Sizin link burada

“Bu, Azərbaycan üçün yetərli deyil" - Vəkillər Kollegiyasının yeni sədrindən İLK MÜSAHİBƏ - REPORTAJ

Vəkillər Kollegiyasına yeni sədr seçildikdən bəri onunla görüşməyə çalışırıq. Araya o qədər iş girdi ki... Yeni binaya köçdülər, imtahan keçirdilər, bölgələrə yollandılar və daha nələr. Bu az vaxta o qədər iş sığışdırdılar ki... Bəzən düşünürdüm ki, deyəsən, Kollegiyanı söküb yenidən qururlar. Nəhayət, bu qədər iş-güc arasında bizə də vaxt çatdı. 

 

Budur, Vəkillər Kollegiyasının yeni binasının qarşısındayıq. Fotoqrafımız Ramil "əntiqə binadır, elə bil parıldayır" deyib, artıq özü işinə başlayır. Doğurdan, hər şeyin təzəsi cazibədar olur. Hə, yeni binada yeni sədrlə görüşməyin də öz yeri var. Binaya daxil olan kimi, adamı şirin bir jest qarşılayır. Özü də sözün əsl mənasında şirin - böyük şüşə qabda rəngarəng konfetlər. Yəni şirin yeyək, şirin danışaq... Amma sədrlə söhbətimizin duzlu hissələri də oldu.

Vəkillər Kollegiyasının yeni binasından ilk reportaj hazırlamaq da Lent.az-ın qismətinə düşdü. Birinci ən üst qatdan - sədrin otağından başladıq. Binanı gəzməzdən öncə Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırovla maraqlı söhbətə də fürsət tapdıq.

 

- Vəkillər Kollegiyasının yeni binası və yeni sədri Azərbaycandakı vəkillik institutunda nələri dəyişə bildi?

 

- Əvvəlcə göstərdiyiniz bu diqqət üçün sizə təşəkkür edirik. Vəkillər Kollegiyası çox önəmli qeyri-dövlət qurumu olmaqla yanaşı, bu gün ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində müstəsna rol oynayır. Ölkədəki güclü vəkillik institutunun olması o ölkənin ədalət mühakiməsinin qiymətləndirmə meyarlarından biridir. Hazırda Vəkillər Kollegiyası işini bütün beynəlxalq standartlara uyğun olaraq, yenidən təşkil edir. Ötən ilin dekabr ayının 7-də yeni tərkibdə Rəyasət Heyəti və rəhbərliyi seçildi. Hesab edirəm ki, ötən bu 4 ay müddətində xeyli işlər görülüb. Bütün fəaliyyətimiz sistemli xarakter daşıyır. Amma qarşımızda çox önəmli vəzifələr durur. Məlum olduğu kimi, vəkillərin sayına görə, ölkəmizdə vəziyyət heç də ürəkaçan deyil. Bu barədə prezident də öz tövsiyəsini bizə ünvanlayıb. Ona görə də seçkidən dərhal sonra ilk işimiz Vəkillər Kollegiyasına qəbulu bərpa etmək oldu. Bir ay ərzində qəbul prosesi getdi. 2 minə yaxın namizəd sənəd verdi. Yanvarın sonunda test imtahanı keçirdik və nəticədə 607 nəfər namizəd imtahandan uğurla keçdi. Hazırda bu bizim üçün çox böyük bir rəqəmdir. Çünki bizdə vəkillərin sayı 900-dən bir az çoxdu. Demək olar ki, bu qədər vəkil Azərbaycana yetərli deyil. Ümid edirəm ki, bu 607 nəfər namizədin əksəriyyəti imtahanın növbəti mərhələsindən uğurla keçdikdən sonra kollegiyaya üzv qəbul ediləcək. Nəticə etibarı ilə ölkə tarixində ilk dəfə olaraq vəkillərin sayı 1000 nəfəri ötəcək. Vəkillik institutu hal-hazırda inkişaf dövrünü yaşayır. Ən böyük uğur isə cənab prezidentin Vəkillik institutu ilə bağlı 22 fevral tarixli sərəncamıdır.

- Belə bir sərəncam ilk dəfə idi verilirdi?

