Sizin link burada

"Apamark"ın rəhbəri: "Marketinqin işi qapıya kimidir" - MÜSAHİBƏ

 

 

Qısa müddət ərzində marka formalaşdırmağı bacarmış Apamark Marketinq və PR şirkətinin rəhbəri Ceyhun Fərzəliyevin rəqəmsal marketinq sahəsi ilə bağlı Lent.az-a müsahibəsi:

 

- Bu gün Azərbaycanda fəaliyyət göstərən şirkətlər marketinqin hansı dövrünü yaşayır?

 

- Bu gün Azərbaycanda oflayn marketinq alətləri öz yerini sürətlə rəqəmsal marketinqə təhvil verir. Şirkətlər müştəri davranışlarını analiz etməklə yavaş-yavaş CRM dövrünə qədəm qoymağa çalışırlar. Bu da o deməkdir ki, artıq şirkətlər müştərinin gündəlik alış-veriş səbətində olan məhsulları öncədən analiz edərək onun 1 ay sonra nəyə ehtiyacı olacağını təxmin etmək istəyirlər. Dünyada bu proses daha da təkmilləşməyə doğru getsə də, ölkəmizdə bu sahə olduqca asta templə irəliləyir. Bu da ondan irəli gəlir ki, bir çox şirkətlər araşdırmaya, CRM kimi sisteminin quraşdırılmasına kifayət qədər vəsait ayırmaq istəmir və ya ümumiyyətlə bunun lazımsız bir alət olduğunu düşünürlər. Düzdür, CRM sistemini almaq və ya qurmaq hər şirkətin büdcəsinə uyğun deyil, lakin vəziyyət bu gün bunu tələb edir. CRM dövrünün başlanması ilə data analitika üzrə mütəxəssislərin yaranmasına maraq və tələb artacaq. İndiki vəziyyətdə bu sahəyə maraq olduqca aşağıdır. CRM sistemi qurmağa büdcəsi yetməyən şirkətlər mövcud müştərilərinə daha çox məhsul satmaları üçün onlara fərdi yanaşmağa çalışmalıdırlar. Çünki informasiya axının çox olduğu bir dövrdə ancaq fərdi yanaşma strategiyasını inkişaf etdirən şirkətlər müştərilərinin yadında qalırlar. Məsələn müştərisi üçün sifarişli geyim tikən dərzilər. Onlar içəri girən kimi müştərini salamlayır və hal-əhval tutur. Hər müştərini adı ilə çağırır. Onunla bağlı müəyyən məlumatları xatırlayır. Bir müştərindən götürdüyü ölçü ilə digər müştəriyə geyim tikmir. Bir sözlər hər birimizə fərdi yanaşır. Müştəri də diqqət hiss etdikdə markaya qarşı olan loyallığı artır. Bu da sonda satışların artmasına da müsbət təsir edə bilir.

 

- Şirkətlər rəqəmsal marketinqin yaratdığı imkanlardan nə dərəcədə uğurla istifadə bilirlər?

 

- İndiki halda ancaq geniş marketinq komandası olan və illik marketinq strategiyasını öncədən müəyyənləşdirmiş şirkətlər rəqəmsal marketinqin yaratdığı imkanlardan daha yaxşı faydalana bilirlər. Fikir verin əvvəllər şirkətlər sosial şəbəkələr və google reklamları üzərindən reklamlara köklənmişdirlərsə, bu gün artıq teleqram, linkedin kimi platformalarda da müştəriyə bir addım daha yaxın olmağa çalışırlar. Əvvəllər yazılan şərhlər silinir və ya gizlədilirdirsə, indiki halda bir çox şirkətlər hər şərh yazana fərdi yanaşmağa başlayıblar. Bu gün iri platformalar arasında olan rəqabət şirkətlərin də rəqəmsal marketinqə olan baxış bucaqlarını dəyişməyə məcbur edir. Məsələn facebook ilə youtube arasındakı video kontent davası daha da ciddiləşir. Facebook bazarda mövqeyini daha da möhkəmləndirmək üçün youtube-dan və digər saytlardan facebook-a qoyulan linkləri daha az adama göstərməyə başlayıb. Yerli bazarda bir çox şirkətlər də bunu diqqətə alaraq videoları birbaşa facebook səhifəsinin özünə yükləyir. Diqqət etsəniz artıq şəkil postları da yerini video postlara təhvil verir. Facebook həmçinin axtarış sistemini də təkmilləşdirir. Əgər google qısa zamanda ciddi addımlar atmasa, axtarış sistemi olaraq bazar payını itirə bilər. Bazarda fəaliyyət göstərən şirkətlər rəqəmsal marketinq vasitəsilə güclü axın yaratmaq istəyirlərsə, baş verən trendlərdən geri qalmamalı və bu xidmətin icrasını peşəkar şirkətlərə həvalə etməlidirlər. Əks halda zədələnmiş şirkət imicini yenidən formalaşdırmaq həm çətin, həm də yüksək məbləğə başa gələ bilər.

