Sizin link burada

Qalstukun hikməti

 

Ən qəribə  işlər mənim başıma gəlir. Bilmirəm, günah özümdədir, ya işlərimdə. Kim üstümə gəlirsə, hirsnən gəlir. Mən də sadə adam. Əsəbiləşirəm,  qan təzyiqim qalxır, əsəbiləşmirəm, işim getmir. Artıq 60 yaşıma az qalıb. Bu 55 illik həyatımda  işim-gücüm o olub ki, özümə güclə bir ev qaraltmışam.  O da tək daş. Kürsüsü yox, sənədi yox, divarı da əyri. Yaşadığım  ərazidə ev tikməyə  qoymurlar, zülm və zillətlə tikmişəm bu evi,  3-4 dəfə gəlib uçurdublar. Elə o vaxtlar başıma qəribə hadisələr gəlib. Onlardan biri də qırmızı qalstukla bağlıdır.

 

Evdə qalstuklarım çoxdu. Müəllim olduğum üçün dostlarım, tələbələrim bayramlarda, ad günlərimdə hədiyyə ediblər. Yoldaşım onlara “çörək ağacımız” deyir. Deməli, çörək ağacımızın belə qıp-qırmızı göyərməyinə səbəb evimizin tikilməsindəki çətinliklər oldu.

 

2000-ci illərin əvəlləridi. Ev tikilir. Mən də ustalarla işləyirəm, daş daşıyıram, pulum az çıxsın deyə, fəhləliyi özüm eləyirəm.  Bu zaman polis, icra hakimiyyəti, bələdiyyə  işçiləri gəldi, bərkiməmiş evimin divarlarını təpiklə  vurub uçurtdular, məni də  ustalara qatıb mindirdilər polis maşınına. Dedilər, “xozeyn” gəlsin, sonra buraxarıq. And-aman elədim ki, evin yiyəsi mənəm. Nə qədər elədim, inanmadılar. Dedilər, ev yiyəsi fəhləlik eləməz, sən fəhləsən. Dedim yox, yazıçıyam, müəlliməm, üstəlik, hələ jurnalistəm.  Dedilər, müəllimin, yazıçının, jurnalistin  qalstuku olar. Sən heç qalstuk taxana oxşamırsan..

 

Nəsə...  Bir gün bizi saxladıqdan sonra buraxdılar. Ondan sonra evə gələn kimi  bir ağ köynək aldım, qırmızı qalstuklardan ən enlisini  taxdım boğazıma. Özüm də durdum mərkəzi yolun ağzında. Ustalara dedim, işləyin, heç nədən qorxmayın, bu dəfə möhkəm dayanmışam.

 

Elə bu zaman yenə hay-küy qopdu, polislər  gəldi, düz üç maşın adam. Qonşular da yığışdı tamaşaya. Guya biz teatr-zad veririk. Heç nədən qorxub eləmədən, özümü verdim qabağa, qalstukumun ucu düz toxundu polisin qarnına, mən getdikcə o, geri çəkildi. İrəli getdikcə bu sözləri deyirəm; müəllim, yazıçı, jurnalist...

 

Qalustuqdan qorxub bir az yumşaq danışdılar və çıxıb getdilər. Fəhlə olmadığına görə sabahı özüm  yenə fəhləliyə başladım. Yenə hay-küy, polis, bələdiyyə-zad. Tez evə qaçdım, uca səslə bağırdım, tez olun, ağ köynəyimi, qırmızı qalustukumu gətirin. Geyinə-geyinə çıxdım gələnlərin qənşərinə. Hələ qalstuk əlimdəydi deyə  tam irəli gedə bilmirdim, ev tərəfdən arvad-uşaq kürəyimdən nə təhər itələdisə, düşdüm polislərdən bir az da o tərəfə. Artıq  qalstuk sinəmdə dalğalanırdı. Polislərin  ən irisi  şəhadət barmağımı sinəmə vura-vura dedi: müəllim, yazıçı, jurnalist...?

 

Dedim, hə. Sonra gedib maşında oturan başqa bir polislə nəsə danışıb, gəlib yenə qalstukuma  şəhadət barmağını vura-vura dedi. Müəllim, sizə hörmətimiz var, amma iki gün fasilə verin. Elə bu zamam qalstuk sinəmdə nə təhər dalğalandısa, polislər geri çəkildi və  hamısı maşına minib tərpəndilər.  Beləliklə,  qalstukun sayəsində özümə bir koma qaralda bildim.

 

İndi aradan xeyli il keçib. Şəhərdə həyətim bir az böyükdür.  Bir gün  yoldaşım dedi, gəl həyətdə bir toyuq hini tikək, toyuq saxlayaq. Yumurtası yumurta, əti də ki,  ət. Nə işimiz var broylernən-zadnan. Beynimə batdı. Təməli bir az geniş götürdüm. Usta çağırdım, hesabladı ki, 230 daş bəs eylər. Nə isə.

Qadağalar qabaqkına baxanda daha da bərkiyib. Daşı daş  üstə qoymağa icazə vermirlər, o saat rayon icra hakimiyyəti, polis, bələdiyyə - hamısı tökülüb gəlir. Bunu düşünə-düşünə özümü verdim daş bazarına.  Qalstuk da  boynumda yox. Dedim, nə biləcəklər, mən iş gördürürəm. Qonşular da  rahat adamlardır. Hələ qohum da olmuşuq.  Özü də ev tikmirəm, hin tikirəm.

 

Gördüm,  zil maşınına söykənmiş, yorğun- arğın, saqqallı  arıq bir kişi var. Cındırından cin hürkür. Hiss olunur ki, pencək özünün  deyil. Ayaqqabısının  burnundan baş barmağı çıxıb. Burnundan tez-tez su axır,  əllərinin üstü ilə burnunu silir.

 

Soruşdum daş neçəyədir? Dedi, 35 qəpik. Sürücünün kasıblığına, pintiliyinə ürəyim yandı. Dedim,  35 qəpikdən əlavə  10 manat da  verəcəm.  Gedək. Çox sevindi.

 

Evim daş bazarına çox yaxındı.  Dedi,  müəllim  düş qabağıma, mən də dalınca gəlirəm. Maşınımı tərpətdim, güzgüdən baxdım ki, arxamca yavaş-yavaş  gəlir. Elə qapıya  yenicə çatmışdıq ki, bizimlə bərabər  bir maşın  icra hakimiyyətindən, bir maşın  polisdən, bir maşın da bələdiyədən adam  gəldi.  Daş tökülməmiş, adamlar töküldü bizim qapıya. Əlim üzümdə qaldı. Lap yanıb töküldüm.  Gələnlərdən yaxşı tanıdığımın birinin cibinə 20 manat basdım ki, sən canın,  bunu sizə kim dedi?

 

- Daş maşının sürücüsü - hamımıza zəng eləyib, o dedi.

 

Sürücünün  düz qabağında  dayandım.  Mırıq dişləri ilə üzümə baxıb qımışırdı  və  37-ci ilin simvolu kimi  üzümə baxa-baxa qolları ilə  heç nə olmamış  kimi burnunu silirdi.

 

Tərs kimi boynumda qalstukum da yox idi.

 

 

LENT

23 May 2018

Digər xəbərlər >>>