Sizin link burada

“O balıqlar dəhşət idi, adamları yemək istəyirdilər...” - Rüstəm Behrudi ilə balıq ovundan REPORTAJ

- Uşaqlıqda qonşu kənddə - Parağada bir erməni dostum vardı, Jora... Onunla balıq tutmağa çox getmişik. Orta məktəbdə oxuyanda olub. O adamlarla uşaqlığımız bir yerdə keçib. Parağa ilə bizim Behrudu bir körpü ayırırdı. İç-içə yaşamışıq onlarla. Parağada Kamo adlı bir erməni vardı. Həmin kəndin çayxanasını işlədirdi. Onun oğlu Aşotla dostluq edirdik. Mənim ilk kitabım çapdan çıxanda uşaqlıq dostum olan ermənilər böyük bir qonaqlıq təşkil elədilər. Oturub onlarla çayın qırağında yeyib-içdik.

 

- Sonra nə oldu?

 

- Sonra “Qrekan Adribejan” – tərcüməsi “Danışan Azərbaycan” deməkdi - jurnalında mənim silsilə şeirlərim çap olundu. Həmin yay mən kəndə getdim. Başqa bir qonşu kəndə toya getmişdik. Həmin kəndin yarısı türklər, yarısı da ermənilər idi. Yenə ermənilərlə oturmuşduq. Yanımdakı türk dostum arağı içməyə qoymadı. Çünki mən badəni qaldıranda stəkanın içinə gün işığı düşmüşdü. Dostum da görmüşdü ki, stəkanın içi şüşə ilə doludur. Baxdım ki, doğrudan da stəkanın içi şüşə qırıqlarıdır. Hətta atam uşaq vaxtı balıq tutmağa getdiyimiz Joranın toyunu eləyib. Çünki onun atası tez rəhmətə getmişdi, yetim idi.

 

***

 

Heç bilirsiniz, Lent.az-ın obyektivini bu dəfə şair Rüstəm Behrudi ilə hara çevirmişik? Mən deməsəm, haradan biləcəksiniz ki... Onda qulağınızı və gözünüzü yaxşı-yaxşı açın, bir az da üzü monitora yaxın oturun; Rüstəm bəylə üzümüzü balığın qibləsinə - Salyana tutmuşuq. Kürsəngiyə gedirik. Tilov atacağıq.

 

Avtomobildə dörd nəfərik – hələ 25 yaşında Türk dünyasının canlı əfsanəsinə çevrilmiş Rüstəm Behrudi, Rüstəm bəyin yeznəsi və bu səfərdəki sürücümüz Səməd müəllim, gənc şair Emil Rasimoğlu, bir də mən. Öz aramızdı, Rüstəm müəllimlə söhbət edə-edə tilovlarına baxıram, hər cürəsi var. Deyəsən, əsl sənətkardı. Amma məncə tələsməyək, mənzil başında görərik - deyə içimdə mızıldanıram.

 

“50 ildir tilov atıram...”

 

Rüstəm bəy tilovları, qarmaqları, krevetkaları maşının yek yerində yerbəyer elədikdən sonra “ya qərib imam Rza” – deyib, avtomobilə əyləşir. Qəlyanını odladıqdan sonra yola düşürük.

 

Rüstəm bəy deyir ki, ilk dəfə balıq tutmağa 10 yaşında gedib. Özü də tək yox, sinif yoldaşı ilə:

 

- Sinif yoldaşım Bəhramla balıq tutmağa gedəndə on yaşım ancaq olardı. Biz Ulu çay deyirik, indi Gilan çayı adlanır, kəndimizin yanındakı dağı aşaraq gedib oradan balıq tutmuşuq.

 

- Evdəkilərin xəbəri var idi?

 

- Yox, gizlin getmişdik. Evə qayıdanda ta bizə nələr demədilər ki... Möhkəmcə danladılar. Daşa dəyib çaya düşmüşdüm. Üstüm-başım palçıq idi. Bəhramın atası balıqçı idi. İlk vaxtlar Bəhram məndən daha yaxşı balıq tuturdu. Sonradan mən də bu işdə öz sözümü dedim. İndi ondan qat-qat yaxşı balıq tuturam (gülür). Sözümün canı odur ki, 50 ildir qarmaq atıram. Keçən yay kəndə gedəndə Bəhram müəllimlə təzədən balığa getdik. Keçmiş günləri yenidən xatırladım.

