Sizin link burada

Şəkildə avtomobil qəzası

 

1984-cı ilin mart günlərinin  birində  Aydın Məmmədov, Vaqif Bayatlı Odər, Kamil Vəli Nərimanoğlu və Kamal Abdulla “Ulduz” jurnalı redaksiyasının  qarşısında sıra ilə dayanmışdılar (O vaxt “Ulduz” jurnalı Yazıçılar Birliyinin sol tərəfində idi, indi orda restoran var). Kamal Abdulladan  başqa heç kəs düz dayanmamışdı. Məsələn, Aydın Məmmədov ayaqlarının birini  boş saxlayaraq  yana əyilmişdi. Əynindəki plaş onu sol tərəfə çəkirdi, boynundakı şərf sağ tərəfə çox sürüşüb. Saçları dağınıqdır. Elə bil, haradansa gəlmişdilər, yorulmuşdular.

 

Bu, o zaman idi ki,  ildə iki-üç dəfə kənddən Bakıya gəlirdim,  qapıçı da  məni Yazıçılar Birliyinə buraxmırdı, gərək hansı jurnala  və kimin yanına getdiyini deyəsən. Mən də heç kimi tanımadığımdan bir dəfə uzun müddət   şəkil çəkdirirmiş kimi  dayanmış bu xoşbəxt insanlara  tamaşa eləyəsi oldum. O da  yadımdadır ki, qapıçı bütün “qaydaları” pozaraq çölə çıxıb dedi, hara boylanırsan,   keç yolun o üzündə dayan və mən də yolun o üzünə keçib yenə bu xoşbəxt insaları seyr etməyə  başladım.

 

Sonralar həmin adamların duruşunu   şəkil kimi xatırladım, ya da onlar həmin anda, bəlkə şəkil çəkdirirlərmiş, sonralar o şəkli mən qəzet və jurnal səhifələrində gördüm deyəsən.

Hər halda o şəkil çəkdiriləsi an idi, elə yaddaşımda da  şəkil kimi   qaldı.

Aydın Məmmədovun  boynundakı şərfin  sağ tərəfə çox sürüşməsi  heç yadımdan çıxmır.

 

Bu, o vaxtlar idi ki, Azərbaycan nəsrinin bəxtsiz  və bənzərsiz övladı Şahmar var idi, Kukla teatrının   yanından  keçəndə səsi indi də qulağıma gəlir, onun ən yaxın dostu və ədəbiyyatın ərköyün balası  Vidadi   Məmmədov var idi. Yazıçı Azər Abdulla yazır ki, yaxın dostum  Şahmar qəflətən  öləndə  onun həyətində toplaşdığımız zaman  və tabutunu Gəncəyə yola salandan sonra da mən ikimizin  ən yaxın dostu Vidadini elə həsrətlə gözləyirdim ki, elə bil Vidadi gəlib hər şeyi mənə izah edəcəkdi, amma Vidadi də gəlib çıxmadı.

 

Mənə elə gəlir ki, həmişə hər zaman kiminsə  dəfninə ən yaxın  dostu   gəlib vaxtında çıxmır.  Vidadinin də ölümünə kimsə vaxtında gəlib çıxmadı. Əli Kərimin də,  Aydının da…

 

“Ulduz” jurnalının  qarşısında  o xoşbəxt insanların şəklini sonralar mən hər yerdə gördüm.  Kitabda,  qəzetdə, televiziya ekranların da.  Heç kim  görməsə və bilməsə də o şəkildən bir az kənarda mən  var idim.  Mənə elə gəlirdi ki, Aydın Məmmədovun gələcək həyatı -  deputatlıq, “Sovetskaya türkologiya “ jurnalı, tərcümə mərkəzi, vertolyot və maşın qəzası  həmin şəkildəki duruşdan  başlayırdı və o duruş dayanmaq deyildi, yeni uçuşa hazırlıq mərhələsi idi.

Bu yazını yazdığım anda Aydın Məmmədovun adını  qeyri-ixtiyarı  ucadan

 tələffüz  eləyəndə,  səsim deyəsən bərk çıxdı və həmişəkindən fərqli bir nida  ilə otağa yayılanda   hamının çoxdan yatdığı  ve gecə  saat 4 radələrində  oğlumun səsi gəldi, ata Aydın Məmmədov haradan yadına düşdü? Bu səs oğlumu yuxudan oyandırdı. Əslində bu,  mən deyildim, Aydın Məmmədov idi, onsuz da  yata bilmədiyimdən həmişə  otaqda var-gəl edirəm və heç kim  mənə görə oyanmır. Aydın Məmmədovun adının səslənişi də insanları oyadır.

 

Aydın Məmmədov  o vaxt hakimiyyətin adamı deyildi, müxalifətçi də olmamışdı, sadəcə çəbhəçi idi. O, elmin xalqa bəxş etdiyi yeni bir insan idi, elmin həqiqətini  xalqa çatdırmışdı, elmlə xalqın özünə qayıtmışdı Aydın.

 

Aydın Məmmədovun səsində laylaya bənzər dərin lirizm, insanları sakitləşdirəcək və arxayınlaşdıracaq ağıl və ahıl bir hikmət var idi. Əgər o, əlini stola çırpsaydı və onun ardınca gələn səsin avazı   insanları inandıra bilərdi ki, bəzən əlini stola çırpmağın özü də gözəl görünür. Bundan sonra çox adam əlini stola çırpmaqla  işə başlayardı.

