Sizin link burada

"Azərsu"dan abonentlərə YENİLİK

“Azərsu” ASC istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən sayca 12-ci - "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı elektron xidmət istifadəyə verilib.

 

 

Lent.az-ın məlumatına görə, yeni xidmətin təqdimatına həsr olunmuş mətbuat konfransında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı son illər elektron xidmətlərin tətbiqi dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadənin əhəmiyyətindən danışıb. Bildirib ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq indiyədək 11 növdə elektron xidmət istifadəyə verilib. Sayca 12-ci olan "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı xidmət  mexaniki sayğacları olan əhali qrupu abonentləri üçün nəzərdə tutulub. Mövcud qaydalara görə mexaniki sayğaclar üzrə fakturaların (borc bildirişlərinin) verilməsi üçün sayğac göstəriciləri nəzarətçilər tərəfindən oxunmalıdır. Bunun üçün mənzillərə daxil olmaq və sayğaclara baxış keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğac göstəricilərinin oxunması mümkün olmur və ya qeyri-dəqiq məlumatlar verilir. Bu da sonradan bir sıra anlaşılmazlıqlara səbəb olur. Yeni xidmətin tətbiqindən sonra abonentlər  sayğac göstəricilərini fərdi şəkildə, elektron qaydada təqdim edə biləcəklər.

 

“Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin rəisi Emil Əhmədov "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" adlı elektron xidmətinin təqdimatını edib. Bildirib ki, bu xidmətdən www.e-gov.az  portalında qeydiyyatdan keçmiş şəxslər istifadə edə bilərlər. Bunun üçün portalının xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" elektron xidməti seçilməlidir.

 

Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar abonent kodunu, sayğacın zavod və plomb nömrələrini, sayğacın son göstəricisi və oxunma tarixi barədə məlumatları təqdim etməli,  sayğacın həmin dövrə olan şəklini fayl formasında (pdf, jpg, jpeg, png formatında) qoşmaya əlavə etməlidir. Eyni zamanda müraciət edən şəxs əks əlaqə üçün işlək telefon nömrəsi və ya elektron poçt ünvanını göstərməlidir. Əgər bir ünvanda bir neçə sayğac olarsa, onda hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir.

 

Daxil edilən məlumatlar düzgün olduğu halda “Müraciət et” düyməsi seçilir və “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik.” bildirişi ekranda əks olunur. Bundan sonra müraciət cavablandırılması üçün müvafiq struktur bölməsinə  yönləndirilir. Elektron müraciət qeydiyyata alındığı gündən ən geci 5 iş günü müddətində cavablandırılır. Bundan sonra təqdim olunmuş bildiriş əsasında abonent ödəniş apara bilər. Əgər abonent təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.

 

Müraciətin nəticəsi olaraq formalaşan fakturanı abonent www.e-gov.az  portalından əldə edə bilər. Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir, əks halda müraciət etibarsız sayılır və sorğu icra edilmir. Müraciət formasındakı uyğunsuzluqlar və yanlışlıqlar aradan qaldırılanadək  müraciətin qəbulundan imtina edilir.

 

"Bu xidmət bizim abonentlər üçün daha vacib elektron xidmətlərdən biridir.  Son illərdə 3 mindən çox yaşayış binasında su sayğacları mənzillərin daxilindən çölə çıxarılıb. Bizim mexaniki su sayğaclarının əksəriyyəti mənzillərin daxilində yerləşir. Bu isə borcun hesablanması ilə bağlı bir sıra problemlər yaradırdı. Bu və ya digər səbəblərdən nəzarətçi sayğacın göstəricisini öyrənə bilmirdi. Yeni elektron xidmət bu problemləri aradan qaldıracaq. Abonent sadəcə abonent kodu, sayğacın nömrəsi, plombun nömrəsini daxil etməklə, sayğacın şəklini göndərməklə borcunu öyrənə və ödəyə biləcək", - deyə A. Cəbrayıllı vurğulayıb.  

 

A.Cəbrayıllı əlavə edib ki, "Azərsu" elektron xidmətlərin göstərilməsi ilə bağlı dövlət qurumları arasında 5-ci yeri tutur: "Azərsu" ASC tərəfindən 2012-ci ildə ilk elektron xidmət istifadəyə verilib. 2014-cü ildə 1, 2015-ci ildə 2, 2016-cı ildə 3, 2017-ci ildə 4, 2018-ci ildə 1 elektron xidmət istifadəyə verilib. 2018-ci ildə 4 əlavə elektron xidmət də istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə bu xidmətlərin 16-ya çatdırmağı düşünürük. Elektron xidmətlərə müraciətlərin sayı 2013-cü ildə 21, 2014-cü ildə 5181, 2015-ci ildə 13 644, 2016-cı ildə 40 760, 2017-ci ildə 347 283, 2018-ci ildə isə 155 464 ədəd olub".

 

A.Cəbrayıllı bildirib ki, bu il ərzində "Azərsu" ASC daha 5 elektron xidmət istifadəyə verməyi planlaşdırır.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>