 

Yol uzun, müsahib də şair ola, sual-sual dalınca calanmaya. Birdən Emil Rasimoğlu söhbəti qızışdırmaq üçün arxadan şairə səslənir:

 

- Rüstəm bəy, uşaq vaxtı balıq tutanda başınıza maraqlı hadisələr gəlibmi?

 

- Balıq tutmağa gedəndə elə həmişə başıma maraqlı hadisələr gəlib. Hər dəfə gedəndə aşıb düşmüşəm çaya, suyun içində qayıdıb evə gəlmişəm. Bir dəfə oğlum Orxanla balıq tutmağa getmişik. Orxanın da 5-6 yaşı olar. Balıqları tutub yemişan ağacının altına yığıram. Bir də baxdım ki, iki-üç dənə balıq qalıb. Hardasa 10-15 balıq tutmuşdum. Sən demə mən tutduqca, ağacın altında gizlənmiş ilan onları udurmuş. Birdən Orxan mənə göstərdi ki, ata ilanın ağzındakı balığa bax. Başa düşdüm ki, balıqlarımızı həmin ilan yeyib. Bir dəfə də Bakıda balıq tutarkən çevrilib baxdım ki, arxamda onlarla ilan var. Yay vaxtı idi. Başım balıq tutmağa qarışdığından onları görməmişdim. Ya özlərini günəşə verirdilər, ya da balığın qoxusunu almışdılar.

 

Səməd müəllim maşını kənara çəkib saxlayır. Mağazaya girib özü üçün nəsə almaq istədiyini deyir. Biz də düşürük. Rüstəm bəy balıqçı mağazasına girib qarmaq, qurğuşun – yəni ağırlıq daşı, krevetka götürür. Səməd müəllim də özünə balıqçı “sandalyası” alır. Yola düzəlirik.

 

“Bir dəfə Kürsəngidən 40 kilo balıq tutmuşdum...”

 

Yenə də dilimi farağat qoymuram. Rüstəm bəy Naxçıvan ləhcəsində o qədər maraqlı söhbət edir ki, adam danışdırdıqca danışdırmaq istəyir. Özü də həvəslə danışan adamdır. Müalicədən təzə qayıtsa da, gümrah görünür. Onun balıqçı tərəfini daha yaxından tanımaq istəyirik. Emilə göz vurub sual verirəm:

 

- Rüstəm bəy, balığı tutmağı yoxsa yeməyi daha çox xoşlayırsınız?

 

-  Mən balığı tuturam, amma yemirəm. Balıq yeməyi xoşlamıram.

 

- Hər dəfə balığa gedəndə “yaraq-yasağınızı” təzələyirsiniz, yoxsa...?

 

- Hər dəfə təzələyirəm. Dünəndən hazırlaşmışam. Təzə qarmaqlar almışam. Bu dəfə balığı İngiltərə istehsalı olan qarmaqla tutacağam. İlk dəfə bu qarmaqla tor quracağam. On qarmağa 10 avro pul vermişəm.

 

- Bəs hər dəfə ümumilikdə nə qədər pulunuz çıxır?

 

- Təxminən 150 manat...

 

- Həmişə qarmağı, tilovu xaricdən alırsınız?

 

- Çox vaxt xaricə gedəndə oradan gətirirəm. Burdakıların əksəriyyəti Çin istehsalıdır. Suya atırsan, balığın ağzında qırılır.

 

Rüstəm Behrudinin sönmüş qəlyanını təzədən odlaması söhbətimizdə fasilə yaradır. Nə qədər cəhd edirsə, alışqanı yanmır. Söhbətimizi qaldığı yerdən davam etdirmək üçün arxadan alışqan uzadıram. Rüstəm bəy siqareti Ukraynada olarkən tərgitdiyini, qəlyana keçdiyini deyir. Qəlyanı odladıqdan sonra qaldığımız yerdən sualımızı ünvanlayırıq:

 

- Heç olmasa, tutduğunuz balıqlar xərclədiyiniz pulların mayasını ödəyirmi?