 

- 2005-ci ildə də Vəkillər Kollegiyasının maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı bir sərəncam olmuşdu. Amma bu miqyasda ilk dəfə idi. Son sərəncam əslində proqram xarakterli bir sənəddir. Bu həm vəkilliyə dövlətin qayğısının təzahürüdür, eyni zamanda vəkillik institutunun inkişafı ilə bağlı bir çox tövsiyələr var. Burada əsas məsələlərdən biri də bölgələrdə vəkillik fəaliyyətinin yaxşılaşdırılmasıdır.

 

Cənab prezidentimizin göstərdiyi bu xüsusi diqqət bizim üçün çox dəyərlidir. Tam səmimiyyətimlə deyirəm ki, bu sərəncamdan sonra vəkillər çox ruhlanıblar. Bunu regionlarda keçirdiyimiz görüşlərdə də hiss edirik. Artıq əmindilər ki, vəkillik institutu getdikcə daha da güclü olacaq. İnanın ki, vəkillərimiz bu sərəncamı uzun müddət xatırlayacaqlar. Bu vəkilliyin inkişafı üçün xüsusi bir təkan oldu.

 

- Hazırda ölkədə neçə nəfərə bir vəkil düşür?

 

- Orta hesabla 10 min nəfərə bir vəkil düşür. Bu, xoşagəlməz vəziyyətdir və bizi çox narahat edir. Amma məsələ ondadır ki, artıq Azərbaycanda vəkillərin sayı hər ay yüz nəfərə kimi artacaq. Yaxın günlərdə Vəkillər Kollegiyasının sayı mini ötəcək. Rəyasət Heyətinin qərarı ilə aprel ayının 16-dan etibarən vəkilliyə qəbulu müddətsiz bərpa edirik. Bu nə deməkdi? Yəni ilk dəfə sənəd qəbul etdik ki, vəkilliyə qəbul müddətsiz aparılsın, yəni bu proses dayanmayacaq. Tələblərə cavab verən istənilən namizəd sənədlərini təqdim edəcək, müəyyən sayda müraciətlər olduqdan sonra biz onları test imtahanından keçirəcəyik. İndinin özündə bir çox namizədlər bu prosesi gözləyirlər. Biz də qəbul üçün tam hazırıq. Bununla da vəkillərin sayını artıracağıq.

- Vəkilliyə qəbulla bağlı mövcud şərtləri ağır hesab etmirsiniz ki?

 

- Çalışırıq ki, bu şərtlər daha da əlverişli olsun. Bunun üçün artıq təkliflər də hazırlamışıq. Hal hazırda arzu edirik ki, vəkilliyə qəbulda şərt kimi qoyulan 3 illik staj azaldılsın. Çünki bu gün vəkilliyə gənclərin qəbulu ilə bağlı müəyyən problemlər var. Universiteti yeni bitirən gənc hüquqşünasın 3 illik stajı haradan olsun? Bu adam gedib haradasa 3 il işlədikdən sonra vəkilliyə müraciət etməlidir. Beləliklə də biz gəncləri itiririk. İstəyirik ki, bu müddət 1 il olsun. Bəzi iradlar var ki, stajı olmayan hüquqşünas necə vəkil olacaq?

 

- Mümkündürmü yeni məzunlar ilk stajlarını elə Vəkillər Kollegiyasında keçsinlər?

 

- Bəli. Mən də stajçı vəkillərin olmasının tərəfdarıyam. Universiteti bitirən gənc bütün imtahanları verdikdən sonra gəlib bizdə stajçı ola bilər. Yəni bir il vəkilin yanında təcrübə keçdikdən sonra biz onu avtomatik vəkilliyə qəbul edə bilərik. O qədər də çətin olmayan məhkəmə proseslərinə çıxıb təcrübə toplaya bilər. Niyə də olmasın? Biz bu kadrları yetişdirməliyik. Bu gün dövlət başçısı da qarşımıza belə bir məsələ qoyub ki, əsasən, gəncləri cəlb edin. Hazırda bizim namizədlər arasında 80 faizi 40 yaşına kimi olanlardır. Bu o deməkdir ki, artıq gənc nəsil vəkilliyə maraq göstərir.

