Sizin link burada

"Azərbaycanda nikahdan kənar 20 min uşaq doğulub" - VİDEO

Azərbaycanda ailə planlaşdırılması məsələsi son zamanlar geniş müzakirələrə səbəb olub. İmkansız ailələrdə uşaqların sayının çox olması ilə bağlı fikirlər də birmənalı qarşılanmayıb. Lent.az-ın canlı yayımında bu məsələlər müzakirə edilib.

 

“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova söylədi ki, qanunla heç bir məhdudiyyət və normativləşdirmə yoxdur ki, uşaqların sayı bu qədər olmalıdır: “Qanunda var ki, biz dünyaya gələn hər bir uşağın hüququnu təmin etməliyik. Yəni uşaqlarla bağlı məsələdə biz heç bir limit qoya bilmərik. Azərbaycanda əhali artımı ilə bağlı elə bir problem olmadığına görə belə bir limitləşmə də yoxdur. Əksinə, sosial baxımdan uşaqların sayının çox olmasının tərəfindəyik. Əsas təklifimiz odur ki, icra strukturlarında sosial işçilər, psixoloqlar olsun və problemli ailələrlə iş aparılsın”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ailə planlaşdırması məsələsi bizim əhali üçün prioritet məsələyə çevrilmir: “Ailənin planlaşdırılması, uşağın dünyaya düşünülərək gətirilməsi, onun sağlam olması kimi məsələlər əhali arasında populyarlıq qazana bilmədi. Həmçinin əvvəlki o ailə obrazı indi yoxdur. Qadın və kişi ailə olaraq məsuliyyəti öz üzərinə götürmək istəmir. İnsanlar ailə yükü daşımaq istəmirlər və bundan imtina edirlər. Azad olmaq istəyirlər, düşünürlər ki, bununla məsələ həll olunacaq. Bu gün sadəcə eşq-məhəbbət üçün, nəsil artırmaq, kimlərinsə məsləhəti ilə ailə quranlar var. Çox az ailələr var ki, ailə qurmazdan əvvəl bütün tibbi müayinələrdən keçirlər ki, uşaqları ilə bağlı gələcəkdə heç bir problem yaranmasın. Reallıq budur. Biz qanunvericilikdən danışırıq, müzakirələr edirik, amma bununla bağlı ümumi mənzərə heç də ürək açan deyil”

 

G.Səfərova məlumat verdi ki, Azərbaycanda reproduktiv sağlamlıqla bağlı qanun yoxdur: “10 ildir bu qanun layihəsi müzakirəyə çıxarılsa da, hələ də qəbul olunmayıb. Bunun əhəmiyyəti nədədir. Qanunla uşağın dünyaya gəlib- gəlməməsinin hüququ anadadır. Bu gün bizim ailə planlaşmasından danışan kütlə, onsuz da təhsilli kütlədir. Biz o insanlarla işləməliyik ki, onlara əl çatmır. Acınacaqlı statistika var. Nikahdan kənar 20 min uşaq dünyaya gəlib. Bunlar sosial ailələrdə dünyaya gələn uşaqlardır. Biz bu məsələlərdə dövlətin dəstəyini istəyirik, çünki dövlət onları izləyə bilər. Hansısa QHT-lərin bunu izləmə mexanizmi yoxdur. Ailə siyasətinə dəstək olmaq üçün sosial paketlər olmalıdır. Azərbaycanda çoxuşaqlı analara dövlətin verdiyi sosial təminat 55 manatdır. Burada 5-dən artıq uşağı olan analar nəzərdə tutulur. Gündəlik real həyatda bu məbləğin əslində heç nəyə çatmadığını çox gözəl bilirik”.

 

M.Zeynalova bildirdi ki, bu məsələlərdə qadının özünün cəmiyyətə inteqrasiyası əhəmiyyətlidir: “Məsələn, qadın gəlir 3 uşaqla sığınacağa və biz ilk olaraq onun iqtisadi məsələlərini həll etməyə çalışırıq. Çünki, uşaqlar var, onların təhsili var və sair. Deyirik ki, gəlin boşanmadan əvvəl ailədəki münasibətlərə baxaq ki, həmin problemlər həll olunandır, yoxsa yox. İnsan özünə qarşı məsuliyyətsiz ola bilər, amma övladına qarşı məsuliyyətsizlik yolverilməzdir. Həmçinin boşanma prosesində ata və ana tərəfindən uşaqların istəyi, onların problemləri nəzərə alınmır. Özlərinin eqosunu, prinsiplərini daha üstün tuturlar. Uşaqların travması, hüquqlarının pozulması nəzərə alınmır. Əgər məsələyə bu tərəfdən yanaşsaq, bu, hər iki tərəfin cinayətidir, qadının da, kişinin də. Çox rastlaşırıq ki, ana uşağı ataya, ata da anaya qarşı öyrədir. Yəni anormal bir mühitdir. İnsanların şüurunda inkişaf olmasa, qanunlarla nələrisə dəyişmək olmayacaq”.

 

G.Səfərova deyir ki, ailədə baş verən zorakılıq məsələsinə hər kəs həssas yanaşmalıdır: “Çox heyf ki, bizdə zorakılıq faktı adətən gizli gedir. Bunu çox az ailə açıb-ağardır, haqqında çıxıb danışır və hüquq-mühafizə orqanlarına məlumat verir. Mən bir hüquqşünas kimi bu cür qadınlara deyirəm ki, əgər ailədə zorakılığa məruz qalırsınızsa, öz hüququnuzu müdafiə edin. Zorakılığın qarşısını almaq üçün tədbirlər görün. Haqqında danışdığımız sosial işçilər ailəyə girsə, məsələ müəyyən mənada həll olunar. Çünki bizdə ailə mürəkkəb bir quruluşdur və tabu  sayılır. Xanımlarımızın bu sahədə gücləndirilməsinə çox ehtiyac var. Valideynlərə üzümü tutub deyirəm ki, xüsusilə də qız uşaqlarını tərbiyə edərkən onlara özgüvən aşılayın”.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>