Sizin link burada

"Dadlı ölüm": Ondan uzaq durun - XƏBƏRDARLIQ-ARAŞDIRMA

 

Dadlandırıcı məqsədi ilə qidalara qatılan aspartam maddəsinin insan sağlamlığına olduqca zərərli olması barədə son günlər sosial şəbəkələrdə, saytlarda xəbərlər yayılıb. Bu isə birmənalı qarşılanmadı və ictimai müzakirələrə səbəb oldu. Hətta Qida Təhlükəsizliyi Agentliyi də rəsmi şəkildə bununla bağlı açıqlama verdi. 

 

Bildirildi ki, aspartam maddəsi bir çox müxtəlif qida məhsullarında istifadəsinə icazə verilən süni dadlandırıcı qida əlavəsidir. Eyni zamanda, şirinliyi adi şəkərdən çox yüksək olduğu üçün şəkər xəstələri tərəfindən də geniş şəkildə istifadə edilir.

 

Həmçinin o da vurğulanıb ki, bu maddənin istifadəsinin insan sağlamlığına hər hansı bir zərərinin olması haqqında elmi əsaslara söykənən yetərli sübut yoxdur.

 

Buna baxmayaraq, adıçəkilən maddənin insan orqanizminə zərərli olması barədə fikirlər hələ də səngimək bilmir.

 

Bəs əslində həqiqət necədir və doğrudanmı aspartam zəhərli maddədir? Lent.az məsələyə aydınlıq gətirməyə çalışıb.

 

 

E951 kodu

 

Qeyd edək ki, aspartam maddəsinin kimyəvi adı aspartil-phenylalanine-1-metil esterdir.

 

Kimyəvi olaraq aspartat və fenil alanin amin turşularından meydana gəlmiş bir dipeptidin metil esteridir. Çay şəkərindən 180 qat daha şirindir. İlk dəfə James M. Schlatter tərəfindən 1965-ci ildə kəşf edilib, ABŞ-da 1974-cü ildə istifadəsinin razılaşdırılmasından sonra uzun müddət etibarlılığı müzakirə mövzusu olub. Aspartam istifadə təhlükəsizliyi baxımından ciddi müzakirələr yaradıb. Avropa Birliyində qida qatqı maddəsi olaraq E951 kod adını alıb.

 

Əvvəllər böcək əleyhinə dərman kimi istifadə olunub

 

Məsələ ilə bağlı həkim fitoterapevt Fizuli Hüseynov Lent.az-a danışaraq bildirdi ki, aspartam istifadə olunan qida məhsuluna bir qar effekti verir: “Elə bil ki, qar suyu içir, ya da qar yeyirsiniz, dişlərdə xırçıldama kimi bir effekt yaradır. İlk görünüşdən insanlarda xoş təsir yaradır və sevilir. Amma insanların onun zərərli təsirindən xəbəri yoxdur. Aspartam əvvəllər böcək əleyhinə dərman kimi istifadə olunub. Neçə illər Amerika Qida Təşkilatı onu qida kimi istifadə etməyə izn verməyib. Sonralar böyük firmaların təsiri altında izn verildi. Amma son məlumatlara nəzər yetirdikdə görürük ki, Amerikada insanların basqısı altında Pepsi Kola aspartamın istifadəsindən imtina etdi, yəni aspartamlı şirələrin istehsalını geri götürdü".  

 

Şiş xəstəliklərinin yaranmasının əsas səbəblərindən biri

 

Həkim deyir ki, aspartamın təsiredici maddəsi feninalan qanda toplaşır. Həmin maddə nə qədər çox  toplanarsa, o qədər fəsadları olur, çünki həzm olunmur: “Ürək döyünmə, əsəbilik, nevrotik hallar, dəri xəstəlikləri, dəridə qaşınma, insanda dad hissi qabiliyyətinin itməsi, əqli zəiflik  və sair fəsadlara səbəb olur. Məsələn, ondan çox istifadə edən adamlarda dad itkisinə yol açır. Uşaq aspartamlı qidalardan, tutaq ki, içkilərdən, şirniyyatlardan çox istifadə edirsə, evdə nə hazırlanırsa, uşağı qane etmir. Çünki uşaqda dad hissiyyatları da məhv olur. Bu cür qidalardan istifadə edənlər çox güclü əsəbilik keçirə bilirlər.

 

Araşdırmalara əsasən, şiş xəstəliklərinin yaranmasının əsas səbəbkarlarından biri də aspartamdır. Aspartamın təsiredici maddəsi bədən tərəfindən sovrulmadığından müəyyən toxumalarda toplaşır və öz təsirlərini göstərir”.

 

Təəssüf ki, bir çox dərmanların tərkibinə vurulur

 

F. Hüseynov qeyd edir ki, aspartam şəkərlilik qabiliyyətinə görə şəkərdən xeyli üstündür: “Ona görə də istehsal müəssisələrində sevilərək istifadə olunur. Çünki bu, məhsulun maya dəyərini aşağı salır və buna görə də bütün istehsalçılar tərəfindən istifadə edilir. Təəssüf ki, bu maddədən son zamanlar istehsal olunan dərmanlara da vurulur. Hazırda bir çox dərmanlarda aspartamdan istifadə olunur. Həmçinin şəkər xəstələrinin şəkər əvəzedici kimi istifadə etdiyi həblərin də tərkibinə vurulur. Halbuki, bu, çox ziyanlıdır. Ümumiyyətlə, şiş xəstəliyi olanlar, nevrotik xəstəlikləri, dəri səpkiləri, allergiyası çox olan insanlar tərkibində aspartam olan dərmanlardan uzaq durmalıdırlar. Əgər aspartamdan istifadə edilirsə, bütün məhsulların üzərində standartlarda E951 maddəsi göstərilməlidir. Göstərilmirsə, artıq bu, cinayət hadisəsi deməkdir”.

 

Lent.az-ın səsləndirilən fikirlərin nə dərəcədə həqiqətə uyğun olması ilə bağlı sualına isə Qida Təhlükəsizliyi Agentliyindən bildirdilər ki, agentliyin bir müddət əvvəl verdiyi açıqlama eyni ilə qüvvədədir və bununla bağlı heç bir əlavələri yoxdur.

 

Sağlamlıq insan həyatının ən dəyərli nəsnələrindən biri, lap elə birincisidir ki, onu pulla satın almaq olmur. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, nə yeyib, içməyimizə xüsusi diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq ki, nəticədə sağlamlığımızı hansısa kimyəvi maddələrin qurbanına çevirməyək...

 

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>