Sizin link burada

THTC şəbəkə ofisi “Gilan Turizm”: beynəlxalq sərginin Azərbaycan təmsilçisi - REPORTAJ

“Hestourex” - səhiyyə, idman və alternativ turizm sərgisi Antalyada ikinci dəfədir, keçirilir. Türkiyədə sağlamlıq turizmi sektorunun dövlət tərəfindən bu qədər dəstəklənməsinin əsaslı səbəbləri var. Əvvəla, Türkiyə səhiyyənin səviyyəsinə görə, dünyanın ən inkişaf etmiş ölkələri, məsələn, Almaniya və İsraillə rəqabət gücündədir. Digər tərəfdən, insanlar türkiyəli həkimlərin peşəkarlığına, bu ölkənin tibb təhsili sahəsindəki böyük uğurlarına inanırlar.

 

 

 

“Hestourex” sərgisi də bütün bunları bir daha nümayiş etdirmək üçündür. Yəni Türkiyə Cümhuriyyətinin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, mövcud olan tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsini təmin etmək, ən müasir tibbi avadanlıqları və alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin qarşılıqlı fikir mübadiləsini təmin etmək...

 

 

Hələ keçən il açılış mərasimində iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, 10 milyard lirəlik müqavilə imzalanması gözlənilir.

 

“Gilan Turizm” – Türkiyə Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi

 

Sərgidə ölkəmizi Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının (THTC) Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı tibb ocaqları – Mərkəzi Gömrük Hospitalı, Diaqnostika Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və digər müəssisələrin həkimləri, turizm agentliklərinin nümayəndələri, o cümlədən, jurnalistlər təmsil edirdi.

 

 

 

“Antalya Expo Centerdə” açılışı keçirilən sərgidə çıxış edən Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının rəhbəri Emin Çakmaq beynəlxalq tədbirin əhəmiyyətinə toxundu. O, bildirdi ki, sərginin məqsədi Türkiyə Cümhuriyyətinin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, mövcud olan tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin qarşılıqlı fikir mübadiləsini təmin etməkdir. Onun sözlərinə görə, Türkiyə prezidentinin təşəbbüsü və himayəsi altında keçirilən beynəlxalq sərgidə 165 ölkədən nümayəndələr iştirak edir.

 

Təntənəli açılış mərasimində Antalya valisi Münir Karaloğlu, Antalyanın bələdiyyə sədri Menderes Türel, millət vəkilləri Gökcen Özdoğan Enç və başqaları da çıxış edərək sərgini əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, sərgi 2018-ci ildə bölgədə turizm sahəsində öz hədəflərini reallaşdıracaq. 2019-cu ildə Türkiyəyə 40 milyon, Antalyaya isə 12 milyon turistin gəlməsi gözlənilir.

 

 

 

Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının (THTC) Bakıdakı şəbəkə ofisinin direktoru, “Gilan Turizm”in təmsilçisi Fərid Məcidov sərgi haqqında jurnalistlərə ətraflı məlumat verdi. Fərid Məcidovun sözlərinə görə, təşkilatın əsas məqsədi 80-dən çox ölkədən, o cümlədən Azərbaycandan Türkiyə tibb ocaqlarına sağlamlıq turizmi üçün insanları cəlb etməkdir: “Bu sərgi ikinci dəfədir təşkil olunur. Ötən il də biz Azərbaycanın aparıcı tibb müəssisələrinin nümayəndələrinin sərgidə iştirakını təmin etdik ki, klinika təmsilçiləri, otellər nümayəndələri, alternativ turizm kompleksinə aid olan şəxslər təkbətək görüşlər keçirsin, gələcək əməkdaşlıqlarının təməlini burda qoysunlar. Ötən ilki görüşlərin nəticəsi artıq mövcuddur. Azərbaycanda da tibbin bütün sahələri inkişaf etməkdədir. Buna baxmayaraq, qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman ehtiyac var. Bundan sonra da Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi “Gilan Turizm” şirkəti olaraq “Hestourex” sərgisinin iki qardaş ölkəyə - Türkiyə və Azərbaycana faydalı olması üçün öz töhfəmizi verməyə çalışacağıq”.

 

Sağlamlıq turizmi sahəsində analoqu olmayan tədbirdə eyni zamanda sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, hotel təmsilçilərinin iştirakı ilə panellər təşkil olundu, seminarlar, master-klasslar, azərbaycanlı tibb nümayəndələrinin iştirakı ilə B2B formatında səmərəli görüşlər keçirildi.

 

 

 

Beynəlxalq təşkilata Azərbaycan rəhbərlik edəcək

 

Antalyada yolboyu “Hestourex-2018” sərgisini əks etdirən bilbordları görmək olardı.  Bu da sərginin əhəmiyyətli olduğunu bir daha təsdiqləyirdi. Belə sərgilər ölkəmizin daha geniş coğrafiyada tanınmasında, turizm imkanlarımızın təbliğində, eləcə də qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında bir vasitə rolunu oynayır. Hər bir sərgi yeni fürsətlərin dəyərləndirilməsinə açılan bir pəncərədir. Bu baxımdan “Hestourex”in gələcək əməkdaşlığa verə biləcəyi töhfələri indidən hədəfləmək mümkündür. B2B görüşlərdən sonra bizimlə fikirlərini bölüşən həkimlər dünyanın bu cür böyük tədbirlərində ilkin razılaşmaların, reklam və təbliğatın böyük rol oynadığını etiraf etdilər.

