Sizin link burada

Vətəni sevməyən insan olmaz

Qəşəm Nəcəfzadə

 

90-cı illərin əvvəllərində, müəllim işlədiyim vaxtlarda bir hadisəni və bu hadisənin baş verməsində hansı amilin rol oynadığını hələ də unuda bilmirəm.

 

10-cu sinif şagirdlərinə “Haradan başlanır, vətən” mövzunda  inşa yazmağı tapşırdım. Elə həmin günün axşamı “Space” televiziyasında bu mövzuda veriliş verdilər. Sevindim ki, həmin verilişdə siyasətçilərin çıxışları mövzunu tam əhatə olunması üçün  şagirdlərimə kömək olar.

 

Səhəri uşaqların yazdığı inşaları yoxladım. Yaxşı oxuyan şagirdlərimin birinə ürəyimdən gələn, məktəb dilində desək, yağlı “5” yazdım. İnşada vətən haqqında o qədər gözəl fikirlər, duyğular səmimiyyətlə ifadə olunmuşdu ki, şagirdin təxəyyülünə heyran qaldım. Onun vətən sevgisi məni heyrətə gətirdi. Başqa bir şagirdimin vətən haqqında fikirləri çox zəif, hissiz və duyğusuz  idi. Elə bil inşanı candərdi yazmışdı. Ona “2” qiymət yazdım. Sonradan həyatın diktəsi məni çox həyəcanlandırdı. Qarabağ döyüşlərində “5” verdiyim, vətən haqqında gözəl fikirlər söyləyən şagirdim fərari oldu, “2” yazdığım şagirdim isə göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Həyatın diktə etdiyi həqiqət indiyə kimi məni tərk etmir.

 

Görəsən, bu qəhrəmanlıqda hansı amilin rolu var? Biz müəllimlər və psixoloqlar nədə səhv edirik?

 

Mən başa düşürəm  ki, vətənpərvərlik gəlişigözəl sözlər deyil, daxilən, fitrən, anadangəlmə bir istedad məsələsidir. Qəhrəmanlıq da istedad kimi doğulur, yaşayır, qalib gəlir. Sonrakı müəllimlik həyatımda və elə indinin özündə də mənə verilən o həyat dərsini unutmuram və ondan böyük bir  ibrət götürürəm.

 

İndi hamının çox asanlıqla danışa biləcəyi bir mövzu varsa, o da vətənpərvərlikdir. İstənilən qədər danışmaq olar. Heç kəs səndə səhv tuta bilməz. Axşama kimi marş oxuya bilərsən, Azərbaycan bayrağını daim başın üstə yellədərsən, şeir deyərsən, ağlarsan, çoşarsan, uzun-uzadı nitq söylərsən, amma bu, hələ tam vətənpərvərliyə dəlalət etmir. Bəzən unuduruq: çoxlarımız vətənpərvərliyi nitq söyləmək kimi başa  düşürük. Yaxşı danışmaq, ibarəli sözlər işlətmək, tarixi keçmişimizdən misallar çəkmək hələ vətənpərvər olmaq deyil. Bununla adamları tanımaq, seçmək olmaz.

 

Mənim fikrimcə, vətənpərvərlik öz işini yetərincə bilməkdir. Müəllim yazı taxtasında, şair yazı masasında, əsgər səngərində, sürücü sükanında, həkim müalicəsində ayıq –sayıqdırsa, elə əsl vətənpərvərlik  burdan başlayır. Yoxsa, öz ixtisasını mükəmməl  bilməyən adamın iclas salonlarında vətən haqqında uzun-uzadı nitq söyləməsi vətənə sayğısızlıqdan başqa bir şey deyil. Belələri, əksinə, vətənə, onun azadlığına mane olan adamlardır.

 

Öz ixtisasında peşəkar olmaq əsl vətənpərvərlikdir. Vətən sevgisi boynuna düşən vəzifəni layiqincə yerinə yetirməkdən başlayır. Əsgər hərbin sirlərini elmi şəkildə dərindən mənimsəyirsə, onun vətənpərvərliyi, nitqi, şeiri elə öyrəndikləridir. Necə ki, “2” qiymət verdiyim şagird ədəbiyyatdan kəsilsə də, qəhrəmanlıq dərsindən “5” aldı. Demək, o vətənin cəld, çevik, mübariz qəhrəmanı kimi doğulubmuş və bunu da öz qısa həyatında sübuta yetirdi.

 

Biz orta məktəblərdə iradəli, dözümlü, fiziki cəhətdən hazırlıqlı şagirdləri əvvəlcədən görməliyik və diqqətdə saxlamalıyıq. İstər valideynlər, istərsə də biz müəllimlər onların ixtisas seçiminə mane olmamalıyıq, şərait yaratmalıyıq ki, onlar həyat yollarını özləri müəyyənləşdirsinlər.

 

Fikir versək, şəhidlərimizin heç biri  heç vaxt vətən haqqında uzun-uzadı nitq söyləmədilər, sadəcə, vətən uğrunda ölməyi bacardılar.

 

Əsl vətən sevgisi dillə deyilmir, canla, həyatla ifadə olunur.

 

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>