Sizin link burada

Azərbaycanda torpaqların əkilib-becərilməsinə peykdən nəzarət ediləcək

Ölkədə ilk dəfə olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsində Peyk nəzarət sistemi qurulur.

 

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, artıq bununla bağlı işlərə başlanılıb. "Bir sıra qabaqcıl Avropa ölkələrinin təcrübəsi araşdırılıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edilib. Məqsəd torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tiklilərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir", - deyə məlumatda vurğulanıb.

 

Sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub olmadığını müəyyənləşdirəcək.

 

Eyni zamanda, vizual və statistik analizlər toplanmaqla ölkədə torpaq sahələri daha sistemli istifadə olunacaq, torpaqların münbitliyi qorunacaq və rahatlıqla geobotanik tədqiqatların aparılması mümkün olacaq. Həmçinin sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcək.

 

Artıq Peyk Nəzarət Sisteminin yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində operator qrupu formalaşdırılır. Çəkiliş nəticəsində əldə olunan məlumatlar avtomatik olaraq bu qrupa daxil olacaq. Operator qrupu məlumatlarda olan dəyişiklikləri manual olaraq yoxladıqdan sonra komitənin yanında fəaliyyət göstərən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə, ərazi idarələrinə göndərəcək.

 

Gələcəkdə sistemə yeni modulların əlavə edilərək genişləndiriləcək. Bununla da hüquqi və fiziki şəxslər, həmçinin digər dövlət qurumları sistemin məhsullarından istifadə edəcək.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>