- Azərbaycanda belə bir fikir formalaşmışdı ki, müstəntiq, prokuror ola bilməyənlər, əsasən təqaüdə çıxanlar vəkil olmaq istəyir. Amma Avropada vəkil olmaq müstəntiq olmaqdan daha çox prestij hesab edilir...

 

- Bu gün diqqət yetirsək, görərik ki, 60 yaşlı vəkillərin sayı artıq azlıq təşkil edir. Orta yaşda olanların sayı daha çoxdur. Getdikcə gənclərin sayı artacaq. Sovet dövründə vəkilə olan münasibət ürəkaçan deyildi. O vaxt Vəkillər Kollegiyası Ədliyyə Nazirliyinin bir şöbəsi idi və dövlət tərəfindən idarə olunurdu. Çox vaxt əsasən təqaüdə çıxan və ya hüquq fakültəsində qiyabi oxuyanlar vəkil olurdu. Çox nadir hallarda yaxşı oxuyan hansısa bir hüquqşünas öz əqidəsinə görə vəkil ola bilərdi. Hətta öz istəyi ilə vəkil olanları bir çoxları qınayırdı ki, niyə gedib müstəntiq olmursan? Hətta onlara ailələrindən belə təzyiqlər olurdu. Bizdə övladı hüquqşünas təhsili alan əksər valideyn istəyir ki, onun uşağı məhz müstəntiq, prokuror, hakim olsun. Az halda valideyn istəyər ki, övladı məhz vəkil olsun. Amma çox xoşbəxtəm ki, valideynlərim vəkillik fəaliyyətimdə məni dəstəkləyiblər. Həmişə fikirləşmişəm ki, insan o işlə məşğul olmalıdır ki, ətrafdakılara fayda versin. Uşaqlıqdan beləyəm. Həmişə çalışırdım ki, zəif komandanın oyunçusu olum. Güclü komandada qələbə qazanmaq çox asandı. Vəkil insanlara kömək edən ən müqəddəs peşələrdən biridir. Prokuror insanları ittiham etdiyi halda, vəkillər onları düşdükləri pis vəziyyətdən çıxarır. Vəkilliyin cəmiyyətdəki nüfuzu artdıqca, insanlar bu peşənin mahiyyətini daha da yaxşı anlayacaqlar. İnanın ki, bu zaman valideynlər özləri övladlarına vəkil olmağı tövsiyə edəcəklər.

 

- Sovetlərin vaxtından belə bir ənənə qalmışdı ki, insanlar vəkil tutmaqdansa, hakimə "çıxan yollar" axtarırdılar. Bəzən də aradakı vasitəçi elə vəkilin özü olurdu...

 

- Biz formal vəkillik fəaliyyəti ilə bağlı çox ciddi iş aparırıq. Formal vəkilliyə birmənalı son qoyulmalıdır. Keyfiyyətli hüquqi yardım göstərməyən vəkillər də var. Bu cürləri adımıza xələl gətirir. Bu peşəyə əvvəlcə vəkillərin özü hörmət qoymalıdır ki, kənardakıların da hörmətini qazana biləsən. Hazırkı məhkəmə sistemində vəkillərin normal fəaliyyət göstərməsi ilə bağlı bütün lazımı şərait yaradılıb. Bunu əminliklə deyirəm. Bu gün vəkillər özləri hakimlərin seçkisində iştirak edirlər. Mən özüm də Hakimlərin Seçki Komitəsinin üzvüyəm. Hazırda Məhkəmə Hüquq Şurasının tərkibində də Vəkillər Kollegiyasının üzvü fəaliyyət göstərir. Məncə bundan böyük münasibət ola bilməz. Vəkillər çalışmalıdır ki, hakim və prokurorla münasibəti prosessual xarakter daşısın və qanundan kənar olmasın. Bir çox yerlərdə olduğu kimi vəkillərin də, hakimlərin də arasında qanun pozuntuları olub. Bu dünyanın bir çox yerində belədir. Məsələn, Avropada belə bir deyim var . Onlar deyirlər ki, ağıllı vəkil odur ki, qanunları oxuyur, amma yaxşı vəkil odur ki, o, həm qanunları oxuyur, həm də hakimi nahara dəvət edə bilir. Mən demirəm ki, hakimlə vəkil düşmən olmalıdır. Hər iki tərəf ən birinci etik qaydalara hörmət etməlidir. Lakin onların bu münasibətləri başqalarında hər hansı bir şübhə yaratmamalıdır. Səhəri prosesə çıxıb, axşamı hansısa məclisdə görüşürlərsə, bu barədə insanlarda müəyyən şübhələr yarana bilər.

