Sizin link burada

Müharibəni başlamaq lazımdımı?

 

Belə maraqlı millətik ey...

 

Lap “Yeddi oğul istərəm”dəki kimi alındı. Amma doğurdan da qəribə millətik.

 

Paşinyan ərazimizi işğal edən ölkənin baş naziridir. Mən “düşmən ölkənin baş naziridir” də yaza bilərdim. Amma yazmadım, niyəsini sonra...

 

İndi isə Paşinyandan danışaq. Paşinyanın adından onun demədiyi sözləri dedilər, sonra da başladılar onu söyməyə. Söydülər, söydülər ürək soyumadı, dedilər ki, “Xankəndini Vur”.

 

Əvvəla, Paşinyan o sözləri deməyib. Axı belə uydurma “faktlar” ətrafında siyasət qurmağın çox, həm də çox zərərli olduğunu bilirsinizmi? Ermənini söymək üçün olmayan bir “faktı” ortaya atıb qurulan təbliğatın əks reaksiya verdiyindən xəbərdarsınızmı?

 

İkincisi, lap Paşinyan o sözləri deyib. Onu söyəndə geri götürəcək? Bəlkə söyəndə Qarabağ azad olacaq? Yox. Bunun qisasını almaq üçün başqa işlər görmək lazımdır. Başqa işləri görmək üçün isə Paşinyanın bizi təhqir etməsini gözləmək lazım deyildi. 25 ildir ki, paşinyanlar Qarabağı əlimizdən alıb, dinmirik. İndi bu bir söz deyib coşduq?

 

Üçüncüyə keçməzdən əvvəl bir məsələni yada salım. Kəlbəcər girovlarının məsələsi dəyirmi masada müzakirə olunurdu. Kəlbəcərin işğalından sonra istefa verən bir nəfər dedi ki, lazım gəlsə gedib bir erməni generalı gətirib Şahbazla, Dilqəmlı dəyişərik. Bir başqa isə bir az da qabağa getdi dedi ki, diversiya qrupu yaradıb gedib onları Şuşa türməsindən gətirmək lazımdır. Adam bilmir gülsün, yoxsa ağlasın. O boyda Kəlbəcər 25 ildi əldən gedib, dinmirik, Şahbazla Dilqəmə görə Şuşaya diversiya qrupu göndəririk. O boyda Qarabağ 25 ildi əldən gedib dinmirik, indi Paşinyan bir kəlmə söz deyib (əslində heç deməyib də) tələb edirik ki, “Xankəndini Vur”.

 

İndi keçək üçüncüyə.

 

Erməniləri söydük, söydük, indi də deyirik ki, vurmaq lazımdı. Yəni müharibəni başlamaq lazımdı. Deyək ki, Xankəndini vurduq. Sonra..?

 

Əvvəl biz özümüz üçün hələ də müəyyənləşdirə bilmirik ki, Qarabağ münaqişəsinin həlli dedikdə nəyi nəzərdə tuturuq: Etnik təmizləmə, birgə yaşamaq, yoxsa yanaşı yaşamaq? Əvvəl gəlin bunu müəyyənləşdirək.

 

Bu gün müharibənin başlanmasını hamıdan çox Rusiya istəyir. Qarabağa (Azərbaycana) qoşun yeritmək üçün. Bu isə Qarabağın həmişəlik itirilməsi, Azərbaycanın Rusiyanın qoşunlarını yedirdəcək duruma salınması deməkdir.

 

İndi isə Paşinyana niyə düşmən demədiyimə aydınlıq gətirim. Biz paşinyana və ümumiyyətlə, ermənilərə düşmən dedikcə dünya bizə inanmır və inanmayacaq. Biz erməniləri öz adı ilə çağırmalıyıq ki, dünya bizə inansın. Əks təqdirdə, dünyadan nəsə gözləməyək.

 

P.S. Fikir vermisizmi, xeyli vaxtdır ki, Azərbaycanın zərərinə nə baş verirsə dərhal “erməni izi” axtarılır. Rusiyada konqres bağlanır, erməni izi “ortaya çıxır”. Avropada Azərbaycan əleyhinə bəyanat səslənir, ermənilərə satılmışlar “ortaya çıxır”. Amerikada da həmçinin... Adam fikirləşir ki, doğurdanmı ermənilər bu qədər nəhəngdi, doğurdanmı dünyanın əsas güc mərkəzlərin ermənilər idarə edir?
 

Mən bilmirəm. Bəlkə siz bilirsiniz?

 

 

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>