 

Sərgi çərçivəsində Azərbaycan üçün daha bir uğurlu nəticə əldə olundu. Beynəlxalq təşkilatın seçki iclasında 22 ölkədən 48 nümayəndə iştirak edirdi. Seçkidə Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçildi. Səsvermə ilə təşkilatın altı vitse-prezidenti də elan olundu. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçdi. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçildi.

 

 

 

Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verdi, təşkilatın platformasını açıqladı. O, jurnalistlərə müsahibəsində bildirdi ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.

 

60 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə və Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.

 

 

 

* * *

 

Sərginin qala-gecəsi xüsusi təntənə ilə təşkil olunmuşdu. Tədbirdə iştirak edən qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu sərginin əhəmiyyətinə bir daha toxundu. Antalyanın “Hestourex” sərgisinə artıq ikinci dəfə ev sahibliyi etdiyini və ötən il Xarici İşlər Nazirliyinin himayəsi ilə keçirildiyini xatırladan nazir tədbirə 165 ölkədən 5 mindən çox insanın qatıldığını bildirdi.

 

M.Çavuşoğlu, Türkiyənin ətrafında çoxsaylı böhran, qarşıdurma və dondurulmuş münaqişənin olduğunu söyləyərək dedi: “Türkiyə Suriyadakı vəziyyətə, o cümlədən qonşularında baş verən böhran və münaqişələrin həllinə töhfə vermək üçün əlindən gələni edir”.

 

 

 

Nazir türk iqtisadiyyatının inkişaf etdiyini, ötən il bu rəqəmin 7,4 faiz təşkil etdiyini qeyd etdi. O, bu rəqəmlə Türkiyənin Avropada ən sürət templə böyüyən iqtisadiyyata malik ölkə olduğunu da dedi. Türkiyənin doğru yolda irəlilədiyini ifadə edən M.Çavuşoğlu, ölkəsinin uğurunun, təkcə mikro-iqtisadiyyatla məhdudlaşmadığını diqqətə çatdırdı. Türkiyədə çox sayda xəstəxana inşa edildiyinə diqqəti çəkən xarici işlər naziri yaxın zamanda Antalyada da şəhər xəstəxanasının inşasına başlayacaqlarını bildirdi.

 

 

Antalya Milan və Praqadan daha çox turist qəbul edir

 

Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir. Şəhərin kəşf olunmasının maraqlı tarixçəsi var. Rəvayətə görə, kral II Attalos əsgərlərinə əmr edib ki, ona yer üzünün cənnətini tapsınlar. Uzun axtarışlardan sonra indiki Antalya ərazisini bəyənən əsgərlər krala xəbər verirlər ki, cənnəti tapmışıq. Kralın əmri ilə şəhərdə liman qurulur, Attalosun şərəfinə "Ataleia" adlandırılır. Antalyanın adı qədim ərəb mənbələrində "Antaliye", türk mənbələrində isə "Adalya" olaraq keçir. Şəhər XX əsrdən başlayaraq "Antalya" kimi tanınır. Antalya Kəmər, Bələk, Alaniya və Side kimi turizm bölgələri ilə məşhurdur. Burada ən bahalı beşulduz hotellər yerləşir.

 

Antalyanın nəhəng turizm şəhəri olduğunu təkcə bir faktla görmək olar - burada 385 beşulduzlu hotel var. Hələ ötən əsrin səksəninci illərində bu kurort şəhərinə 2 milyondan çox turist gəlirmiş. Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.

 

Turizm sektorunun inkişafı, aparılan islahatlar nəticəsində bu rəqəm on-on iki milyona çatdırılıb. Bu, şəhər əhalisinin sayından 6 dəfə çoxdur. Turistlərin məhz Antalyanı seçməsinin başqa səbəbi də var: şəhər ilin 300 günü günəşli olur. Bölgənin hotellərində turistlər üçün olan yataq sayı bütün İspaniyada turistlər üçün nəzərdə tutulan çarpayı sayından çoxdur. Başqa bir fakt: 2500 hoteli olan Antalya il ərzində dünyanın məşhur şəhərlərindən, məsələn, Milandan, Praqadan daha çox turist qəbul edir.

 

* * *

 

 

 

Dünyanın bu cür böyük tədbirlərində ilkin razılaşmalar, reklam və təbliğat böyük rol oynayır. Bunu keçirilən görüşlərdə təkcə Türkiyənin sağlamlıq turizmi mütəxəssisləri yox, dünyanın ən böyük ölkələrindən gələn turizm üzrə peşəkarlar da etiraf edirdilər. Və onu da deyirdilər ki, Azərbaycanla bu sahədə yaxından əlaqə qurmaqda maraqlıdırlar. Təkcə sağlamlıq, idman və alternativ turizm sahəsində yox, qarşılıqlı fayda verən bütün sahələrdə münasibətlərin daha sıx olmasından iştirakçı olan bütün ölkələr, o cümlədən Azərbaycan faydalana bilər. Ölkəmizin artıq ənənəvi olaraq keçirilən “Hestourex” sərgisindən faydalanması arzusu və əminliyi ilə... 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>