 

Vəkillərin peşə ilə bağlı etik qaydalara riayət etməsinə xüsusi diqqət veririk. Yeri gəlmişkən ötən il 7 dekabrda biz Etik Davranış Qaydaları haqqında əsasnaməni yenidən qəbul etdik. Bu sənəd beynəlxalq standartları özündə ehtiva edir.

 

- Dövlət tərəfindən təyin edilən vəkillərə hazırda nə qədər vəsait ayrılır?

 

- Bu vəsait əvvəl vəkilin işlədiyi saat üçün 2 manat təşkil edirdi. İndi cənab prezidentin sərəncamı ilə bu məbləğ 3 dəfə artırılıb. Hələ ki, vəkillər bu artırılan məbləği əldə edə bilmirlər, amma məndə olan məlumata görə, artıq Maliyyə Nazirliyinə göstəriş verilib. Bu vəsait 6 manat olacaq. Hesab edirəm ki, bu məbləğ elə də az deyil. Təsəvvür edin ki, əgər bölgədə vəkil 8 saat dövlət hesabına işə çıxarsa, bu 1 gün üçün 48 manat vəsait edir. Onu 24 iş gününə vuranda, 1150 manatdan çox pul deməkdi. Bölgə yerində bu heç də az məbləğ deyil. Bundan başqa, həmin vəkillərin əlavə işləri də olur. Düzdür, bəzən vəsaitin verilməsində gecikmə hallarını müşahidə edirik. İndi bu mexanizmin təkmilləşdirilməsi barədə hökumətimizə təklif verəcəyik.

 

- Hazırkı hüquq məsləhətxanalarının vəziyyəti heç də ürəkaçan deyil. Bu məsələ ilə bağlı nələrsə planlaşdırılır?

 

- Bu yaxınlarda bütün Respublika üzrə vəkil qurumlarının rəhbərləri ilə iclas keçirdik. Orada belə bir təklif irəli sürdüm. Belə ki, təklif etdim ki, hüquq məsləhətxanalarının adını dəyişək. Çünki vəkillik fəaliyyəti yalnız məsləhət verməkdən ibarət deyil. Məsləhət, bu fəaliyyətin çox kiçik bir dairəsidir. Hesab edirəm ki, bu adları dəyişməliyik. Ad "Vəkil bürosu" olsa daha yaxşı olar. Məndə olan məlumata görə, vəkil qurumları bu tövsiyəni bəyənərək artıq adlarını dəyişməyə başlayırlar. Eyni zamanda, onların işinin təkmilləşdirilməsi üzrə də bütün lazımi tədbirlər görülür.

 

***

 

Bu söhbətlərin hamısı A.Bağırovun sədr olaraq oturduğu iş masasının arxasında gedirdi. Onun sədr kimi fikirləri, yeni təklifləri maraqlı gəlsə də, eyni zamanda yeni rəhbəri bir adi insan, kiminsə dostu, övladı, atası kimi də tanımaq istədik. Mənə nəsə elə gəldi ki, bu söhbətləri sədr stolunun arxasında etmək doğru olmaz. Necə olsa da bu masanın zəhmi, məsuliyyəti var. Toplantı masasının arxasına keçirik. Və bu masanın üzərini fiqurlarına möhtəşəm şəkil verilmiş bir şahmat taxtası bəzəyirdi. Əsl sənət əsərində oxşayırdı. Hə bu masanın arxasında ağır söhbətlərdən qaçmağa çalışacağıq, amma bacardığımız qədər. Çünki vəkillik sahəsində illərlə toplanıb qalmış problemlər rəsmən bu insanın şəxsi həyatına elə müdaxilə edib ki... Bunlardan ha qaçırdıqsa bir yerdə gəlib bizi yaxalaya bilirdi.