 

-(Gülür) Hərdən çıxarır, hərdən yox. Bir dəfə Kürsəngidən - indi getdiyimiz yerdən 40 kilo balıq tutmuşdum. Özü də tilovla. Ən balacası 1 kilo idi. Bu saat balığın əsl vaxtıdır.

 

- Bəs deyirsiniz balıq yeməyi xoşlamırsınız, bəs o boyda balığı tutub nə edirsiniz ki?

 

- Əsas o balığı tutmaqdı, mən həmin prosesdən həzz alıram. Ac olsam yeyərəm, ürəyim istəməsə, yox. Balıq tutmaq doğrudan da möcüzədir.

 

Səməd müəllim:

 

- Əsas həmin prosesdir, həzz orasındadır, yemək o qədər də önəmli deyil...

 

Emil Rasimoğlu:

 

- Rüstəm bəy, qələm adamısınız, balıq da canlıdır, bəs torunuza balıq düşəndə onun can verməyini görmək sizə təsir etmirmi?

 

- Əvvəllər balığın çırpındığını görəndə ürəyim ağrıyırdı. Özümü çox pis hiss edirdim. Sonradan öyrəşdim. Ta elə şeylərə fikir vermirəm. Təbiətin qanunundur, güclülər zəifləri yeyir. Əski türk inancına görə də insan təbiətin bir parçasıdır.

 

“2700 ildir burdayıq...”

 

Emil Rasimoğlunun xahişi ilə 80-ci illərdə Rüstəm Behrudi imzasını bütün Turan ellərində tanıdan “Salam, dar ağacı” şeirini öz dilindən eşitmək istəyirik. Şair sözümüzü yerə salmır:

 

... Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə…
Dərsini tərs bilən mənimdi növbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

 

Emil Rasimoğlu “nəydi bə?” vurğusuna işarə vurur. Deyir ki, bu şeir sırf Naxçıvan ləhcəsində yazıb. Rüstəm bəy də “bəli” – deyib, başı ilə təsdiqləyir. Söhbət o qədər maraqlı keçir ki, sürücümüz Kürsəngiyə gedən yola burulmur, düz keçir. Haradasa, 30-40 kilometr yolumuzu uzatdığımızı deyir.

 

Yolda həmin ünvana qədər gedəcək bir nəfəri yanımıza alırıq. Həm o öz evinə gedəcək, həm də bizə mənzil başına çatmaqda kömək edəcək. Bu dəfə Emilin dili farağat durmur. Sifət quruluşuna görə məşhur hind aktyoru Raç Kapura bənzəyən bu adam çölçü olduğunu deyir. Şair Emil Rasimoğlu ondan Salyandan olub-olmadığını soruşur:

 

- Salyandanam.

 

Emil Rasimoğlu:

 

- Harasından?

 

Çölçü kişi:

 

- Elə Kürsəngiyə 2 kilometr qalmış düşəcəm. Orada qalıram. Çölçü adamam.

 

Emil Rasimoğlu:

 

- Elə mən də Salyandanam. Amma əslim Qərbi Azərbaycandandır.

 

Çölçü kişi:

 

- Onsuz da Salyanın hamısı gəlmədir. Təmiz salyanlı var ki? Mənim babam rəhmətlik seyid idi. Deyirdi ki, salyanlıların əsli Hindistandandır. 2700 il əvvəl oradan gəliblər.

 

Məni bir dəli şaqqanaq tutur. Hamı gülüşür. Rüstəm bəy əsəbiləşir:

 

- Kişi, Əli bəy Hüseynzadəni tanıyırsan?

 

Çölçü kişi:

 

- Yox başıua dönüm. Çölçü adamam. Amma adını deyəsən eşitmişəm.

 

- Kişi, 100 əvvəl ömür sürmüş adamı tanımırsan, 2700 il əvvəldən dəm vurursan.

