Sizin link burada

Onun qulağına səs gəlirdi...

Qəşəm Nəcəfzadə

 

Yəhudi əsilli Amerika şairi Silviya Plat gənc yaşlarında 3 dəfə intihara cəhd edib. O, hər dəfə intiharın başlanğıcında, əvvəlcədən həkim və başqa adamları xəbərdarlıq edirdi. Lakin üçüncü cəhdinə həkim çata bilmədi və o, özünü qaz sobasında boğub öldürdü. Daha sonralar Silva Platın yaradıcılığını araşdıran tənqidçi də intihar etdi. Görünür, bəzən intihar da yoluxucu olur, adamdan adama ötürülür.

 

Elə o vaxtdan, yəni bu məlumatla tanış olandan sonra həmişə intihar haqqında düşünmüşəm. Görəsən, həmişə normal tanıdığın bir adam qəflətən hansı situasiyaya düşür ki, bu vasitəyə əl atır?

 

Silviya Platın intiharına əsas səbəb ərinin ondan çox yaşlı olması, bununla bağlı yaşadığı psixoloji sarsıntılar idi.

 

Bu gün dövri mətbuatda və digər informasiya vasitələrində hər gün bir neçə adamın intihar etdiyi haqda xəbər oxuyuruq. Bu il Azərbaycanda son 4 ayda 25 qadın, 18 uşaq intihar edib.

 

Bu, çox ciddi statistik rəqəmdir. Təəssüflər olsun ki, bu ciddi problemin nədən və hansı səbəbdən baş verdiyi aydınlaşdırılmır.

 

Özünə qəsd etmək Allah yanında başqa bir adamı öldürməyə bərabər tutulan əməldir. İntihar məqamına gəlmək bir günün, on günün işi deyil. Bu, uzun sürən bir prosesin nəticəsidir. Yaşadığım rayonda  bir ailənin 3 oğlu ardıcıllıqla intihar edib. Birinci oğul düçar olduğu ağır xəstəliyin ağrılarına dözə bilməməsi səbəbindən özünü həyətdəki ağacdan asır. Bir il keçməmiş ikinci oğul böyük qardaşının dərdinə dözə bilmədiyi üçün eyni üsulla intihar edir. Üçüncü qardaş hər ikisinin dərdinə dözə bilməyib, o da eyni üsulla həyatla vidalaşır...

 

Bu nəyə görə belə baş verib? Birinci oğul məlumdur. Amma ikinci və üçüncü oğul həmin hadisələrdən sonra nəzarətsiz qalıb, yaşadığı həyat şəraiti, deyək ki, evdə ölən qardaşını xatırladan əşyalar, yataq dəsti dəyişdirilməyib. Buna da ailənin imkanı olmayıb. Ata-ana övlad itkisinin kədərindən çıxa bilməyib. Cavanların yaxşı dostları olmayıb, qohumlar hamısı yaxasını kənara çəkib oturublar öz evlərində. Həmin uşaqları - sonuncuları  yaşadıqları hiss və duyğulardan ayırmaq lazım idi. Bu, məsələnin sosial tərəfi. O biri  tərəf, yəni psixoloji yön ən əsas amillərdən biri ola bilər. Bu durum bəzən irsi, bəzən isə həyatda qazanılır. Gəlin görək onların tibbi kitabçalarında psixoloq həkimin bu barədə bir cümləsini tapa bilərikmi? Əlbəttə, yox. Və yaxud orta məktəblərdə hər bir “şagirdin psixoloji xüsusiyyətləri” üçün açılan bir dəftər var, orda sinif rəhbərinin və məktəb psixoloqunun şagirdin xarakterinə aid bir fikri varmı? Əlbəttə, biz bunu tapa bilməyəcəyik. Hamısı eyni, ümumi cümlələr olacaq, fərdi, spesifik, yalnız uşağın özünə aid olan bir qənaətə rast gəlməyəcəyik. Başqa bir səbəb. Bəzən gələcək intihara uşağın travma ilə doğulması da ilkin rol oynayır. Yeniyetməlik hisslərinin oyandığı bir vaxtda ya ürəkgetmə, bayılma, ya da sonda bəzilərində intihar baş verir.

 

Azərbaycanda, təəssüflər olsun ki, xeyli  uşaqlar və ailələr psixoloji yardımdan kənarda qalır. Halbuki xaricdə hər ailənin xüsusi bir psixoloqu var. Bir bədbəxtçilik də hökm sürür, xəstəliyi biz hansısa bir yerimizin ağrımağı ilə ölçürük. Ağrımırsa, demək, sağlamıq. Məktəblərdəki psixoloqlar əsasən fikir verirlər dəcəl uşaqlara, amma əslində sakit dayanan və hamıya hörmətlə yanaşan qaraqabaq bir uşağın əsəblərində psixoloji bir ölümün yaşamağından xəbərsizdilər. İntihar etmək istəyən adamlar çox səmimi və aldadıcı olurlar.

 

Mən orta məktəbdə dərs deyəndə müəllim yoldaşım intiharı kişilik məktəbi kimi təqdir edirdi. Böyük rus ədibləri Fadeyevin, Mayakovskinin, Yeseninin intiharlarından böyük həvəslə danışırdı. Hətta orasını da qeyd edirdi ki, zəif adamlar intihar edə bilməzlər, intihar etmək mərdanəlikdir. Bunun səhv addım olduğunu təkidlə həmin müəllimə dedim. Sonralar həmin sinfi bitirmiş bir oğlan özünü yandırdı. Səbəb bu idi ki, sevdiyi qız ona “yox” deyib. Bu işdə, məncə, cinayətkar həmin müəllim idi.

 

Başqa bir tərəfdən, bizim ailələr aqressiv baldız, qayın, qaynana  “obraz”ları ilə doludur və burdakı anlaşılmazlıq sonradan gətirib həmin problemlərə çıxarır.

 

İlk sevginin ağrı-acıları bəzən gənclərimizi intihara sövq edir. Burada valideyn, müəllim, dostlar, rəhbərlik müşahidələri mühüm rol oynamalıdır. Həmin gənclərlə dolayısı yolla maarifləndirici söhbətlər edilməlidir.

 

İntiharın əsas səbəblərin biri  sosial məsələlərdir. Gündəlik həyat tərzi, işsizlik, evsizlik, cəmiyyətdə başqalarından özünü hamıdan aşağı bilmək kimi hisslər intihara aparan yoldur.

 

Bizdə psixoloji yardım üzrə qeydiyyatdan keçmiş nə qədər qeyri-hökumət təşkilatları var, onlar bu sahədə hansi işləri görüblər? Görsəydilər, bəhrəsi yəqin ki, görünərdi.

 

Ailədə zorakılıq halları son vaxtlar daha da artıb. Ər hər gün içir, sonra arvadını döyür. Arvad nəticədə intihar edir. Bütün bunlar uşağın gözü qarşısında baş verir və uşaq artıq psixoloji travma alır.

 

Hər bir ailədə psixoloq həkimdən əlavə, psixoloji savad olmalıdır. Təəssüflər olsun ki, bu sahədə çox savadsızıq.

 

Dostumun oğlunun qulağına səs gəlirdi, deyirdi məni kimsə çağırır. Ata-anasına dedim ki, bu, təhlükəli bir siqnaldır. Dedilər, ona vergi veriləcək, dava-dərmana salsaq hər şey pozula bilər. Nəticədə o uşaq özünü maşının altına atdı...

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>