***

 

- Siz əslində kimsiniz? Özünüzü bizə necə tanıdardınız?

 

- Mən bir Azərbaycan vəkiliyəm, 20 yaşımdan hüquqşünas kimi əmək fəaliyyəti ilə məşğul oluram. Amma heç vaxt dövlət qulluğunda olmamışam. Uzun müddətdir ki, Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərirəm. Tanınmış hüquq şirkətlərinin birinin idarəedici partnyoru olmuşam. Bu şirkət də Azərbaycanda reytinqə görə, uzun müddət ilk beşliyə daxil olub.

 

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm, elə oradaca magistr pilləsinə yüksəldim. Hazırda hüquq elmləri üzrə fəlsəfə doktoruyam. Eyni zamanda hüquq elmləri doktoru dissertasiyası üzərində işləyirəm. Elə hesab edirəm ki, insanın əldə etdiyi praktiki biliklərin elmlə bir sintezi olmalıdır. Onları birgə tətbiq edəndə bu daha səmərəli olur. Gəncədə böyümüşəm, orada ən yaxşı məktəblərdən birini, 4 saylını bitirmişəm. Mənim böyüdüyüm şəhərdə Nizami Gəncəvinin sözləri qeyd edilən böyük plakatlar asılırdı. Uşaqlıqdan gördüyüm bu misralar beynimdə həkk olunurdu. Bunlardan biri də Leyli və Məcnun poemasındakı “Oğlum Məhəmmədə nəsihət”dəndir:

 

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

 

Digəri isə “Yeddi Gözəl”dəndir:

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zərxara.

Bunlar çox müdrik kəlmələrdir. Möhtərəm prezident də həmişə deyir ki, məmurlar xalqın xidmətçisidir. Əgər cənab prezident bunu deyirsə, bütün məmurlar da buna əməl etməlidirlər. Mən məmur deyiləm. Çoxsaylı vəkillərdən biriyəm, sadəcə onlar tərəfindən sədr seçilmişəm. İndi bu gün hər bir vəkilin problemi mənim şəxsi məsələmə çevrilir. Seçiləndən sonra açıq qapı siyasətinə keçmişəm. Bütün vəkillər üçün qapım həmişə açıqdır.

 

- Yenə işdən danışırsız... Dünyada ən çox bəyəndiyiniz hüquqşünas kimdir?

 

- Kimisə xüsusi vurğulamaq istəmirəm. Amma bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən İsmayıl Xan Ziyadxanovun barəsində araşdırma apararkən bir sənəd aşkar etdik. Bu vəkilin andı adlanır. Həmin insanın Rusiya Dövlət Dumasındakı çıxışlarına da baxdıq. Hələ o vaxtdan nə qədər mərd, cəsarətli insanlarımız olub və onlar xalqımızın maraqlarını yüksək səviyyədə təmsil ediblər. İmperiyanın ən pis vaxtlarında belə milli maraqları hər şeydən üstün tutublar və mən sevinirəm ki, bunların çoxu məhz hüquqşünas olub. Bu gün də Azərbaycanda kifayət qədər peşəkar hüquqşünaslar var.

 

- Şahmatı sevirsiniz?

 

Gülümsəyərək:

 

- Belə demək olarsa, hörmətlə yanaşıram.

- Uduzduğunuz hallar çox olur, yoxsa udduğunuz?

 

- Udduğum da, uduzduğum da olub. Hansının daha çox olduğunu hesablamamışam.

 

- Bəs vəkil kimi hansısa prosesi uduzanda hansı hisləri keçirirsiniz?

 

- Əgər bir vəkil prosesi udmaq istəyirsə, işlə ürəkdən məşğul olmalıdır. İşə həvəsi qəlbindən gəlmirsə, canını qoymursa, heç vaxt uğur əldə etməyəcək. Həmişə çalışıram ki, mənə müraciət edən şəxslərin işinə ürəklə yanaşam. Yəni, canımı qoymuşam bu işlərdə. Təbii ki, uğur əldə etməyəndə çox kədərlənirəm. Bəzən haqlı olduğun yerdə qalib olmursansa, bu iki qat çətindir. İllər keçdikcə insanlar bu cür duyğuları itirir və çox həssas yanaşmır, vəziyyətlə, tez barışır. Amma mən hələ də bununla barışa bilmirəm. Mübariz, ədalətli hüquqşünas haqlı olduğunu bildiyi işdə, axıracan mücadilə aparmalıdır. İnsan son ümidləri ilə gəlir vəkilə. Bizim haqqımız yoxdur ki, o ümidləri doğrultmayaq.

