Sizin link burada

Ceyran, tülkü, ilan, canavar... - ŞİRVAN MİLLİ PARKINDAN REPORTAJ

“Təbiətimiz - evimizdir”. Evimizi qoruduğumuz kimi, təbiətimizi də qorusaq, o zaman flora və fauna aləmində balans da qorunar, biz də zaman-zaman təbiətin bu gözəlliklərindən zövq ala bilərik.
 
 
 
APA TV-nin məlumatına görə, Azərbaycanın zəngin təbiətinin yerli və əcnəbi turistlər üçün daha da cəlbedici olması, daha dəqiq desək, ekoturizmin inkişafı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi genişmiqyaslı layihəyə start verib. Jurnalistlər üçün nəzərdə tutulan media turlarda milli park ərazilərinə səfərlər təşkil olunacaq. İlk belə səfər Şirvan Milli Parkına olub.
 
 
 
Azərbaycan ərazisində  9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. Bakıdan təxminən 100 km cənubda, Kür-Araz ovalığında yerləşən park Qaradağ, Salyan və Neftçala rayonlarının ərazisini əhatə edir. Park ərazisini cəmi 2 AZN ödəməklə gəzmək olar. Yerli və əcnəbi turistlər üçün 11 marşrut xətti müəyyən edilib. Burada flora və faunanın yüzlərlə növü mövcuddur. Lakin Şirvan Milli Parkının əsas simvolu ceyranlardır.
 
 
 
Şirvan Milli Parkı Azərbaycanda yaradılan ilk parklardandır. Biomüxtəlifliyi ilə zəngin olan parkdır. Qeyd etmək yerinə düşər ki, Avropa ceyranların ən çox məskunlaşdığı park məhz Şirvan Milli Parkıdır.
 
 
 
Balalama mövsümü olduğundan, parkın əsas simvolu olan ceyranları sürü halında yaxından müşahidə etmək mümkün olmasa da, onlardan bir neçəsini videokamera ilə çəkə bildik.
 
 
 
Milli parklarda flora və faunanın ayrı-ayrı növləri deyil, bütün təbiət qorunur. 65350 hektarlıq ərazisi olan Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının  başlıca komponentlərini, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaqdır. Milli parkda 10-u ilan olmaqla, 22 sürünən növü də var. Onların arasında zəhərli gürzəni qeyd etmək olar.
 
 
 
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazi şərqdən Xəzər dənizi ilə əhatə olunub. Şimalda Baş Şirvan kollektoru, Qızılqaz gölü və s. mövcuddur ki, bu da heyvanları su ilə tam təmin edir. Yeri gəlmişkən, səfər çərçivəsində 5 min hektar ərazini əhatə edən Qızılqaz gölünə də getdik. Təəssüf ki, köç mövsümü olduğundan, qızıl qazları, başqa sözlə desək, flaminqoları görə bilmədik.  
 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, Şirvan Milli Parkı biomüxtəlifliyi ilə zəngindir: “Bu ərazidə təbiət özü balansı tənzimləyir. Böyük ceyran populyasiyası olduğundan, yırtıcı heyvanlara da – canavara, çaqqala, tülküyə rast gəlinir. Xüsusilə miqrasiya dövründə buranın ornitologiya aləmi zəngindir. Azərbaycanın “Qırmızı kitabı”na, hətta dünyanın qırmızı siyahısına düşən növlər buradan keçir, qışlayır və geri qayıdır”.
 
 
 
Bu arada ceyranların sayının artırılması ilə bağlı heç bir plan yoxdur. Hikmət Əlizadənin sözlərinə görə, buna ehtiyac da yoxdur. Çünki ərazinin xüsusi mühafizə rejimi ceyranların təbii artımına şərait yaradır: “Bu şərait bizə imkan verdi ki, 2010-cu ildən ceyranların tarixən mövcud olduğu ərazilərinə köçürülməsini təmin edək. Yeddi il ərzində 171 baş ceyran Şirvan Milli Parkında xüsusi vasitələrlə tutulub və Ağcabədi, Qobustan, Goranboy, Abşeron Milli Parkının ərazisinə köçürülüb. Müsbət cavablar aldıq. Onların təbii artımı qeydə alınıb”
 
 
 
Şirvan Milli Parkının direktoru Füzuli Məmmədov bildirib ki, ərazidə təxminən 230 növ su quşu, 82 bitki növü var. Su quşlarının bir qismi su-bataqlıq, bir qismi də köçəri quşlardır. Bir hissəsi burada qışlayır. Bir hissəsi də burada istirahət edib, başqa yerlərə gedir: “Qırmızı kitab”a düşən su quşlarından turac, qızılqaz, qazın başqa növləridir, kiçik qarabatdaq, yırtıcı heyvanlardan canavar, tülkü və çaqqal var.  Canavar və tülkülərin sayı artıb. Gələcəkdə bununla bağlı biotexniki tədbirlərin keçirilməsi planlaşdırılır”.
 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, “Təbiətimiz - evimizdir” layihəsinin əsas məqsədi ekoturizmi inkişaf etdirməkdir: “İstəyirik ki, insanlarda ətraf mühitə olan münasibəti dəyişək. Görsünlər ki, Azərbaycanda necə gözəlliklər var. Şirvan Milli Parkında 7 minə yaxın ceyran var. Təəssüf ki, milli parklara daha çox əcnəbilər gələcək. Vətəndaşlarımız milli parklarla tanış olmaq istəmirlər. Şirvan Milli Parkında ekoturizm üçün böyük şərait var. Marşrutlar müəyyən olunub”.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>