Sizin link burada

Nüşabə Ələsgərli 12 kilo arıqladı: “Xəstəlik məni bu hala saldı” - FOTOLAR

 

 

Əməkdar artist Nüşabə Ələsgərli Lent.az-a müsahibə verib. 

 

- Yaradıcılığınızda nə yeniliklər var?

 - Düz 8 yeni mahnı almışam. Bəstəkar Fərid Kərimli, Ruslan Səfəroğlu və Aysel Nəcəfzadədən bir mahnı götürmüşəm, amma hələ onları oxumamışam. İşlərim çox olduğuna görə bu mahnıları yazdırmağa zamanım olmayıb. Tədbirlərlə bağlı bölgələrdə konsertlərdə olmuşam. Universitetdə də pedaqoji fəaliyyətim var. Bütün bunları eyni anda reallaşdırmaq çətindir. Yorğun oluram.

 

- Nədənsə indiki dövrdəki mahnıların gündəmdə olması, sevilməsi 1-2 aylıqdır...

- Bunun səbəbini texnologiyanın inkişafında görürəm. İndi informasiyalar o qədər çoxdur ki, insanın şüuru çox şeyi qəbul edə bilmir. Bir mahnını çox dinləyəndə insan yenisini axtarır. Amma köhnə mahnıların yerini heç nə vermir. Elə bil, onlar daha keyfiyyətli idi. Keçmiş mahnıları yeni aranjimanda təqdim edəndə, yenə də qəşəng səslənir. Bax bunun da cavabını tapa bilmirəm.

 

- Müğənnilərimizin bir çoxu meyxana janrında olan mahnılara üstünlük verir. Bəlkə mahnıların 1-2 ay sevilməsinin səbəbi budur?

- Bu gün gündəmdə 1 aylıq mahnılardır. Amma keçmiş mahnılarımız indi də sevilir. Məsələn, müğənni Aysel Əlizadə “Yandırdın qəlbimi aman” adlı köhnə mahnını yeni aranjimanda ifa edib, çox gözəl də alınıb. İllər öncə Faiq Ağayev də “Sən güləndə” adlı mahnını özünəməxsus şəkildə oxumuşdu. Mahnı da sevildi. Çünki keyfiyyətli mahnılar idi. Amma indi yazılan mahnıların əksəriyyəti kommersiya xarakterlidir. Tez sevilir, tez də unudulur.

 

- Bu işdə bəstəkar, müğənni yoxsa dinləyici günahkardı?

-  Bu üç amili də bir-birindən ayırmaq olmaz. Çünki müğənninin özü də tamaşaçıdı, dinləyicidi. Yəni hamısını bir-birini tamamlayır. Hamı tələbata işləyir. Amma tələbə işləyən hər bir müğənni sənət üçün də 1-2 mahnı yazdırmalıdır.

 

- Elə müğənnilərimiz də var ki, onlar kütlənin zövqünü nəzərə almırlar.

 

- Bu, çox yaxşı bir amildir. Kütlənin zövqünü nəzərə almırsa, sənət üçün işləyirsə, mən o adama patriot deyirəm.

 

- Nüşabə Ələsgərli uzun bir sənət yolu keçib. Geriyə baxanda nələrə görə peşman olursunuz?

 

- Çox şeyə peşman oluram. Çox mahnılar var. İllər ərzində bir çox bəstəkarların mahnılarına müraciət etmişəm. Amma daima qaçaqaçda olduğuma görə gözəl mahnılarımı keyfiyyətsiz yazdırmışam, həmin mahnıları isə sandığa atmışam. Məsələn, bu gün mənim 10 mahnım tamaşaçının yadındadırsa, əslində, mən 100 mahnı yazdırmışam. Özü də bir-birindən gözəl. O mahnılardan birini də bu yaxınlarda əməkdar artist Lalə Məmmədova oxudu. Mahnı “Bir sevgi” adlanır. Əlbəttə, oxumadan öncə mənə zəng etdi. İllər öncə oxuduğum “Azərbaycan” mahnısını indi bütün müğənnilər Nurlan Növrəsli, Elton Hüseynəliyev, Aygün Kazımova, İlqar Muradov oxuyub.

