Sizin link burada

“Andiçmədən sonrakı ilk fərman alqışa layiqdir” - RƏYLƏR

“20 ildən artıq idi ki, 1991-1994-cü illərdə şəhid olmuş hərbi qulluqçuların ailələri, Qarabağ əlilləri onlar üçün dövlət tərəfindən nəzərdə tutulmuş hərbi qulluqçuların icbari sığortalarını ala bilmirdilər. Bu, problem idi və həll olunmalı idi. Şükür ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bu problemin birdəfəlik həlli üçün fərman imzaladı”. Bu sözləri Qarabağ qazisi Rey Kərimoğlu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə öldüyü elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmana münasibət bildirərkən deyib. 
 

R. Kərimoğlu bildirib ki, Qarabağ Qaziləri Birliyi, Şəhid Ailələri Cəmiyyəti və bir neçə təşkilat neçə illərdir bir məsələni vacib qurumlar qarşısında qaldırıb, problemin həll olunması üçün müraciət ediblər: “Qanunvericilikdə boşluq, bəzi dövlət orqanlarında isə səhlənkar yanaşmalar vardı. Bütün döyüşçü dostlarımız adından Prezidentə təşəkkür edirəm. Ümid edirəm ki, Qarabağ əlillərinin də sığorta pulunun ödənilməsi ilə bağlı bir addım atılar. Şəhid ailələri haqqında fərman çıxıb, Qarabağ müharibəsi əlilləri qalıb”.


“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin fikrincə isə, 1991-1994-cü illərdə Qarabağ müharibəsində həlak olanların ailə üzvləri ilə sığorta haqqında qanun imzalanmayıb: “Azərbaycan torpaqlarına Ermənistan silahlı qüvvələri tərəfindən təcavüz olanda, Qarabağ və ətrafındakı rayonlar işğal olunan dövrdə Azərbaycan müstəqil dövlət olaraq yenicə formalaşmağa başlayırdı. Onun nə ordusu, nə də dövlətində yetərincə qanunlar yox idi. 1997-ci ildə Heydər Əliyevin prezidentliyi dövründə orduya çağırılarkən hərbçilərin dövlət tərəfindən sığortalanması haqqında qanun imzalandı. Həmin dövrdən sonra o məbləğ tədricən artdı. 1991-1994-cü illərdə yalnız sığorta şirkətinə müraciət edən ailələrə sovet dövründən qalmış mövcud qanunla az məbləğdə sığorta pulu verilib”.
 

M.Mehdiyev onu da qeyd edib ki, sığorta haqqında qanunda da qeyd olunur ki, hər bir gənc hərbi xidmətə çağırılarkən, yaxud səfərbərlik edildikdə dövlət tərəfindən sığortalanır və o sığorta xidmətinə xitam veriləndən 3 ilin tamamına qədər qüvvədə olur: “Yəni ordu sıralarından tərxis olunması, xəstəliklə çıxması, həlak, yaxud şəhid olması ola bilər. Bildiyimiz kimi, həmin dövrdən 3 ildən çox vaxt keçib. Bununla bağlı şəhid ailələri tərəfindən çoxsaylı müraciətlər olub. Bir neçə təşkilat dəfələrlə dövlət orqanlarına müraciət etmişik. Nəhayət, bu məsələ ilə bağlı cənab Prezident fərman verdi. Baxmayaraq ki, keçmiş dövrdə sığorta haqqında qanun yox idi, cənab Prezident şəhid ailələrinə qarşı humanistlik etdi. Andiçmədən sonra ilk fərmanını şəhid ailələrini sevindirmək, onların sosial rifahını yaxşılaşdırmaq üçün verdi ki, həmin ailələr 11 min manatı alıb, ailələrinin problemini həll edə bilsinlər. Cənab Prezident həmişə olduğu kimi şəhid ailələrinin diqqətdə saxlanılmasını, oların bütün qayğılarının çəkilməsini cəmiyyətə, digər məmur, dövlət qulluqçularına nümunə göstərdi”.
 

“4 minə yaxın şəhidimiz var. Onların böyük hissəsi Qarabağ müharibəsinin ilkin illərində olub. Həmin şəhidlərin ailələri üçün nəzərdə tutulan kompensasiya ödənilməmişdi. Buna görə də şəhid ailələrinin xeyli vəsaiti yığılıb qalmışdı” - bunu isə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. 
 

O bildirib ki, Prezident İlham Əliyev bu günə qədər şəhid ailələrinə qayğı ilə bağlı xeyli işlər görüb, bu fərman da onlardan biridir: “Qarabağ əlillərinə mənzil və maşınların verilməsi, eyni zamanda şəhid ailələrinə mənzil, maşınların verilməsi, onların övladlarının təhsil haqqı, Prezident təqaüdü və təqaüdlərin artırılması məsələsi daim dövlətin gündəmindədir. Bir neçə dəfə qanunvericilikdə dəyişiklik edilib, güzəştlər artırılıb. Adların əbədiləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Məktəblərə, uşaq bağçalarına, küçələrə şəhidlərimizin adları verilib. Bir tək bu məsələ qalmışdı. Cənab İlham Əliyevin yenidən Prezident seçildikdən sonrakı ilk iş günündə ilk fərmanının şəhid ailələriylə bağlı olması bir daha bu siyasətin nə qədər ardıcıl və dönməz olmasını göstərir və alqışa layiqdir. Cənab Prezident ad gününü şəhid ailələri, Qarabağ əlilləri ilə bərabər keçirir, tez-tez cəbhə bölgələrində olur. Heydər Əliyev Fondu da şəhid ailələrinə diqqət və qayğı göstərir. Aprel hadisələri zamanı cənab Prezident İlham ƏLiyev, Birinci Vitse-prezident Mehriban Əliyeva yaralılarla görüşdü, şəhidlərin bir çoxunun dəfn mərasimində iştirak elədi. Bu gün şəhidlərin dəfn mərasimi, onların adlarının əbədiləşdirilməsi çox yüksək səviyyədə həyata keçirilir”.
 

E. Həsənli onu da qeyd edib ki, şəhid ailələrinin sosial problemlərinin həlli, övladlarının təhsil məsələləri daim dövlətin diqqətindədir: “Prezidentin bu addımı ölkədə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və vətənpərvərliyin yüksəlməsinə təsir edəcək. Bütünlükdə götürəndə böyük məbləğdir, bu məbləğin ödənilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısıdır”.

LENT

23 May 2018

Digər xəbərlər >>>