 

- Tələbəlik, gəncliyinizin ilkin dövrlərində əsasən nə ilə məşğul olurdunuz? 

 

- İmkan daxilində idmanla məşğul olurdum. Məsələn, tennisi həddən artıq çox sevirəm. Eyni ilə də futbolu. Təəssüflər ki, son illərdə idmanla məşğul olmağa çox vaxtım olmur. Bizim binada da artıq tennis stolumuz var. İş saatlarından sonra bəzən tennis oynayırıq. Bitkilərə qulluq etməkdən də çox zövq alıram.

- Sizin üçün "bu olmazsa, olmaz" deyə hər hansı prinsip varmı? Ümumiyyətlə, həyatınızda məhdudiyyətləriniz olurmu?

 

- İnsan bəzən seçim qarşısında qalır. Bir çox şeydən könüllü olaraq vaz keçirsən. Bəzən də məhdudiyyətlər olur ki, bu da normaldır. Bunu da dəf etməyi bacarmalısan. Bunu edə bilməzsənsə, heç vaxt uğur qazana bilməyəcəksən. Mən şəxsən bir çox məsələlərdə, özüm-özümə məhdudiyyətlər qoyuram. Bəzən bu məhdudiyyətlər problem yaradıq. Hamının olduğu kimi mənim də, ailəm, övladlarım var. İstədiyim qədər onlara vaxt ayıra bilmirəm.

 

- Neçə övladınız var?

 

- 3 övladım var. 1 oğlan, 2-si qızdı.

 

- Yəqin əksər qız ataları kimi siz də qızları çox sevirsiz... Sizcə, qız atası olmağın bir özəlliyi varmı?

 

- Mənim böyük övladım oğlandı. Artıq 13 yaşı olacaq. Müqayisə etmək imkanım olub və görürəm ki, qız övladı ataya daha çox qayğı göstərir. Kiçik qızımın cəmi 2 yaşı var. Amma indinin özündə də evə gələndə hamıdan birinci məni o qarşılayır. Qarşıma çıxıb, gəlişimə çox sevinir. Öz aləmində çalışır ki, kömək etsin. Hətta o yaşda qayğı belə göstərir. Təbii ki, bu mənim üçün həddindən çox dəyərlidir. Və bilirəm ki, bu məhz qızlara xas olan bir davranışdır. Çox şadam ki, həm oğul, həm də qız övladlarına sahibəm.

- Bəs qadınlarımızın vəkillikdə iştirakı sizi qane edirmi?

 

 - Həmişə onun tərəfdarıyam ki, qadınlar ictimai həyatda daha da fəal olsunlar. Universitetdə təhsil aldığımız zaman xanım tələbələrin sayı oğlanlardan heç də az deyildi. Amma təəssüf olsun ki, sonradan onların çoxunu aramızda görmürük. Onların bir çoxu ailə qurduqdan sonra işləməməyə üstünlük verirlər. Bu gün vəkillikdə qadınların sayı 20 faizdən çoxdur. Bu o qədər də pis göstərici deyil. Hazırda namizədlər arasında da 20 faiz qadınlar var. Amma çox istəyərdim ki, bunların sayı artsın. Bir çox müştərilər var ki, vəkilin məhz qadın olmasını tələb edir. Bu ən çox xanım müştərilər arasında olur. Tutaq ki, o boşanırsa, hesab edir ki, bir xanım onu daha yaxşı anlaya bilər.

 

- Qızlarınız vəkil olmaq istəsə razılaşarsız?

 

- Sevinərəm.

 

- Evdə qərarları birlikdə verirsiz, yoxsa tək başına?

