Sizin link burada

Şəffaf seçki və ədalətli qələbə

Seçki hüququ müasir demokratik cəmiyyətin formalaşmasına təkan verən vacib dəyərlərdən biridir. Onun vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Belə ki, bu halda bütöv cəmiyyətin mənafeyi ön plana keçir, xalqın bilavasitə dövlət hakimiyyətinə təsir etmək imkanı yaranır. Hər bir dövlətdə cəmiyyətin siyasi həyatında iştirak etməsi vətəndaşların ali hüquqlarından biridir. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də qeyd olunmuşdur ki, xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalı, bu iradə öz ifadəsini vaxtaşırı keçirilən və saxtalaşdırılmayan seçkilərdə tapmalıdır.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Əsas Qanunumuzda müstəqil Azərbaycanın dövlət hakimiyyətinin yeganə mənbəyi xalq hesab olunur. Dövlətimizin hüquqi sütunu hesab olunan Konstitusiyasının 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ nəzərdə tutulmuşdur. İnkişaf etmiş ölkələrin insan hüquqları sahəsində ən mütərəqqi nailiyyətlərini özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyasının 2-ci maddəsində müəyyən olunmuşdur ki, Azərbaycan xalqı öz suveren hüququnu ümumi, bərabər və  birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Həmçinin Konstitusiyada (maddə 54) Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin, dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ təsbit edilir. 

 

Bu gün Azərbaycan Respublikasında Azərbaycan vətəndaşlarının iradəsini dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilində ifadə etməyə imkan verən, demokratik seçkilər keçirilməsinə əsas yaradan seçki qanunvericiliyi mövcuddur. Vətəndaşların seçmək hüququ yetkinlik yaşına çatması ilə 18 yaş tamamında həyata keçirilməyə başlayır. Vətəndaşlar tam həcmdə hüquq və vəzifələrə malik olduqdan sonra hüquqlarını sərbəst həyata keçirirlər.

 

Qeyd edək ki, ölkəmizin 26 illik müstəqillik tarixinə baxmayaraq seçki təcrübəsi qədimdir. Unutmaq olmaz ki, Azərbaycan Şərqdə ilk parlamentli respublika, eyni zamanda mürəkkəb tarixi-siyasi şəraitdə qadınlara seçki hüququ verən ilk respublikadır (1918). Müasir Azərbaycan Respublikası məhz bu varisliyin üzərində dayanmaqla şəffaf, azad, demokratik seçkilərin keçirilməsinə zəmin yaradır.  2018-ci il 11 aprel tarixində baş tutan seçkilər də bir daha bunu sübut etdi. Seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerini möhkəmləndirən əsas amillərdən biridir. Prezident seçkilərinin tam ədalətli və şəffaf şəkildə keçirilməsi üçün istər yerli, istərsə də xarici müşahidəçilərə maksimum əlverişli şərait yaradıldı. Seçkilərlə əlaqədar xarici ölkələrdə 41 seçki məntəqəsi yaradıldı ki,  ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız seçki hüququndan yararlansın.  Xarici müşahidəçilər seçkilərin Avropa standartlarına uyğun təşkili üçün mühüm işlərin görüldüyünü xüsusi vurğuladılar. Məntəqələrdəki veb-kameralar vasitəsilə səsvermə prosesini canlı izləmək mümkün idi. Bu, Azərbaycanın seçki təcrübəsinin daha da təkmilləşdiyini göstərirdi. Seçici fəallığı isə yüksək səviyyədə müşahidə olundu. Ümumilikdə seçkilər dövrü və səsvermə günü  hər hansı qanun pozuntusu qeydə alınmadı. Seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr tərəfindən sosial şəbəkələrdə yayılan həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatların əsassızlığı isbat olunaraq, tezliklə ifşa olundu.

 

Müdrik Azərbaycan xalqı doğru seçim edərək ölkəni daha da böyük uğurlara aparacaq şəxsi -  İlham Əliyevi növbəti 7 il üçün də Prezident görmək istədiyini nümayiş etdirdi.  Seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən Prezident İlham Əliyev bu qələbənin əsasında xalq-iqtidar birliyinin dayandığını vurğuladı. Prezident İlham Əliyevin Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları onun xalq tərəfindən dəstəklənməsinə, xalq etimadını qazanmasına səbəb olmuşdur. Bu qələbə, eyni zamanda, bütün Azərbaycan xalqının qələbəsidir.  İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. 

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

 

 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>