Sizin link burada

Qurban Qurbanov: Hamı öz yerini bilir

“Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, mübarizə var idi. Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdı. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Topaz Premyer Liqasının XXVI turunda doğma meydanda “Neftçi” ilə qarşılaşan Ağdam klubu 0:1 hesablı məğlubiyyətə üzülüb.
 
Matçdan sonra mətbuat konfransı keçirən təcrübəli çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.
 
- Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?
- Qoldan başqa da bəzi səhvləri var idi. Buna görə, eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.
 
- Riçard Almeydanın oynamamasının səbəbi nə idi?
- O, həm zədəlidi, həm də sarı vərəqəsi var idi.
 
- Dino Ndlovu sizin barənizdə diktator olduğunuzu deyib. Onun fikirləri sizi əsəbləşdirmir ki?
- Bunları pis fikir kimi qiymətləndirməzdim. Bu, klubun kodeksində də yazılıb ki, futbolçu intizamlı olmalıdı. Şəxsi həyatına da diqqət yetirməlidi. Fikrimcə, bu, kluba verilən dəyərdi. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdı.
 
- Futbolçuların şəxsi həyatına nəzarət sırf sizin kurasiyanızdadı?
- Bu barədə məlumat verə bilmərəm.
 
- Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətəuyğundu?
- Bu barədə mənim məlumatım yoxdu. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.
 
- “Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var...
- Bu barədə məndə heç bir məlumat yoxdu.
 
- Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı...
- Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdu.
 
- Çempionluğu təmin etmisiz, ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiz?
- Ola bilsin, milli komandanın üzvlərini bir qədər tez icazə verdim.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>