Sizin link burada

Rusiya onlara niyə etiraz etmir?

 

 

Sözsüz ki, torpaqlarımızı hələ də işğalda saxlayan bir ölkə olaraq Ermənistanda baş verənlər həm Azərbaycan dövləti, həm də hər bir Azərbaycan vətəndaşı üçün çox maraqlı olmalıdır. Lakin bəzən bu maraqları təmin etmək əvəzinə xəyallar aləminə qapanırıq. Yəni Ermənistanda baş verənlərə açıq gözlə baxmaqdansa, arzu qanadlarında uçuruq və Ermənistanın, bəzi politoloqların təbirincə desək, bir dövlət kimi yox olmaq ərəfəsini yaşadığını söyləyirik.

 

Ermənistan bir dövlət kimi var və dünyanın ən qanlı imperiyalarından birinin vassalı olaraq Azərbaycan üçün təhdid aləti kimi istifadə olunmaqdadır. Bu imperiya çöksə belə, bizim arzularımızdan asılı olmayaraq, Ermənistan dağılmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Ermənistan Qərb üçün Rusiyasız daha maraqlı ölkə olacaq.

 

Bu gün Qərbi Ermənistanda qane etməyən məqamlar var: Rusiyanın təsir dairəsində olması, Rusiyapərəst hakim elita və bu siyasi elitanın insan haqları və demokratiya kimi bəşəri dəyərləri arxa plana keçirməsi...

 

Amma bütün bunlara baxmayaraq, Qərb körpüləri yandırmır.

 

İlk baxışda Ermənistan hakimiyyəti Qərb və Rusiya arasında öz maraqları çərçivəsində manevr edir. Amma bu, məsələnin görünən tərəfidir. Məsələnin görünməyən tərəfi isə odur ki, Sarkisyan iqtidarı Qərblə Rusiyanın icazə verdiyi qədər yaxınlıq edə və isti münasibətlər qura bilir.

 

Bu yerdə belə bir məntiqi sual ortaya çıxır: Rusiya Sarkisyan hakimiyyətinin Qərblə daha isti münasibətlər qurmasında niyə maraqlıdır?
 

Bu ki, paradoksdur...

 

Bəllidir ki, Ermənistan hazırda öz müasir tarixinin mühüm bir mərhələsini adlamaqdadır. İşğalçı ölkə prezident idarəçiliyindən parlament idarəçiliyinə keçir. Sözsüz ki, Qərbdə bu dəyişiklik alqışlanır. Serj Sarkisyan səlahiyyəti itmiş prezident kreslosunu başqa bir Sarkisyana verdi. Armen Sarkisyana. Bu yerdə qeyd edim ki, Armen Sarkisyan Serj Sarkisyana, daha doğrusu, Rusiyaya bağlı bir fiqurdur. Qərbmeyilli imici olsa da Armen Sarkisyanın Rusiyada biznes şəbəkəsi mövcuddur və bu biznesin arxasında kirli pullar dayanır. Beləliklə, baş verən dəyişikliklərdə Rusiyanın əli danılmazdır.

 

Bu gün Ermənistanda Rusiyanın ən ciddi siyasi müttəfiqi, təbii ki, Serj Sarkisyandır və indi onun baş nazir kreslosuna oturdulması üçün hazırlıqlar gedir. Doğrudur, Sarkisyan prezident seçkilərindən əvvəl bu iddiada olduğunu söyləmirdi. Amma proseslərin gedişi bunun reallaşacağından xəbər verir.

 

Qayıdaq əsas sualımıza: Sarkisyan rejiminin Qərblə müəyyən əlaqələr qurmasında Rusiya niyə maraqlıdır?

 

Kremldə yaxşı anlayırlar ki, Ermənistandakı proseslərə və Ermənistanın ayaqda qalmasına Qərbdəki diaspora ciddi dəstək verir. Rəsmi İrəvanın bu dəstəkdən imtinası mümkün deyil. Lakin bu dəstəyi verən diasporanın da mövcud olduğu ölkələrdə səmərəli iş aparması üçün həmən dövlətlərin maraqlarının gözlənilməsi əsas şərtlərdəndir. Kremldə bunu yaxşı anlayırlar. Buna görə də ötən il Ermənistanın Brüssellə tərəfdaşlıq haqqında saziş imzalaması baş tutdu. Sarkisyanın Qərblə hesablaşdığı fonunun yaradılması İrəvanda bu gün gedən prosesləri sığortalamaq üçün idi. Görünən budur ki, Qərb Serj Sarkisyanın baş nazir kimi hakimiyyəti yenidən əldə saxlamasına təpki göstərməyəcək. Bu isə əslində Rusiyanın maraqlarının təmin olunması deməkdir. 11 erməninin qətli üzərində hakimiyyəti zəbt edən Serj Sarkisyan bundan sonra da Ermənistanın sükanı arxasında olacaq.

 

Deməli, Azərbaycan bundan sonra da Dağlıq Qarabağ danışıqlarını Serj Sarkisyanla aparacaq.

 

 

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>