Sizin link burada

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edib. Lent.az xəbər verir ki, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.

Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.

Müsabiqəyə təqdim olunan istiqamətləndirici mövzular aşağıdakılardır:

-           Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu;

-           Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı;

-           Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlığı;

-           Azərbaycanın hərb tarixi, uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr;

-           Hərb elminin inkişafı, hərbi təhsilin perspektivləri;

-           Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi. Vətənə, dövlətə, hərbi anda sədaqət, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq;

-           Ordu-ictimaiyyət əlaqələri.

Müsabiqəyə təqdim olunan yazılarda üstünlük veriləcək:

-           Mövzunun dolğun əhatə edilməsi;

-           Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

-           İfadə vasitələrinin zənginliyi;

-           Oxucu üçün informativlik dərəcəsi;

-           Müqayisəli təhlil üslubundan istifadə.

Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və ya müəllifin elektron ünvanından elektron qaydada təqdim edilməlidir.

Yazı müəllifi aşağıdakı sənədləri təqdim etməlidir:

 

         şəxsiyyət vəsiqəsinin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);

         kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);

         əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);

         müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);

         yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;

         yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa,  müəllifin adı qeyd edilməməklə Word faylında);

Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.

 

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Şərtlər:

- Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;

- Müsabiqə üçün təqdim edilən yazı müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmalıdır;

- Müsabiqəyə təqdim edilən yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması qadağandır.

 

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

 

- I yer - 1 nəfər - 1500 manat;

- II yer - 2 nəfər - 1000 manat;

- III yer - 3 nəfər - 700 manat;

- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;

Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.

 

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>