Sizin link burada

® “AzerTelecom” informasiya texnologiyaları sahəsində maarifləndirmə layihələrini dəstəkləyir

 

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu və STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Golden Byte” beynəlxalq informasiya texnologiyaları müsabiqəsi başa çatıb.

 “Golden Byte” beynəlxalq İT müsabiqəsinin ölkəmizdə keçirilməsinə fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi baş tutub. Ölkəmizi Ukraynada, Kiyev şəhərində keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunması məqsədilə yekun regional final mərhələsi isə 4 may tarixində keçirilib.

Ümumilikdə regional finalın iştirakçıları 7 nominasiya üzrə öz layihələrini təqdim ediblər və bu layihələr “AzerTelecom” şirkətinin Kommersiya məsələləri üzrə direktoru Samir Nuriyevin də tərkibində təmsil olunduğu peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər nominasiya üzrə qaliblərə və eləcə də iştirakçılara təşkilatçılar tərəfindən müvafiq sertifikatlar, müsabiqəyə dəstək verən tərəfdaşlar tərəfindən isə hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən “AzerTelecom” MMC-nin Satış və Partnyorların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, STEP Kompüter Akademiyası tərəfindən təşkil olunan bu beynəlxalq müsabiqə innovativ ideyaların reallaşdırılması, ümumilikdə İKT sahəsində təhsilin irəli aparılması, gənclərimizin ölkəmizi xaricdə keçirilən nüfuzlu beynəlxalq müsabiqədə təmsil etmələri istiqamətində mühüm bir layihədir və “AzerTelecom” şirkəti bu müsabiqənin Azərbaycanda təşkilinə dəstək verməkdə, layihənin uğurlu şəkildə reallaşmasında maraqlıdır.

“Bu müsabiqəyə baş sponsor qismində şirkətimiz tərəfindən dəstəyin verilməsi STEP Kompüter Akademiyası ilə əməkdaşlığımız istiqamətində ilk layihəmizdir və “AzerTelecom” şirkəti olaraq bu təhsil müəssisəsi ilə birlikdə elmin, təhsilin inkişafına töhfə verə biləcək müxtəlif maarifçi xarakterli layihələrdə gələcəkdə də səmərəli şəkildə əməkdaşlıq etmək niyyətindəyik” - deyə Ləman Abasbəyli bildirib.

Qeyd edək ki, nominasiyalar üzrə layihələrin qiymətləndirilməsi və yekun mükafatlandırma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakcell AppLab İnkubasiya Mərkəzi və ölkənin İKT sektorunda fəaliyyət göstərən və müsabiqəyə dəstəkçi olan digər şirkətlərin və bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər.

STEP Kompüter Akademiyası barədə:

STEP Kompüter Akademiyası 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

 “AzerTelecom" MMC barədə:

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.  

Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (https://www.linkedin.com/company/azertelecom) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>