Sizin link burada

Atam, mən və oğlum

 

Son vaxtlar oğlum Kəramət Böyükçölün  qəzetlərə və internet saytlarına verdiyi müsahibələr, yazdığı statuslar   və  mənim haqqımda səsləndirdiyi fikirlər  cəmiyyətimizdə birmənalı qarşılanmadı. Məni qınayanlar oldu ki, guya oğlum sözümə baxmır, vaxtında yaxşı tərbiyə verə bilməmişəm. Nə isə... Bütün günahlar mənim üstünə yıxıldı və hətta Türkiyənin “Hüriyyət” qəzeti də bu barədə silisilə yazılar verdi.

 

Guya oğlum tərbiyəsizdir, “Müqəddəslər”i, “toxunulmazlıq” statusu almış adamları tənqid edir. Amma o, başıaşağı bir oğul olsaydı, hamıya “bəli” desəydi və mənim də imkanım olub, ona yaxşı bir iş düzəltsəydim, o da işlədiyi yerdə xımır-xımır dövlət mülkiyyətini mənimsəsəydi, görünür, onda çox “tərbiyəli” övlad olacaqdı. Necə ki, ataların belə oğulları cəmiyyətimizdə yüzlərlədir.

 

Kəramət vətənini, dövlətini  ürəkdən sevən və vətənə yaltaqlanıb, onun şah damarını  kəsənlərə qarşı  mübarizə aparan kövrək, həssas bir insandır.

Kəramət Böyükçöl heç bir ictimai-siyasi qurumun  üzvü deyil. O, çox istedadlı,  maraqlı bir yazıçıdır. Üç roman və xeyli sayda  hekayə və esselərin  müəllifidir. Bu əsərlər ədəbi ictimaiyyətin diqqətini çəlb etdi və “Çöl” romanı haqqında 19 məqalə yazıldı.

 

Kəramətlə mənim aramda ata-oğul münasibətləri tamamilə  normaldır.  Lakin onun  mənimlə  bəzi  mübahisələrini araşdıranda öz atamla mənim aramda olan münasibətlərə qayıtdım, bu məsələnin səbəbini orda axtarmağa başladım.

 

Atam çoban idi, balaca fermamız vardı. İtimiz, atımız, qoyun-quzular, çöl-çəmən, tülkü, canavar-hamısı mənim  ilk kitabım idi.

 

Atam gənclik illərində sağ əlinin üstünə “Allah Məhəmməd, ya Əli” kəlməsini döydürmüşdü.

Həmişə o yazını düşünürəm. Hərf tanımırdı atam. Qol çəkə bilmirdi,  eləcə şəhadət barmağını mürəkkəbə batırıb, basardı ağ kağızların üstünə. Sonra ona qol çəkməyi mən  öyrətdim.

 

Atam düz adamıydı. Mənə düzlük öyrətmişdi.

Sonralar mən hardasa bir pis adamla qarşılaşanda  atama hirslənirdim. İçimdə balaca bir intiqam vardı.

Ədəbiyyatdan haqsız olaraq mənə “3” yazan müəllimə ürəyimdə bir hirs, məni rüşvətlə işə götürən  direktora  bir qəzəb  yarandı o vaxt. İlk dəfə ürəyim intiqam hissi ilə  döyünməyə  başladı. 

Yumruqlarımda balaca  düyünlər əmələ gəldi. Atama hirslənirdim, məni bu dünyaya niyə tək buraxıb?

Xoş günlərimdə atam  üçün darıxırdım, pis günlərimdə hirslənirdim onun düz adam olmağına.

Dindar idi, dindarlığına hirslənirdim. Müqəddəs idi,  müqəddəs olmağına  hirslənirdim.

Çobanlığına, kimsəsizliyinə  hirslənirdim. Harda çətinliyim olurdu,  baiskar atamı görürdüm.