 

- Mahnını oxumadan öncə sizdən icazə almışdılar?

 

- “Azərbaycan” mahnısı bir az mübahisəli mahnıdır. Çünki bəstəkar Aygün Səmədzadə ilə aramız soyuq idi, bu gün də danışmırıq, küsülüyük. O məndən icazəsiz mahnını həmin müğənnilərə vermişdi. Amma imkanım olmadı ki, həmin mahnını yetərincə oxuyum.  “Azərbaycan” mahnısıdır, onu hər yerdə oxuyacaqdım. Həmin bəstəni başqalarına verəndən sonra mən də o mahnını daha oxumadım.

 

- Daha sonra Aygün Səmədzadə ilə danışığınız olmadı?

- Yox, heç ona xəbər göndərmədim. Çünki mən çörək kəsdiyim insanlarla heç zaman sərhədi keçmirəm. Biz onunla tələb yoldaşı olmuşuq, yaxşı münasibətimiz olub. Yəni bir mahnıya görə aramızın dəyməsini istəmədim.

 

- Bəs küsülü olmağınızın səbəbi nədir?

 

- Səbəb odur ki, mən Moskvada toyda idim, həmin gün də onun Heydər Əliyev Sarayında solo konserti idi. Həmin konsertə gəlib çata bilmədim, o da məndən incidi.

 

- Sənətdən savayı, şəxsi həyatınızda peşmanlıqlarınız olubmu?

 

- Şəxsi həyatla sənəti eyni anda saxlamaq elə də asanlıqla əldə olunmur. Elə olmalıdır ki, nə şiş yansın, nə kabab. Bizim dövrdə lap çətin idi. Çünki bu sahədə çalışan insanlarla evlilik birmənalı qarşılanmırdı. Yəni müğənni ilə evlənmirdilər. Amma evlənənlər də olurdu, onlar da istisna idi. İkisini bir arada saxlamaq çətin idi, mən çalışmışam ki, bunların ikisi də eyni anda olsun. Səhvlərimiz də olub. Həyatdı da...

 

- Yəni peşmanlığınız çox olmayıb?

 

- Yox, mən riski sevən insanam. Etdiyim hərəkətə görə də peşman olmamışam. Yəni reallığı qəbul edən insanam.

 

- 2-ci dəfə ailə qurmağınız nədənsə birmənalı qarşılanmadı. Nədir bunun səbəbi?

 

- Bəlkə də məni çox istədiklərinə görə həyat yoldaşıma qısqanırlar. Yəni məni sevən tamaşaçım məni bölüşmək istəmir.

 

- Ümumiyyətlə, sevginin yaşı varmı? Sevgi sərhəd tanıyırmı?

 

- Mənə elə gəlir ki, sevgi sərhəd tanıyır. Sevgililər arasında çox böyük yaş fərqi fəlakətlərə gətirib çıxarır. Çünki yaş, dünyagörüşü öz sözünü deyir. Yəni 5, maksimum 10 yaş fərq ola bilər. Qadın kişidən böyük olsa, lap yaxşı olar. Məsələn, mən həyat yoldaşımdan 7 yaş böyüyəm. Mən 1967, yoldaşım isə 1974-cü ildəndi.

 

- Bu yaş fərqi ilə ailə quranda düşünmədiniz ki, müzakirə olunacaqsınız?

 

- Bunu sənət aləmində çox adam bildi. Amma 12 il bunu mətbuatdan gizli saxladım. İndi-indi bilirlər ki, mən evliyəm. Tənqidləri nəzərə aldığıma görə bunu mətbuata açıqlamırdım.

 

- Heç bir zaman həyat yoldaşınızın şəklini sosial şəbəkə paylaşmırdınız, son dövrlər paylaşdınız və tənqidlər ondan sonra başladı...

