Sizin link burada

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. Lent.az-ın Həydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.

 

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibəti ilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

 

Mərasimdə çıxış edən Arzu Əliyeva bildirib ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir. Arzu Əliyeva deyib:

 

- Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm.

 

Sonra BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz mərasimdə çıxış edib.

 

Daha sonra “Son iclas” filminin təqdimatı olub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

 

Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>