 

Çölçü kişi dinmir. “Qabaqdakı dirəyin yanında saxla” – deyib, maşını saxladır. Düşərkən evlərinə dəvət edir. “Yolçu yolda gərək” – deyib Kürsəngiyə doğru irəliləyirik.

 

“ Kubada 15 dəqiqəyə 27 balıq tutdum...”

 

Mənzil başındayıq. Rüstəm Behrudi ilə Emil Rasimoğlu bir tərəfdə, Səməd müəllim də o biri başda tilovlarını, qarmaqlarını düzəldirlər. Tilovun deşiklərindən “jilka”nı keçirdikdə Rüstəm Behrudi ilə söhbətləşirik. Deyir ki, balıq tutmaq üçün Çinə də gedib, İsveçə də. Hətta okeanın o tayında Kubada da tilov qurub:

 

“Kubada 15 dəqiqəyə 27 dənə balıq tutdum. Okean balığı idi. Hərəsi 8-10 kilo olardı. Çox böyük balıqlar idi. Ölkədə başqa yerə balığa getmirəm. Kürsəngidə tilov atmağın da öz ləzzəti var. Çox sakit yerdir”.

 

Səməd müəllim iki tilovun ikisini də artıq hazır edib. Tilovlarını kanalın baş tərəfində atır,  stulunu altına çəkib əyləşir.

 

Emillə Rüstəm bəy isə təxminən 100 metr aralıda özlərinə məkan seçirlər.

 

***

 

İki saat keçir, cəmi bir balıq tutub Rüstəm bəy. Özü də çox balacadır. Rüstəm bəydən fərqli olaraq, mən çox sevinirəm. O, balaca olduğu üçün balığı çaya atmaq istəyir. Mən qoymuram. Çox keçmir ki, çabalayan balıq canını tapşırır...

 

Ova və söhbətə davam edirik:

 

- Şair, ən çox nə vaxt balıq tutmağa içinizdə həvəs yaranır, yaxud da qarmaq atmağa ehtiyac hiss edirsiniz?

 

- Hər gün balıq tutmağa aparan olsa, gedərəm. Ondan başqa əyləncə növü bilmirəm. Həm əyləncə növüdür, həm də orada düşünmək üçün vaxt çox olur. Tural, bir dəfə də sənə demişdim ki, hətta həyat yoldaşım onunla ömür sürdüyümüz uzun illər ərzində yazı yazdığımı görməyib. Çünki mən həmin şeirləri, yazacaqlarımı balıq tutarkən düşünürəm. Hazır olandan sonra elə orada da yazıram. Mənim yazı prosesim bu cürdür.

 

Emil Rasimoğlu:

 

- Onda belə çıxır ki, evinizdə yazı otağınız yoxdur?

 

- Evdə çox gözəl iş otağım var, Səməd müəllim də görüb. Mən həmin otaqda bir misra da şeir yazmamışam. Sadəcə, xanımım görüntü üçün düzəldib ki, mənim də işləmək üçün otağım olsun. Çünki xaricdən tez-tez hörmətli qonaqlarım gəlir, görsünlər ki, mənim də iş otağım var (gülür).

 

Sizə olan bir xatirəni danışım, mənim ilk adım Rüstəm yox, Yasin olub. Yasin də Qurandan gəlir, bilirsiniz. Dədəm də, babam da din adamları olub. Anam danışır ki, 5 yaşım olanda mən ölmüşəm. Atam da həmin vaxt Parağada mədəndə işləyirmiş. Gözləyiblər ki, atam gəlsin, sonra aparıb məni basdırsınlar. Axşamçağı atama xəbər göndəriblər ki, gəlsin. Həmin mədənin yerləşdiyi yer isə Kiçik Qafqazın ən uca zirvəsidir - 3907 metr. Atam gələndən sonra götürüb dəfnə apararkən təzədən dirilmişəm. Bizim kənddə bir Mirmöhsün ağa vardı. Həmin molla atamgilə deyib ki, bunun adını dəyişin, bu ad bunun üstündə qalsa, uşaq öləcək. Beş yaşından sonra adımı dəyişib Rüstəm eləyiblər. Nə fərqi var, bir ərəb adını çıxarıb, başqasını qoyublar (gülür).

