Sizin link burada

Van gölü, qan gölü və Paşinyanın oğlu...

 

Sosial şəbəkənin Azərbaycan seqmentində Ermənistanın baş naziri Paşinyan yenə müzakirə mövzusu oldu. Daha doğrusu, Paşinyanın oğlu. Deyilənə görə, Paşinyan oğlunu hərbi xidmətə göndərir, özü də Qarabağa.

 

Bundan əvvəl Paşinyanın dediyi, daha doğrusu, demədiyi sözün müzakirəsinə xeyli vaxt sərf elədilər. Səmərəsiz.

 

Görünən budur ki, Paşinyan doğurdan da oğlunu hərbi xidmətə Qarabağa göndərirsə, bu xəbərdən də səmərəsiz istifadə olunur...

 

Yenə yersiz hədə, yenə yersiz tənə, yenə yersiz lağ...

 

Amma heç kim demir ki, Paşinyan diplomatlarımız üçün əla bir manevr imkanı yaradıb.

 

Necə?

 

Çox sadə.

 

Əlbəttə, Ermənistan vətəndaşlarının xidmət etdikləri Ermənistan ordusunun Qarabağda olması gizli fakt deyil. Amma Paşinyanın oğlunun Qarabağa göndərilməsi məsələsi situasiyaya yeni çalarlar əlavə edir. Paşinyan Ermənistan vətəndaşıdır. Paşinyanın oğlu da Ermənistan vətəndaşıdır. Deməli, Ermənistan vətəndaşı olan oğul Paşinyanın Qarabağa göndərilməsi işğal faktının açıq təzahürüdür.

 

Paşinyan bu gün baş naziri olduğu Ermənistan Respublikasının sələfi Ermənistan SSR ali qanunverici orqanları tərəfindən qəbul olunmuş qərarlardan çıxış edərək bu addımı atır. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən 15 iyun 1988 və 1 dekabr 1989 tarixli qərarlar qüvvədədir və Paşinyan da bu qərarlara sadiqliyini göstərməkdədir. Bu isə Azərbaycan ərazilərinin işğalda saxlanıldığının əyani sübutudur.

 

Paşinyan Qarabağa münaqişəsi ilə bağlı verdiyi aqressiv bəyanatlarla, atdığı populist addımlarla nizamlanmaya ciddi yanaşmadığını bir daha ortaya qoyur.

 

Paşinyanın verdiyi bəyanatlar göstərir ki, o məsələnin mahiyyətini anlamır və yaxud da anlamadığını göstərmək istəyir. O, sanki Van gölündən danışır, amma dərk eləmir ki, ortada qan gölü var. Və bu qan gölü məhz öz millətini siyasi iddialara qurban vermək yolu tutanların günahı ucbatından yaranıb. Sözsüz ki, bu qan gölünü qurutmaq asan deyil. Amma bu gölə yeni qanlar axıtmaqla problemi həll etmək yox, ancaq qan gölündə boğulmaq olar.

 

Bax elə buna görə də diplomatlarımız bir az çevik düşüncə ortaya qoymaqla, Azərbaycanın xeyrinə manevr imkanları əldə edə bilərlər. Çox təəssüf, bəziləri hesab edir ki, diplomatlarımız yox, hərbçilərimiz əlini çabuk tutmalıdır. Paşinyanın oğlu cəbhə xəttinə gəlir axı...

 

Yeri gəlmişkən. Cavabını gözləyən suallardan biri də danışıqların formatı ilə bağlıdır. Paşinyan bu ritorika ilə danışıqlar masasınamı oturacaq?

 

Bu barədə gələn dəfə...

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>