 

- Mən fikir plüralizmin tərəfdarıyam. Amma elə məqam gəlir ki, orada sözünü qəti deməlisən. Birdən də elə məsələ olur ki, onunla bağlı xahiş edirəm ki, qərarı həyat yoldaşım versin.

 

- Bəzən insanları aldadan vəkillərlə də rastlaşırıq. Bunlarla bağlı fikriniz nədir?

 

- İnanırsınız, onların çoxu heç vəkil deyil. Bizə daxil olan şikayətləri araşdırarkən məlum olur ki, onların vəkil deyil. Bəziləri hətta televiziya kanalında özünü vəkil kimi təqdim edir. Sonra araşdırırıq ki, o, ümumiyyətlə, kollegiyanın üzvü deyil. Sosial şəbəkələrdə də eyni halla rastlaşırıq. Vəkil adından qanunsuz istifadə etməyə görə isə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub. Hazırda bu məsələ barədə çox ciddi mübarizə aparırıq. Bu bizim üçün prioritet məsələdir. Araşdırma apardıq və məlum oldu ki, Kollegiyaya daxil olan şikayətlərin 80 faizi vəkil olmayan hüquqşünaslardandır. Bəzi hallarda hətta dövlət orqanları belə aldanır. Bu yaxınlarda Badamdar tərəfdən keçəndə gördüm ki, yolun kənarında bir neçə obyekt var, pitixana, dönərxana, çayçı filan və bunların arasında da birin üzərinə vəkil yazılıb. Bu vəziyyət mənə çox pis təsir etdi. Oradan gündə minlərlə insan keçir. Bunu oxuyub vəkilə nə hörmət qoya bilərlər? Ora getdik və bu balaca yerdə yerləşən obyektin qapısı bağlı idi. Yaxınlıqda yerləşən obyektdəkilərə bildirdik ki, buranın sahibi təcili mənimlə əlaqə saxlasın. Məlum oldu ki, burada insanları vəkil adı ilə aldadırlarmış. Həmin hüquqşünasa ciddi xəbərdarlıq etdik ki, təcili bu adı yığışdırsın. 2 saat sonra mənə şəkil göndərdilər ki, artıq o ad yığışdırılıb. Bəzən görürsən ki, vəkil həmkarı ilə KİV-də və ya sosial şəbəkələrdə  çox çirkin mübarizə aparır. Bunların da qarşısını almağa çalışırıq. Vəkillərimiz arasında elələri də var ki, onlarla fəxr edirik. Bəraət hökmü çox alan və işinə məsuliyyətlə yanaşan vəkilləri təltif edirik. Məsələn Eleonora Rəcəbova adlı vəkilimiz var. 63 illik təcrübəsi var. Yeri gəlmişkən, o məşhur şahmatçı Teymur Rəcəbovun nənəsidir. 85 yaşı var, amma bu gün də çox fəal şəkildə məhkəmələrdə iştirak edir.

- Fiziki durumları buna imkan verir?

 

- Bəli. 5 saylı hüquq məsləhətxanasının müdiridir. Biz onu da sevərək təltif etmişik. 55- ci ildən bu insan qüsursuz fəaliyyət göstərir.

 

- İmtahanların nəticələri sizi qane edir?

 

- Bəzən insanlarda belə fikir formalaşır ki, keçid balı aşağı düşməlidir, 60 bal yüksəkdir. Əgər hakimlərin keçid balı 60, prokurorların keçid balı 90-dan 70-dirsə, vəkillərin 60-dan aşağı olması doğru ola bilməz. Vəkil hakimdən və prokurordan heç də az biliyə malik olmamalıdır. Biz fəaliyyətdə olan vəkillərlə bağlı da ciddi işlər görəcəyik. Onların bəziləri öz üzərində işləmir. Onların bilik səviyyəsini yoxlamaq, ixtisasartırma kurslarına cəlb etmək kimi fikirlərimiz var.

 

- Bütün bunlar sizi yormur ki? Ümumiyyətlə, işdən yorulanda necə dincəlirsiniz, əyləncəyə vaxt tapa bilirsiniz?

 

- Əgər vaxtım varsa bunu ən çox ailəm və dostlarımla keçirməyə üstünlük verirəm. Şəhərdə piyada gəzməyi sevirəm.