 

- İndiyə kimi tutduğunuz balığın ən böyük çəkisi nə qədər olub?

 

- Bayaq dedim, Kubada okeanda tutmuşam həmin balığı, 8-10 kilo olardı. Həmin balıqlar bizimkilərə bənzəmirdi. Çox fərqli idilər. Onların üzgəcləri ülgüc kimi idi. Adamın əlini doğraya bilərdi. Dedim ki, mən bunları nə edəcəyəm, yaxınlıqda delfinlər var idi, onlara atdım. Qorxdum ki, üzgəcləri mədələrini doğrayar, delfinlər balıqları elə uddular ki, heç nə də olmadı (gülümsünür).

 

- Bəs burada tutduğunuz balığın ən böyüyü neçə kiloqram olub?

 

- 4 kilo 600 qram idi deyəsən.

 

- Bəzən 6-7 saat burada qalırsınız, tutduğunuz balıqlar günün altında həmin müddətdə xarab olmur ki?

 

- Yox, özümüzlə tor gətiririk. Tutduğumuz balıqları “setka”ların, torların içərisinə salıb, suya salırıq. Gedəndə də özümüzlə aparırıq.

 

- Evə aparırsınız yoxsa...?

 

- Yoox, qonum-qonşuya, uşaqlara verirəm. Uzaq başı, evə birini apararam. Balaca qızım var, onun üçün...

 

- Gecə balıqdan evə gec gələndə nə deyirlər?

 

- Anam indi də bir az gec gələn kimi danlayır. Deyir, çaydan çıx, ta bəsdir. Uşaq vaxtı o qədər çaya düşmüşəm ki, ona görə indi də narahat olur (gülür).

 

- Gecə balığa gedəndə qorxmursunuz ki?

 

Anam danışır ki, sən 12 sentyabr 1957-ci ildə doğulmusan. Amma mənim üçün gün, ay, il maraqlı deyil. Anam danışır ki, sən doğulan gecə kənddə qurdlar ulaşırdı. Anam heç bəlkə də qurd görməyib, səsini eşidib. Demək, bu mənim taleyimdir. Mən “Ölüm, xoş gəldin” şeirini yazan adamam, nədən qorxacağam?. Dar ağacına salam verib, ondan aleykum salam almış biri də ölümdən qorxarmı? Sadəcə olaraq biz yaşamağa məhkumuq. Mən millətin taleyi ilə bağlı şeirlər yazmasaydım, öz həyatımı tamam başqa cür yaşaya bilərdim.

 

- Kişi elədiyini deməz, amma maraqlıdır, kimlərə əl tutmusunuz?

 

- Həyatım boyu mənə kim müraciət edibsə, ona gücüm çatan qədər yaxşılıq etmişəm. Hətta gücüm çatmayan yaxşılıqları da eləməyə çalışmışam. Həmişə yaxşılıq edib çox vaxt əvəzində pislik görmüşəm. Buna baxmayaraq, peşman deyiləm. Qoy onlar mənə borclu olsun. Baltazarın bir sözü var, deyir ki, hər bir yaxşılığın pislik adlı bir qarşılığı var. Sonralar başa düşdüm ki, bu yazıq ispan filosofu düz deyirmiş. Bayaq da dedim, hətta uşaq vaxtı oturub-durduğum ermənilərdən də etdiyim qarşılıqlar fonunda pislik gördüm.

 

- Deyəsən ermənilərdən siz də çox çəkmisiniz..?