 

- Onu da paylaşmayacaqdım, sadəcə, ürək bulandıran milçəklər var, onlara görə paylaşdım. İndi necə edək ki, milçək, ağcaqanad olmasın? Onların da bu cəmiyyətdə bir rolu var. Əslində, mən gərək neqativ şərh yazanlara fikir verməyəm.  Sonra düşündüm ki, camaat mənim həyat yoldaşımla paylaşdığım şəklə belə narazıdırsa, paylaşacam. Niyə paylaşmayım ki? Oğurluq etmişəm?

 

 

- Nə vaxtsa sənətdən getmək barəsində düşünmüsünüz?

 

- Bəli, çoxdan. Ana və bacım dünyasını dəyişəndən sonra dedim ki, daha mahnı oxumayım, sənətlə vidalaşım. Ölənə qədər əlimdə mikrofon olmalıdır? Amma dost-tanışlar mənim bu qərarıma qarşı çıxdılar. Həm də məni depressiyadan çıxartmaq üçün sənətimə qaytardılar. Sevdiyim sənətdir, xalqın içində oluram, başım qarışır. Məni görüb şəkil çəkdirmək üçün  yaxınlaşan insanların gözündəki sevinci hiss edirəm. Bunları görəndən sonra niyə sənətdən gedim?

 

- Ümumiyyətlə, müğənni hansı yaşa qədər sənətdə olmalıdır?

 

- Bu, insanın özündən asılıdır. İnsan var, ölənə qədər formadadır. Ölən günə qədər sənətdə olur. Amma onun əksini yaşayanlar da var. Məsələn, adamlar var ki, formadadılar, amma sənətdən iyrənib uzaqlaşıblar. İnsan var, ürəyi cavandı, özü yaşlanıb, amma sənəti hələ də sevir.

 

- Plastik əməliyyat edən məşhurlar siyahısında sizin adınızı da hallandırırlar...

 

- Mən əməliyyat etdirməyimi heç kəsdən gizli saxlamamışam. Gözümün üstündə və altında əməliyyat etdirmişəm. Bir də qolumdan piy çıxarıblar. Bundan başqa əməliyyatım olmayıb.

 

- Yenidən əməliyyat etdirmək fikriniz varmı?

 

- İndi də əməliyyat etdirmək istəyirəm. Amma qorxuram. Ümumiyyətlə, mən gözümün üstündə və altında əməliyyat etdirəndə də narkoz almamışam. Çünki narkozdan qorxuram. Gözümün yuxarısı yenidən ətlənib, oranı yenidən əməliyyat etdirəcəyəm.

 

 

- Bu günə qədər baxıcı qəbulunda olmusunuz?

 

- Nə bilim, olub. Göz dəymələrinə inanıram.

 

- Elə məşhurlarımız var, öncəgörücü yanına gediblər, lakin efirdə bunu etiraf etməkdən imtina edirlər.

 

- Bilirsiz niyə? Çünki cəmiyyətimiz buna yaxşı baxmır. Amma atalardan belə bir məsəl var ki, fala inanma, faldan da qalma. Mən də deyim, falçı yanında olmamışam. Yox, niyə? Gənc yaşlarında hamı gedir. Falçının dediklərindən həyatımda doğru çıxan hadisələr oldu.

 

- Falçının sözləri düz çıxandan sonra fala inamınız artdı?

 

- İnam artmaq deməzdim. Fala inanma, faldan da qalma. Mən Allaha inanıram, ona şərik gətirmirəm. Hər şeydən yuxarıda Allah durur, ruzini də, hər şeyi də verən odur.

 

- Xeyli çəki vermisiniz. Xüsusi pəhriz saxlamısınız?

 

- 86 kilo idim, indi 74 kilo olmuşam. Xüsusi pəhrizlə arıqlamamışam. Məni xəstəlik arıqlatdı. Xəstələnmişdim, boğulurdum, yemək yeyə bilmirdim. Əsəb sistemimlə bağlı xəstəlik idi. İndi-indi yemək yeyirəm. Amma xəstəliyim tam keçməyib, müalicə olunuram. Mən emosional, çılğınam. Bu da mənə təsir edir. Zatən elə olmasaydım, bu xəstəlik də məni tapmazdı.

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>