Böyüdükcə  atamdan bir az uzaqlaşdım, günahı  başqa adamlarda axtarmağa başladım, ən çox da sevdiyim adamlarda.

 

Məsələn, Bakıda  tikdiyim  kiçik bir komanı polislər uçuranda və balalarım qışın soyuğunda  çölə atılanda (Kəramət uşaq vaxtı bu stressi yaşadı) Bəxtiyar Vahabzadəyə hirsləndim, Zəlimxan Yaquba hirsləndim...  

 

Atamı vətənin bir parçası  bilirdim,  ona görə hirslənirdim. Ərk eləyirdim.

 

Bəxtiyar  Vahabzadəni, Zəlimxan Yaqubu vətən bilirdim, ona  görə həyəcanlanırdım.

 

1985-ci ilə  “Yazıçı” nəşriyatında  kitabımı tematik plandan çıxarmışdılar deyə, əlimə  iri bir  söyüd payası  götürüb, Ərik ağacını döyməyə başladım.

 

Ərik,  sən məni niyə duymursan?

Ərik, sən səsini niyə çıxartmırsan?

Ərik, o şeirləri sənin  kölgəndə yazmadımmı?

Ərik,  sən bu torpağın, bu göyün deyilsənmi?

 

Ərikdən sonra keçdim quşa, quşdan sonra iydəyə, bülbülə, poçtalyon Əvəzə, yola daş tökənə, arx çəkənə, qoyun otarana, yoldan keçənə - hamısına söydüm.

 

Bax onda Sabir Rüstəmxanlıdan da incidim, Sabir də  o kitabı plandan çıxarana kömək eləyirdi, Sabirə də Çingiz kömək eləyirdi, Çingizə də Nüsrət kömək eləyirdi.

 

İndi Kəramət  məndəki sadəlövhlüyə, müqəddəsliyə, etibarıma, etimadıma yanıb tökülür. O, görür ki,  mən  nəyin xəyalı ilə yaşayıram?! Eynən atam kimi.  Hələ də müqəddəs bildiyim   şeylərə, adamlara inanmağıma hirslənir oğlum.

 

Mənim saflığımdı, düzlüyümdü Kəraməti  düzdə qoyan. Mən elə bilirəm, öz gücümə deputat seçilə bilərəm, Kəramət buna dünəndən inanmır.

 

Mən elə bilirəm ki, xalq şairi olacam, Kərəmətsə  on yerə parçalanmış vətənin xalq şairinin oğlu olmaqdan utanır.

 

Mən elə bilirəm kinolar gerçəkdi, Kəramət kinoların yalan olduğunu bilir.

 

Mən  çox adamı tanımıram,  Kəramət hamını tanıyır.

Mən  layiq olmayanlara hörmət edirəm, Kəramət buna gülür.

 

Mən Sovet adamıyam, Kəramət belə adamı qəbul etmək istəmir.

 

Mən iş yerimi itirəcəyimdən ehtiyat edirəm, Kəramətin vecinə deyil.

 

Biz uşaq olanda – indi də elədir - qonşu uşaqlar bizi döyəndə anam çıxardı küçəyə. Bizi döyən uşaqların anası da çıxardı. Anam qonşu uşaqlarına heç nə deməzdi. Həmin uşaqların acığına  bizi o qədər  döyərdi ki, əlinin yeri kürəyimizdə qalardı. Əslində, bu hərəkət  qonşu  uşağını döyməkdən betər   idi, anamın bu hərəkəti  bizi döyən uşaqların anasına ağır zərbə olardı. İndi Kəramət də məni “döyür”. Çünki onu əzənləri mən həmişə müqəddəs bilmişəm, həmin adamlara etibarlı olmuşam, həmin adamları tərif eləmişəm.

 

Kəramət sıxan fikirlərin   yaranmasında mənim də əməyim olub, özü də çox olub. Bax, əsas məsələ budu.

 

LENT

23 May 2018

Digər xəbərlər >>>