 

- Lemik Arutunyan adında bir alman dili müəllimimiz vardı. Özünü o qədər alicənab aparmışdı ki, hamı onun başına and içirdi. Sonradan məlum oldu ki, “Krunk” təşkilatının Naxçıvan üzrə lideri imiş. Onun bu əməlinin üstü açılana qədər mən həmin adamla dostluq etmişdim. Babam isə məni həmişə danlayırdı ki, onlardan uzaq dur. Onlar düşməndi – deyirdi. Çünki o vaxt babamın ata-anasını ermənilər öldürmüşdü. Qaçaqaçda 14 yaşlı qardaşını daşnaklar vurmuşdu. Dayısının kürəyinə samovar bağlamışdılar. Babam həmişə ermənilərlə oturub-durduğuma görə məni danlayırdı. Deyirdi ki, onlardan adam olmaz. Gün gələcək bunların hamısını görəcəksən. Hadisələr başlayanda babam məni çağırdı. Dedi ki, bunların kim olduğunu mən sənə demişdim. 13-14 yaşımız olanda başa düşmürdük, nə qanırdıq ki, düşmən nədir, bu cür hadisələr ola bilər...

 

“Balıq tuta-tuta yazdığım şeir mənə mükafat qazandırdı...”

 

Xırdaları saymasaq, artıq üç balıq tutub. Hərəsi 300-400 qram olar. Deyəsən biri sazandır. Bunu ərazinin qarovulçusu Vahid kişidən eşidirəm, Vahid kişi tutulan balıqları gün xarab etməsin deyə gedib tor gətirir. Balıqları torun içərisinə salıb, ağzını bağlayıram. Bir kəndirə ilgək vurub, suya atıram.

 

Şair Emil Rasimoğlu elə bu vaxt sevincək qışqırır ki, Rüstəm bəyin tilovuna balıq düşüb. Rüstəm bəy tilovu çəkəndə yekə bir balıq olduğunu görürük. Tilovu yuxarı qaldırmaq istəyəndə “jilka” kol-kosa ilişir. Balıq tilovdan canını qurtara bilir. Şairin qaşları düyünlənir. “Gəlin gedək bir çay içək, sonra gəlib tutarıq” - deyir. Tilovlara krevetka atıb qarovulçu Vahidin termos çayına qonaq oluruq. Günün istisində termos çayı dodaqlarımızı islatdıqca gözümüzə işıq gəlir:

 

- Rüstəm bəy, balıqdan başqa hobbiniz var?

 

- Bir bağım var, oradakı gül-çiçəklərə qulluq etməyi çox xoşlayıram. Dünyanın harasına getsəm, oradan gül-çiçək gətirib əkmişəm. Hollivudun həyətindən gül kökü çıxarıb gətirmişəm. Afrikadakı meşələrdən, Vyetnamdan gül çıxarıb gətirmişəm. Dünyanın dörd bir yanından gətirdiyim güllərə qulluq edirəm. Boş olanda bağda güllərin qeydinə qalıram.

 

Səməd müəllimi çaya dəvət etmək üçün Rüstəm müəllimin papağını yelləyirəm. Birdən yadımıza düşür ki, yeznəsi oruc tutub. Özümə və Emilə çay süzüb söhbətimizə davam edirik:

 

- Rüstəm bəy, bayaq Vahid kişi dedi ki, balıq tutmaq üçün Çinə də getmisiniz. Düz deyir?

 

- Çinə də getmişəm, Kubaya da, Vyetnama da, Afrikaya da. Hətta İsveçdə də balıq tutmuşam.

 

- Bəs toru, qarmağı haradan alırsınız?

 

