Sizin link burada

"Azərbaycan iqtisadi sahədə böyük uğurlara imza atıb" - Dövlət başçısı

"Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Biz bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq".

 

Lent.az-ın Azərtaca istinadən məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Bakıda

Novruz şənliyində iştirak edərkən söyləyib.

 

 

Prezident İlham Əliyev qeyd edib ki, iki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artıb:

 

"Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlığını bundan sonra da təmin edəcəyik".

 

 

Dövlət başçısının sözlərinə görə, bu rəqəmlər özlüyündə bir göstəricidir və təbii ki, bizim siyasətimizi, aparılan işləri göstərir:

 

"Eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Bunu bir daha demək istəyirəm ki, beynəlxalq maliyyə qurumları da bizim islahatlarımızı yüksək qiymətləndirirlər. Aparıcı beynəlxalq maliyyə institutları bizim islahatlarımıza yüksək qiymət verirlər. O ki qaldı dünyanın bir nömrəli iqtisadi forumunun – Davos Forumunun hesablamalarına görə, - bu rəqəmlər dəfələrlə səslənib, bir daha səsləndirmək istəyirəm, - bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkələrinin arasındadır. Bizim uğurlu iqtisadi islahatlarımız çox ciddi sosial siyasətlə tamamlanır. Həmişə demişik ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Köklü iqtisadi islahatlar bəzən sosial sahəyə mənfi təsir göstərir. Ona görə hətta əvvəlki illərdə - bir-iki il bundan əvvəl iqtisadi böhran dövründə bir dənə də olsun sosial proqram ixtisara düşməmişdir, bütün sosial öhdəliklər vaxtında yerinə yetirilmişdir. İmkanlarımız artdıqca biz dərhal sosial məsələlərə daha da böyük diqqət göstərməyə başladıq. Daha doğrusu, daha böyük maliyyə vəsaiti ayırmağa başlamışıq. Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan sonra da edəcəyik. Bir daha demək istəyirəm ki, iqtisadi göstəricilərimiz müsbətə doğru getməyə başlayandan dərhal sonra biz, ilk növbədə, sosial məsələlərin həllinə o maliyyəni ayırdıq. Maaşların, müavinətlərin, pensiyaların artırılmasına bu il büdcədən yüz milyonlarla manat vəsait ayrılır. Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar, onların rifah halı yaxşılaşsın, Azərbaycanda iqtisadi və sosial islahatlar bir-birini tamamlayaraq ölkəmizin inkişafına xidmət etsin".

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>