- Gəncəni daha çox sevirsiniz, yoxsa Bakını?

 

- İnanın, seçim etmək çətindir. Gəncə mənim üçün doğma, doğulduğum şəhərdir. Amma Bakıda Gəncədən daha çox yaşamışam. 17 yaşımdan Gəncəni tərk etmişəm. Azərbaycanın hər bir bölgəsini sevirəm, çünki hər yerin özünə görə, özəlliyi var. Mən heç vaxt ayrı-seçkilik etmərəm, yerlibazlıqdan isə heç xoşum gəlmir. Bütün bölgələrdən olan insanlar mənim dostumdur. Heç vaxt insanın haradan olmasını heç soruşmuram. Əsas odur ki, insan peşəkar və mədəni olsun. Mənim üçün ən yaxşı əyləncə səyahətdir. Azərbaycanın gəzməli yerləri o qədər çoxdur ki. Və mən buralarda gəzməkdən heç vaxt yorulmuram. İstirahətimi əsasən Azərbaycan bölgələrində keçirirəm. Mən sosial cəhətdən çox fəalam, əyləncələrimi də belə heç kimdən gizlətmirəm. Bütün istirahətlərimdən fotolar belə paylaşırdım. Son illər əsasən Daşkəsən rayonun Xoşbulaq yaylağında dincəlirəm. Orada evim var və oraları çox sevirəm. Ən çox təbiətdə istirahət edə bilirəm. Səs-küylü yerlərdən qaçmağa çalışıram. Xaricdəki, hansısa dəbdəbəli kurort məni o qədər cəlb etmir.

 

***

 

Bayaqdan otaqdakı bir neçə plaket diqqətimi cəlb edib. Birində isə Prezident İlham Əliyevin imzası var. Həmsöhbətimiz bu plaketin yanında çox vüqarlı dayanır: "Möhtərəm prezidentimiz tərəfindən 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşam və bu, mənim üçün həyatda ən yüksək nailiyyətdir". Mebelin üzərindəki nar fiquru da diqqətimizdən yayınmır. Anar müəllim deyir ki, bu onun ən çox xoşladığı meyvədir, gülərək isə bunları əlavə edir: "Axı nar həm də mənim adımda var. Bu taclı meyvə mənim üçün rəmzidir".

Fotoda da gördüyünüz kimi, mebelin üzərini çox gözəl əşyalar bəzəyir və bunlardan biri də təbii ki, Femidadır. Otaq çox sadə olduğu qədər də gözəl görsənirdi. Bundan sonra isə sədrdən xahiş etdik ki, bizi binanı gəzdirsin. Onu da qeyd edək ki, Vəkillər Kollegiyanın yeni binasından ilk reportaj hazırlayan da biz olduq.

Kollegiyanın iclas zalı çox işıqlı görsənir. Bu otaq son texniki vəsaitlərlə təmin edilib. Sədr deyir ki, yaxın zamanlarda bütün vəkillərin ayrıca elektron kabinetləri də olacaq. Gəzdiyimiz 4 qatlı binada 24 nəfər işləyir, 12 böyük otaq var. Sədr də deyir ki, biz sübut edirik ki, az güclə belə çətin işlərin altından qalxmaq olur. Bu otaqlardan başqa da imtahan otağı da çox diqqət çəkəndir. İnsanlar Kollegiyanın binasına daxil olan kimi, sədrin və müavinlərin hansı vaxtlar onu qəbul edə biləcəklərini görə bilirlər. Bunlar elektron qaydada nümayiş etdirilir. Sədrin sözünə görə, iş elə qurulub ki, heç vaxt qapının önünə insanlar, şikayətçilər yığılıb qala bilməz. Yemək otağı, tennis otağı isə xüsusi zövqlə hazırlanıb. Xüsusi texniki avadanlıqlarla qorunan arxiv otağı daha çox diqqətimizi çəkdi.

Kollegiyanın yeni binasından xoş təəssüratlarla ayrıldıq. İnanırıq ki, bu işıqlı binanın nuru ölkəmizdə vəkillik peşəsinin daha da ucalmasına yardımçı olacaq.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>