Sizin link burada

Ermənistanda Qərb-Rusiya qarşıdurması başlayır?

 

Ermənistanda hadisələrin yeni mərhələsi başlayıb. İndi yeni yaranacaq hakim qüvvənin hansı supergücün nəzarətində olacağı məsələsi həll edilir. Əslində "həll edilmək" sözünün yerinə, "dartışılır" demək daha düz olardı.

 

Birmənalıdır ki, Nikol Paşinyanın rəhbərliyi ilə erməni xalqı iradəsini göstərdi. Bunu kimisi demokratiyanın qələbəsi, kimisi inqilab kimi dəyərləndirə bilər. Amma əsas odur ki, erməni xalqı hakimiyyətdən getmək istəməyən Serj Sarkisyanı devirdi.

 

İndi Ermənistanda nə baş verəcək?

 

Baş verənlərə təsir edəcək amillərə nəzər salaq:

 

Hakimiyyət qarabağlılardan alındı;

 

İki qüvvə hakimiyyətə iddiasını ortaya qoyur: Nikol Paşinyan və Karen Karapetyan.

 

Paşinyanı erməni xalqı, Karapetyanı isə Rusiya dəstəkləyir.

 

Ən ciddi sual isə budur: Qərb Paşinyanı sona qədər dəstəkləyəcəkmi? Əgər dəstəkləyəcəksə, Ermənistanda Qərb-Rusiya qarşıdurmasını müşahidə edəcəyikmi?

 

İndi Ermənistandakı situasiyanı aşağıdakı gurultulu və gurultusuz bəyanatlar tam aydın göstərir:

 

Baqdasaryan (Hakim partiyanın parlament fraksiyasının rəhbəri): Biz parlamentdə çoxluqdayıq və baş nazir postuna namizəd məsələsi ilə bağlı lazımı qərar qəbul edə bilərik. Hazırda Karen Karapetyan baş nazir səlahiyyətlərini yerinə yetirir.

 

Paşinyan: Xalq istəsə, mən baş nazir yükünü çiyinlərimə almağa hazıram.

 

İrəvandakı Rusiya səfirliyi: Rusiya tərəfi mitinq təşkilatçılarını konstruktiv dialoqa çağırır.

 

Paşinyan biznesmenlərə: Bilmədiyiniz yerə burnunuzu soxmayın.

 

Paşinyan bu gün də aksiya keçirir və yolları, körpüləri blokadaya almağa çağırır: Cəmi bir addım qalıb və biz bu məsələni yekunlaşdıracağıq.

 

Sözsüz ki, Qarabağı işğalda saxlayan bir ölkədə baş verənlər ilk növbədə bizim üçün də maraqlıdır.

 

Bizim üçün maraq doğuran və ehtimal olunan amillər:

 

Birincisi  –  Hakimiyyətin Qarabağ klanının əlindən çıxması.

 

Bundan sonra hakimiyyətə kimin gəlməsindən (Qərbpərəst və ya ruspərəst) asılı olmayaraq aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının iştirakı aktuallaşa bilər. Aydın məsələdir ki, həm Qərb, həm də Rusiya bunu arzulayır.

 

İkincisi – Hakimiyyətin Qərb yönümlü siyasi qüvvələrin əlinə keçməsi.

 

Bu halda region qan çanağına dönəcək. Rusiya Ermənistanı cəzalandırmaq üçün Azərbaycanın haqlı tələblərinin yerinə yetməsinə mane olmayacaq. Təbii ki, Qərb də sakit dayanmayacaq. Bu isə barıt çəlləyi üzərində oturub çaxmaq daşı ilə oynamaqdır.

 

Üçüncüsü – Hakimiyyət Rusiya meylli qüvvələrin əlində qalır.

 

Sözsüz ki, ermənilər üçün populist vətənpərvərlik simvolu olan Qarabağ hakimiyyətə gələn qeyri-qarabağlılar üçün də önəmli olacaq. Ermənistanda yerini bərkidən Rusiya Azərbaycana diplomatik təzyiqləri artıracaq və ən pisi də Qərb bu təzyiqlərə heç bir reaksiya verməyəcək.

 

Hələliksə, Paşinyan Musa kimi xalqını öz ardınca apara bilir. Hara qədər, bunu zaman göstərəcək...

 

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>