 

- Azərbaycanda rəqəmsal marketinq xidmətləri göstərən şirkət və agentliklərin rəqəmsal fəaliyyətini necə qiymətləndirirsiniz? Hansı addımları atmaq məqsədə uyğundur?

 

- Azərbaycanda az da olsa peşəkar səviyyədə rəqəmsal marketinq xidmətləri göstərən şirkət və fərdlər var. Zamanla sosial şəbəkələrdə maraqlı layihələrə rast gəlmək mümkündür. Ancaq təəssüf ki, həmin layihələrin bir çoxunun ssenarisi davamlı və müştəriyə yönəlik olmadığından tez unudulur. Bazarda daha çox maraqlı layihələrin işıq üzü görməsi üçün hər iki tərəfin zamanla bir-birinə etibar etməsi və bir-birini maarifləndirməsi lazımdır. Digər bir məsələ isə bu sahədə mövcud kadrların şirkətdə qalması üçün yeni imkanlar yaratmaq və yeni kadrların yetişdirilməsidir. Rəqəmsal marketinq xidmətlərinə tələbin çox olmasına və ümumiyyətlə hər şeyin rəqəmsal dünyaya daşınılmasına baxmayaraq şirkətlərin bir çox qismi müxtəlif səbəblərdən bu istiqamət üçün minimal büdcə ayırırlar. Həmin büdcə ilə də yaxşı nəticə əldə etmək və peşəkar işçini saxlamaq çətindir. Belə olduğu halda həmin işçi fərdi olaraq fəaliyyət göstərməyi qərara alaraq şirkətdən uzaqlaşır. Ümumi nəticəyə baxsaq görərik ki, hər iki tərəf itirir və bazara ciddi zərbə dəyir. Xidmət almaq istəyən şirkətlər fərdi şəxslərlə aralarında müqavilə olmadığına görə risk etmək istəmirlər, fərdi şəxslərin isə korporativ əlaqələri və resursları daralır.

 

- Satışların artmasında hansı komandanın payı daha çoxdur? Rəqəmsal marketinq yoxsa satış komandasının?

 

- Marketinq qapıya kimi gətirir və qapıdan içəri salır, gerisini artıq satış komandası həll edir. Doğru qurulmuş rəqəmsal marketinq strategiyası şirkətə güclü trafik yəni insan axını gətirə bilər. Həmin insan axınını müştəriyə çevirmək isə artıq satış komandasının üzərinə düşən bir məsələdir. Əsas olan satılması planlaşdırılan məhsulu və ya xidməti doğru zamanda doğru insanlara göstərməkdir. İstənilən halda hər iki komanda bir-biri ilə sıx işləməlidir.

 

Son olaraq qeyd edim ki, rəqəmsal marketinq indiki dövrdə şirkətin təməli hesab olunur. Onun doğru və möhkəm qurulması üçün həm xidmət verən, həm də xidmətdən istifadə edən şirkətlər bir-birilərini mümkün qədər maarifləndirməli və bazarın inkişafına dəstək göstərməlidirlər.

 

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>