- Özümlə götürmüşəm.  Sizə bir maraqlı əhvalat danışım. Deməli, günlərin bir günü Kubaya gedirik. Hər yerə gedəndə balıq tutmaq üçün bütün ləvazimatlarımı özümlə götürürəm. Təbii ki, qardaşlarımla gedirəm və mən də onlardan yaşca böyük olduğum üçün əşyalarımı, çantalarımı qardaşlarım daşıyır. Qardaşım dedi ki, tilov-zad götürmə, Kubadan alarıq. Dedim, yaxşı, amma yenə də tilovumu götürdüm. Oraya çatanda bizi səfir qarşıladı. Bir az söhbət edəndən sonra səfir dedi ki, şeirlərini oxumuşam. Çoxdandır ki, səni görmək istəyirdim, ürəyin nə istəyirsə, sənin üçün eləyim. Çox alicənab bir adam idi. İndi deyəsən, səfir deyil, qayıdıb. Mən də səfirə dedim ki, balıq tutmaq istəyirəm. Tilov istədiyimi dedim. O da sürücüsünə ispan dilində nəsə dedi. Sürücü çıxıb getdi. Axşamüstü sürücü qayıdıb gəldi. Səfirlə otelin həyətində çay içirdik. Gördüm ki, səfir sürücüyə hirsləndi. Maraq məni götürdü. Niyə hirsləndiyini soruşdum. Qayıtdı ki, bütün Havananı gəzib amma tilov tapmayıb. Sən demə, kubalılar balıq tutmurmuş. Acından ölsələr də balıq tutmaqla işləri yoxdur. Nə yaxşı ki, tilovu özümlə aparmışdım. Üzümü çevirdim qardaşıma, dedim ki gördünmü indi düz hərəkət elədiyimi (gülür).

 

- Harda daha maraqlıdır balıq tutmaq – Çində, Kubada, yoxsa burada?

 

- Orada balıq tutmaq adama maraqlı deyil, çünki hər tərəf balıqdır. Oralarda sudan çox balıq var, o qədər böyük balıqlar var idi ki, az qalırdılar adadakı adamlara hücum edib yesinlər. Doğrudan yemək istəyirdi... Bizdə balıq tutmaq çox maraqlıdır. Çünki suyun altında balığı görmürsən, möcüzəlidir. Çayda, kanalda balıq tutmaq okeana tilov atmaqdan daha zövqlüdür, daha yaxşıdır. Çünki nigaran-nigaran gözləyirsən. Mirzə Cəlilin bir felyetonu var “Nigarançılıq”, həmin əsərdə deyir ki, dünyada ən gözəl şey nigarançılıqdır. Biz çayda balıq tutarkən həmin nigarançılığı çəkirik və bu bizə ləzzət verir.

 

Emil Rasimoğlu:

 

- Balıq tutarkən yazdığınız hansı şeirinizi xatırlayırsınız?

 

- Çox olub. Məsələn, “Yelkənsiz gəmi, İsa, sərxoş buludlar”. Bu şeiri 8 il əvvəl yazmışam. Həmin şeirə görə Avropada Türk dünyası Uluslararası şeir festivalının qızıl medalını almışam. Hamı elə bildi ki, orada “Salam dar ağacı”nı deyəcəyəm. Amma bu şeiri dedim. Özü də məni tanıyırdılar. Səhnənin arasından keçib kürsüyə doğru gedəndə “Dar ağacı gedir” – deyirdilər. O mükafatı balıq tutmağa borcluyam, özü də burada yazmışam.

 

Elə bu vaxt Rüstəm bəyin Salyandakı dostları onun Kürsəngiyə gəldiyini eşidib, bir qutu “Sirab”la şairi yoluxmağa gəlirlər. Biz dostları baş-başa qoyub, Səməd bəyin yanına yollanırıq.

 

“Bayaqdan balıq yemləyirəm...”

 

Səməd bəyin zınqırovlu tilovundan səs gəlmir. Səhərdən bəri cəmi bir balıq tutub. Tutduğu balığı da kəndirləyərək suya atıb ki, ölməsin. Tilovun üstünə bərkidilmiş zınqırovun hansı işə yaradığını soruşuram:

 

“Fit çalırsa, deməli tilova balıq düşüb. Krevetkam qurtarıb. Ümidim çörəyə qalıb. Hələ belə balıq görməmişəm. Çayda balıq çoxdur. Çörəyi krevetka formasında ovuşdurub tilova bərkidirəm amma yeyib qaçırlar. Bayaqdan burada balıq yemləyirəm (gülür)”.

 

Elə bu vaxt Emil Rasimoğlu qışqırır. Tilovuna düşmüş balığı çəkib çıxarır. Ardınca mən bəxtimi sınayıram. Xırda balıq tuturam. Elə sevinirəm ki, yeriniz məlum. Tez sellofan torbaya qazlı su töküb tutduğum balığı oraya atıram. Balıq beş dəqiqədən sonra tərpənmirdi...

