdə müzakirələr olacaq və kəndimizin adı Ağlavaşlı olaraq adlandırılacaq. Düzdür, sovetlərə xidmət etmiş birinin adının kəndimizin üzərindən götürülməsinə sevinirəm. Çünki 50-60 illik bir ləkə götürülür. Amma bu obanın – 2500 əhalisi olan doğulduğum yaşayış məntəqəsinin tarixi adı Ağlavaşlı deyil, Alabaşlıdır. Hər kəs onu Alabaşlı deyə tanıyır. Hətta indiyə kimi Qasım İsmayılov ifadəsi ancaq sənəd-sünəd üzərində olub.

 

Kəndin tibb ocağı Alabaşlı Sahə Xəstəxanası adlanır. Gəncə - Qasım İsmayılov kəndi üzrə marşrutlarda da “Gəncə-Alabaşlı” yazısına rast gələ bilərsiniz. Sakinlərdən haradan olduğunu soruşanda “Alabaşlıdanam” - deyir.

 

Bəs o zaman bu Ağlavaşlı haradan çıxdı?

 

Deməli, rayon rəhbərliyi Qasım İsmayılov adının dəyişdirilməsi məsələsi ortaya çıxanda kəndimizə nümayəndə göndərib. Kənd sakinləri buranın tarixi adının Alabaşlı olduğunu deyiblər. Alabaşlı toponimi ilə bağlı rəvayətlər səsləndiriblər. Həmin nümayəndələrin qulağının dibində bərkdən-bərkdən danışıblar ki, 14 əsr bundan əvvəl – 7-ci yüzildə ərəblər bu kəndi müsəlmanlaşdırmaq üçün bu əraziyə hücuma keçir. Birinci döyüşdə güclü silahlanmış ərəblər məğlubiyyətə bərabər qələbə qazansalar da kənddə möhkəmlənə bilməyib, geri çəkilirlər. On gün sonra ikinci döyüş baş verir. Bu dəfə kənd sakinləri, eləcə də yaxın kəndlərdən yerli camaata köməyə gələn silahlı dəstələr ağ-qara libaslı ərəblərdən seçilsinlər deyə başlarına ala əski parçası, dəsmal və ya lent bağlayırlar. İkinci və üçüncü döyüşdə ərəblər məğlub edilir və geri çəkilirlər.

 

Bunu mən yox, ərəb tarixçisi Təbəri özünün "Tarix-ür-rüsüli vəl-müluk" əsərində qeyd edir. Tarixçi Niyaz Səfərli də bu barədə geniş məqalə yazıb. O vaxtdan da el-ulus bu kəndi alabaşlıların yurdu adlandırır. İllər sonra Alabaşlı toponim kimi formalaşır. Təkcə onu deyə bilərəm ki, doğulduğum kənddə 14 əsrdir ki, məscid yoxdur. İnsanlar hələ də Göy tanrı inancını yaşadırlar.

 

Amma görünür, kəndə təşrif buyurmuş nümayəndələr Alabaşlı toponimindən “it-pişik qoxusu” gəldiyini hiss edib, bu addan uzaq durmağı məsləhət biliblər. Başqa bir yalançı rəvayəti əsas götürüblər – “ağ lavaşlı” diyar... Əslində bu rəvayətin yaşı yüz ildən o yana deyil. Guya I Dünya müharibəsi dövründə Azərbaycanda aclıq imiş, qıraq yerlərdən gələnlər görüb ki, ətraf bölgələrin yavan çörək tapmadığı bir məqamda yerli camaat ağ lavaş yeyir. Ona görə də gəlmələr kəndin adını Ağlavaşlı qoyublar. Guya sonradan bu Ağlavaşlı ifadəsi Alabaşlıya çevrilib. Yalan olduğunu indi sizə sübut edəcəyəm.

 

Yazıçı Altay Məmmədov atası – kəndin yetirməsi, repressiya qurbanı Usuf Məmmədovun fəaliyyətindən danışarkən buranı Alabaşlı adlandırır. Yazıçı Mircəlal “Qanlı gün” əsərində kəndin adını Ağlavaşlı yox, məhz Alabaşlı kimi təqdim edir. Onu da deyim ki, əsərin məzmunu  1918-20-ci illərdə bu bölgədə baş verən hadisələrdir. Sual olunur, 1918-ci ildə dünya müharibəsi yenicə başa çatmışdı, kənd niyə Ağlavaşlı olaraq tanınmırdı?

1951-ci ilə qədər kənddə anadan olanların doğum haqqında şəhadətnaməsində anadan olduğu məkan Alabaşlı kəndi qeyd olunur. Kəndin 2 kilometrliyindən keçən dəmir yolu stansiyasının adı da Alabaşlı adlanır, Ağlavaşlı yox...

 

Üstəlik, 10-cu sinif tarix kitablarında kəndimizin adı indi də “Alabaşlı” olaraq keçir. 1905-ci ildə baş verən Dəllər-Alabaşlı üsyanı ilə bağlı bölməni həmin dərslikdən oxuya bilərsiniz; Ağlavaşlı yox, Alabaşlı üsyanı. Alabaşlı adının özündə bir üsyan var, lavaş bişirəndən də üsyançımı olar? Bütün bunlar “Ağlavaşlı” ifadəsinin qondarma olduğunu sübut eləmirmi?

 

Sözümün canı odur ki, Alabaşlı adını silməklə biz 14 əsrlik tariximizin üstündən xətt çəkirik.

 

Alabaşlını Ağlavaşlıya dəyişməklə (qara lavaş da olurmu?) türkün tanrı inancını öz adında əbədiləşdirən, qoruyub saxlayan bir kəndi tarixin qaranlıqlarına gömürük.

 

Sözümü Şəmkirin millət vəkillərindən Sona Əliyevaya, Fazil Mustafaya və başqalarına da çatdırmışam. Ümidim isə Göy tanrıya qalıb.

 

Siz nə edirsiniz, cənab deputatlar? Alabaşlı adımızı heç olmasa indi – müstəqillik dövründə özümüzə qaytarın.

 

14 əsrdir islama təslim olmayan Alabaşlı adına 125 millət vəkilimi son verəcək? Sizin hamınızı bircə günlük də olsa, kəndimizin vəkili olmağa çağırıram!

 

50-60 il Qasım İsmayılov damğası Alabaşlı ifadəsini, toponimini bizdən ala bilmədi, indi lavaşlamı bizdən almaq istəyirsiniz? Lavaşla bağlı ermənilərin də iddiası var, sonra qorxuram bizim kökümüzü də o əclaflar aparıb özlərinə calayalar. Bizim üsyançı, döyüşkənlik adımızı özümüzə qaytarın, başqa heç nə istəmirik.

 

P.S. Bizim kənddə “lavaş” sözünün yerinə həmişə “yuxa” işlədilib, uzaqbaşı “fətir” demişik sac çörəyinə, amma lavaş bizim camaatın leksikonunda yoxdur... Biz alabaşlılar itə-köpəyə də alabaş demirik, “ənik” deyirik...

 

 

 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>