Sizin link burada

Uçan adam

Qəşəm Nəcəfzadə

Həmişə küçədə, xüsusən adamların sıx olduğu küçələrdə sürətli və iti yeriyənlər diqqətimdən yayınmır. Bilmirəm buna səbəbi nədir, uzun illər cəld hərəkət edən adamları müşahidə eləmişəm, bəzən də arxasınca yüyürmüşəm. Həmin adamın sürəti məni də qanadlandırıb, elə bilirəm hardasa, nəsə olub, o köməyə qaçır və mən də ona qoşuluram.

 

Eləsi də var, gah yolun sağına dəyir, gah da soluna. Gah oturur, gah durur. Birdən dayanıb, arxaya baxır. Hərdən də tərsinə irəliləyir. Elə bil, onun formasında enerji burulğanı var, düyünlənir, qovrulur, sonra havaya qalxır.

 

Bir dəfə də belə oldu. “Torqovı” adlanan Nizami küçəsində kiminsə qarşımda sürətlə irəlilədiyini gördüm, mən də ona baxıb, sürətimi artırdım. Elə bil o nələrisə sinəsi, əli və alnı ilə yararaq insan dənizində qayıq kimi şütüyürdü. Mən çatmaq istədikcə elə bil sürəti daha da artırırdı. Mənə elə gəldi ki, o, yer adamı deyil, bu yerin, bu küçənin, bu adamların ona dəxli yoxdur. Qəribədir ki, adamlar ona, o da adamlara toxunmurdu və ya toxuna bilmirdi.

 

Belə də ola bilərdi, o nəyisə cəld və çevik şəkildə harasa aparır, apardığını kiminsə əlindən xilas eləyib, əsl sahibinə çatdırmaq istəyir. Bir az sürətini azaltsa, o saat əlindən alardılar onu, ona görə də o qiymətli “nəsnəni” xilas etmək üçün  sürətlə, hətta bəzən qaçaraq  gedirdi.

 

Elə bil, sahildə dizinə döyüb ağlayan bir ana üçün sularda qərq olmuş övladını xilas edib aparırdı. Bəlkə də həmin körpəni əlləri ilə başının üstə tutmuşdu ki, heç kəs o körpəyə toxunmasın. Yoxsa körpənin nəfəsi dayanar.

 

Budur, o qaçır, yüyürür, az qalıb çatmağıma deyəsən...

 

Aha, o, yerin altına, keçidə girdi, sürətlə çıxdı, vay... yenə itirdim... Aha, budur, tapdım.  Yenə həmin sürət... Yenə həmin adam...

 

Adamlar dayanır, boylanır, dönür, ancaq bu adam elə düz və elə sürətlə gedir ki, elə bil, indicə göyə çıxacaq. Bir adam da onu dindirmir, saxlamır, söhbət eləmir.

 

Bəlkə onu heç kəs görmür, görsələr, bir anlıq saxlayarlar. Bəlkə onu bircə mən görürəm, gördüyüm üçün o belə sürətlə gedir. Əgər bu an ona kosmosdan baxsalar və baxa bilsələr, onun aydın surətini və sürətini görərlər. Görərlər ki, onun sürəti bizimkindən deyil, ona sürəti Yaradan verib. Elə güclü verib ki, getsin və yenidən yanıma qayıda bilsin. Görərlər ki, yerlərin adamı deyil, bir anlıq yerə düşüb, indicə çıxıb gedəcək və ona görə də o, sürətlə gedir.

 

O, harasa və nəyəsə çatmağa tələsir. Əgər çatmasa, bir az dayansa, ləngisə, faciə baş verəcək. Ya bağlı qapı arxasında qalan körpənin qorxudan bağrı çatlayacaq, ya da səngərdə bir əsgər düşmən snayperin nişanından yayına bilməyəcək.

 

O, gedir, sürətlə gedir, çata bilmədim ona, dayandım axır ki...

 

Səhəri gün eşitdim ki, xalq artisti Fuad Poladov dünyasını dəyişib, qəfil dayanıb, sürət birdən-birə itib. Beləcə, mən ona çata bilmədim, qaça-qaça, uça-uça hamımızın  gözündən çıxıb getdi Fuad Poladov, həmin sürətlə uçdu başqa planetə.  

LENT

23 May 2018

Digər xəbərlər >>>