Sizin link burada

Suriyaya atılan raketlərin Qarabağda əks-sədası...- AKTUAL ŞƏRH

 

 

Üçüncü dünya müharibəsi başlamayacaq. Yəni klassik dünya müharibəsi anlayışına uyğun gələn bir reallıq yaşanmayacaq. Suriyada yaranmış böhran isə təbii ki, sakitləşəcək.

 

Bu gün dünyanın güc mərkəzi olan ölkələrindəki silah arsenalı, xüsusən də nüvə silahları üçüncü dünya müharibəsinin başlamayacağının ən sanballı təminatçısıdır. Amma əldə olan silahların nümayişi və kimin nəyə qadir olduğunun dünyaya göstərmək lazımdır. Suriya indiki halda bu məqsəd üçün seçilmiş poliqonu xatırladır. Tərəflər əllərində olan “ağıllı” silahları nümayiş etdirirlər. Bu, həm də bir növ sınaqdır. Müasir silahların sınağı. Sınaq başa çatandan sonra sakitlik yaranacaq.

 

Təbii ki, bu sınaqdan sonra bağlı qapılar arxasında nüfuz dairələrinin bölüşdürülməsi məsələsinə də baxılacaq. Əslində, bu prizmadan baxsaq, baş verənləri dünya müharibəsi kimi də dəyərləndirmək olar. Çünki dünya müharibələrinin məqsədi də nüfuz dairələrinin bölüşdürülməsi olub.

 

Hazırkı Suriya böhranından sonra Azərbaycanın və Ermənistanın və bütövlükdə Cənubi Qafqazın hansı nüfuz dairəsinə düşəcəyi çox maraqlıdır. Çünki bu, Azərbaycan-Ermənistan münaqişəsinin durumuna birbaşa təsir edəcək amildir.

 

Hazırda həm Azərbaycan, həm də Ermənistan Rusiyanın nüfuz dairəsindədir. Təbii ki, iqtisadi imkanları Azərbaycanı daha müstəqil edən vacib amildir. Amma Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qollarını bağlayır. Ermənistan isə Rusiya üçün sadəcə maşadır. Təbii ki, ermənilər bu durumlarından maksimum bəhrələnməyə çalışır və indiki halda buna nail də olublar.

 

Azərbaycan və Ermənistan Rusiyanın nüfuz dairəsində olsa da, Dağlıq Qarabağ münaqişəsi tək Rusiyanın nüfuz dairəsində deyil. Minsk Qrupunun həmsədri hansı dövlətlərin olması bunun əyani sübutudur. Aydındır ki, ABŞ və Fransanın timsalında qədim qitə öz nüfuzlarını qorumaqla yanaşı situasiyaya faktiki nəzarəti Rusiyaya veriblər.

 

Suriyada yaranan situasiyanın nizamlanması zamanı sözsüz ki, ABŞ və Rusiya arasında bazarlıq olacaq. Bu bazarlıqda təbii ki, son böhranın nəticələri tərəflərin diktə edəcəkləri tələbləri formalaşdıracaq və razılaşmalarda özünü göstərəcək. Razılaşmalarda Cənubi Qafqazın hansı nüfuz dairəsinə olması da müzakirə edilə bilər.

 

Sözsüz ki, Kreml Cənubi Qafqazı güzəştə getmək fikrində deyil. Rusiya Suriyada yaranmış son situasiyada əldə etdiklərindən geri çəkilməyə məcbur olsa, Qafqazda daha da möhkəmlənmək istəyəcək. Çünki Qafqaz Rusiya üçün bu istiqamətdə sonuncu müdafiə eşelonudur. Bu xətti əldən vermək təkcə Cənubi Qafqazı yox, bütövlükdə Qafqazı itirmək təhlükəsi yarada bilər. Bu isə Rusiyanın içərisində ciddi çatlar əmələ gətirər.

 

Buna görə də Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmlətmək istəyəcək. Regionda möhkəmlənmək isə təbii ki, hərbi qüvvələrini artırmaq deməkdir.

 

Ermənistanla vəziyyət aydındır. Hər iki ölkə KTMT üzvüdür və Ermənistanda hərbi baza var. Gürcüstan 2008-ci ildəki Rusiya ordusunun demarşından sonra qarmaqdadır. Rus silahının olmadığı yeganə Cənubi Qafqaz ölkəsi Azərbaycandır. Və Rusiya hər cəhdlə buraya da qoşunla qayıtmaq istəyir.

 

Situasiya 20-ci əsrin 20-ci ilinə çox bənzəyir.
Rusiya Azərbaycana qoşun çıxarmaq istəyir...
Ermənilərin Qarabağda qiyamı var...
Türkiyə Rusiya ilə isti münasibətlər qurmağa çalışır...

 

Təbii ki, Rusiya Azərbaycana işğalçı kimi yox xilaskar kimi girmək istəyir. Ən yaxşı bəhanə isə Dağlıq Qarabağ münaqişəsidir. Artıq xeyli vaxtdır ki, Rusiya sülhməramlı adı ilə Dağlıq Qarabağ münaqişəsi zonasına hərbi kontingent göndərmək istəyir. 5 rayonun qaytarılması ilə bağlı Lavrov planının arxasında da bu məqsəd dayanır.

 

Plan baş tutsa, Şuşa ilə birlikdə DQMV, o cümlədən Laçın və Kəlbəcər Azərbaycandan ayrı düşəcək. Çünki arada Rusiya əsgəri dayanacaq. Və bu Ermənistanın maraqlarına tam uyğun olacaq.

 

Beləliklə, Suriyaya atılan “ağıllı raketlər” Qarabağda əks-səda verə bilər. Rusiya Suriyada əldə etdiklərini itirməklə təhdid olunsa, Cənubi Qafqazda vəziyyət gərginləşdirəcək. Çünki Rusiyanın regionda möhkəmlənməsi üçün Qarabağa girməsi lazımdı. Bunun üçün ən yaxşı bəhanə və ən arzuolunmaz ehtimal isə Qarabağda iri miqyaslı hərbi əməliyyatların başlanması ola bilər.

 

 

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>