 

“İlk sazanı bu gün Rüstəm müəllim tutdu...”

 

Artıq şər qarışır. Rüstəm Behrudi dostları ilə sağollaşıb, tilovunun üstünə qayıdır. Onun tilovlarına isə qarovulçu Vahid Osmanov keşik çəkir. Vahid kişidən Rüstəm Behrudinin balıqçılıq məharəti haqqında soruşuram. Deyir ki, Rüstəm bəy əvvəl Mobil adlı bir həkimlə balığa gəlirmiş.  Xeyli balıq tuturmuşlar. Əksəriyyəti də 300-500 qramlıq balıqlar olurmuş:

 

- Bəzən tutduqları balıq on kilodan da çox olub. İndi balıqlar kürüdən təzə çıxıb. Balıq tutulan vaxt deyil. Balıqlar təzə-təzə qarmağa dəyməyə başlayıb. Bu gün Rüstəm müəllim ilk dəfə burada sazan balığı tutub. İndiyə kimi heç kim burada sazan tutmamışdı.

 

Emilə sözləşib Vahid kişini sorğu-suala çəkirik:

 

- Rüstəm bəyin balıq tutarkən başına maraqlı hadisə gəlibmi? Özü burada yoxdur, gələnə kimi danışın. Qorxmayın, heç kimə deməyəcəyik...

 

- (Gülür, zarafat etdiyimizi başa düşür) Hə, bir dəfə olub. Günlərin bir günü səhər tezdən gəlmişdilər. Qarmağı atmışdılar, amma heç nə tuta bilmirdilər. Qayıtdı ki, Vahid, deyəsən bu gün balıq tuta bilməyəcəyik, səhərdən qarmağa balıq dəyməyib. Dedim ki, müəllim, narahat olmayın, Allah Kərimdir. Elə onlardan bir az aralaşmışdım ki, Rüstəm müəllim arxadan məni səslədi. Dedi ki, Vahid qarmağa bir yekəsi ilişib, amma çıxara bilmirəm. Bir başqa uşaq, bir də mən köməyə gəldik. Yekə bir balıq idi. Az qalırdı Rüstəm müəllimi də çəkib aparsın... Deyəsən, o da sazan idi. Balığı çıxardıq. Elə sevinirdi ki... Uzun illərdir buraya gəlib-gedir. İlk dəfədir ki, Rüstəm müəllimin qarmaq başında bu qədər sevindiyini görürdüm.

 

- Düzünü deyin, tilovuna düşən balıq Rüstəm bəyi çəkib suya salıbmı?

 

- Yoox, yox, vallah, o olmayıb. (Emillə biz gülürük. Vahid kişi isə bığaltı gülümsünür).

 

Şər qarışıb. Demək olar ki, göz-gözü görmür. Milçəklər də bir yandan bədənimizə daraşıb, Emil bir tərəfdə qollarını şillələyir, mən də tutulmuş balıqların yanında özümü şapalaqlayıram. Rüstəm Behrudi isə başına gur işıqlı fanarı keçirib, tilovuna çörək ovur, qarmaq atır. İllərin balıqçısı olduğunu bu dəfə də sübut etmək üçün sonuncu cəhdinə əl atır. Krevetkaların “apilkalarını”, çörək qırıntılarını suya atıb tilovu da onların dalınca göndərir. Hövsələmiz çatmır, maşında əyləşirik. Səməd müəllim də bir yandan deyir ki, tutmasa getməyəcəyik. Canımıza qorxu düşür ki, istədiyi böyük balığı tutmasa, milçək burada bizim axırımıza çıxacaq. Milçəklər avtomobilin içərisində də bizi rahat buraxmır, axşamın alatoranında bizi özümüzə şillələdir.

 

Elə bu vaxt Rüstəm bəyin sevinclə qarışıq səsini eşidirik. Tilovun ucundakı iri balıq çabalayır:

 

- Aaaaxııır ki!!! Tutdum!!! Di getdik...  Sizə demişdim ki, mən balıqçıyam.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>