 

Aydın Məmmədov  haqqında çox həqiqətlər söyləyirlər. Deyirlər, çox içirmiş, həbs olunubmuş, elmlər namizədliyi əlindən alınıbmış. Deyirlər, sonralar  içmirmiş,  yenidən həyatın, elmin  “üzünə” qayıdıbmış…

 

Bütün bunları “Ulduz” jurnalı redaksiyasının  qarşısındakı çəkildən də oxumaq olurdu: Əyri duruş, boynundan sağ tərəfə sürüşmüş şərf, dağınıq saç, yorğunluq, güclə dayanmaq hissi. Əsasən adam belə bir vəziyyətdə vağzallarda, gecə yarsı harasa gedəndə ola bilir. Aydın Məmmədov əslində harasa  getmirdi, hardansa gəlirdi.

 

O vaxtlar Ulduz” jurnalında Aydın Məmmədovun  iki hissəli  böyük bir məqaləsi çap olundu:   “Zamanla səsləşən şeirlər sorağında”. Aləm qarşıdı.  Yazıçılar İttifaqı bir-birinə dəydi. O məqalə ədəbiyyatımızın vicdanı idi. Bu gün elə məqalə yazmağa  tənqiçilərimizin nə əxlaqı çatar, nə çəsarəti, nə də istedadı. Aydın Məmmədov həmin məqalədə  dövrün ədəbi hadisələrini  çox gözəl incələmişdi. Səsindəki avaz məqaləyə hopmuşdu. Elə bil Aydın Məmmədov elmi tənqidin  xanəndəsiydi, sadə, aydın  oxuyurdu, səsi ürəklərə yatırdı. Aydın Məmmədov  xalqla elm arasında böyük bir  körpü idi.

Həmin bu orjinal xarakter, məntiq, elmin xaqla dilbir olması onu  Azərbaycan Ali Sovetinin deputatlığına qədər gətirib çıxardı.

 

Deyirlər, Aydın Məmmədov parlement binasındakı kabinetindən Şəhidlər Xiyabanına  baxıb deyirmiş ki, əgər mən 20 yanvarda ölsəydim,  indi Şəhidlər Xiyabanında rahat uyuyurdım.  Sonra  dediyinin əksinə bir fikir gəlir dilinə, yox-deyir - atam  razı olmazdı Bakıda  dəfn olunmağıma, öz doğma kəndimizə, Şəkiyə- Kiş kəndinə aparardı məni.

 

O vaxtlar mən kənddən Bakıya hər dəfə gələndə  neçə dostun, tanıdığım insanların həyatdan köçdüyünü eşidirdim. Radio-televiziya insanların nekroloqunu verirdi, bu heç, amma mən gəlib onların yoxluğunu  gözlərimlə görəndə   hadisənin  ağırlığı daha dəqiq olurdu.

 

Bir dəfə gəldim Şahmar yox,

Bir dəfə gəldim Vidadi yox,

Bir dəfə gəldim Aydın yox,

Bir dəfə  gəldim İsa yox..

 

Bir sözlə, mənim  Bakıya  gəlib- getməyim Rəsul Rza demişkən, gözümü yumub açmağım idi.

Ən böyük adamlar ən xırda təsadüflərdən  ölür-belə deyirlər. Amma  Aydın Məmmədovun avtomobil qəzasında  ölümü təsadüf ola bilməzdi.

 

Hadisə günün səhəri Aydın Məmmədovun nəşi Bakıdan  Şəkiyə-  Kiş kəndinə apalılır. Bakıdan nümayəndə heyəti gedir  Şəkiyə. Bu tərkibdə alimlər də vardı, parlament rəhbəri də. Onlar  Aydını Bakıda dəfn etmək istəyirdilər. Amma atası Mirsadıq kişi razı olmadı. Mirsadıq kişinin dediyi bir cümlə  hələ də çoxlarının yadındadır:

 

- Mən bir də Bakıya oğul vermərəm!

 

Halbuki onun bircə oğlu vardı, o da Aydın Məmmədov idi, Aydın da həyatda yox.

Kamil Vəli Nərimanoğlu dediyi kimi, Aydın Məmmədov  elmin meyxana-dərviş yolunu  seçdi, onu da zəmanənin boşluğu əjdaha kimi uddu.

Televiziya ekranından seyr etdiyim bir kadr heç vaxt yadımdan çıxmır. Aydının nəşini qəbirstanlığa apararkən izdihamla   yanaşı addımlayan bir qadının səsi hələ də  qulaqlarımdan ürəyimi çəkib çıxarır.

-Aydın, oyy, Aydın, oyyy...

 

Aydın Məmmədov bütün dünya türklərinin bir-birini yaxından tanıması yolunda əvəzsiz işlər görmüşdür. Onun gücü türk dilinin daxili enerjisində və bu dillə xalqın qəlbinə yolla tapmasında və xalqın min illik ruhunu bu dilin xos avazı ilə dindirməsində idi.

 

“Ulduz” jurnalı redaksiyasının qarşısındakı şəkli sonralar hər yerdə gördüm. Şəkildə Aydın Məmmədov yana əyilmişdi, saçları dağınıq idi, şərf boynundan sürüşüb, az qala bir ucu ayağına çatırdı -  sanki avtomobil qəzası idi bu.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>