Sizin link burada

Cavid İsmayıl: "Rəsulzadənin heykəli Kirovun heykəlinin yerində ucaldılmalıdır" - MÜSAHİBƏ

 

"Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir, çünki..."

 

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi barədə Sərəncam imzalaması, ardınca 2018-ci ili "Cümhuriyyət İli” elan etməsi təkcə tarixçilər, ziyalılar tərəfindən deyil, bütünlüklə cəmiyyət tərəfindən sevinclə qarşılandı. İctimaiyyət nümayəndələri hesab edirlər ki, ölkə başçısı tərəfindən verilən sərəncamlar müvafiq dövlət qurumları tərəfindən yüksək səviyyədə icra edilməlidir. Artıq ilin üçüncü ayını yarılamışıq. 

 

Təxminən 2 ay yarımdan sonra Cümhuriyyətin əsasının qoyulmasının 100 illiyi tamam olacaq. Ötən müddət ərzində AMEA və bəzi siyasi-ictimai təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Xüsusən ilin sonunadək əlamətdar günlərə təsadüf etməklə silsilə tədbirlər planlaşdırılır.

 

Lakin görülən işlər ümumilikdə təqdirəlayiq hesab edilsə də, gedişatla bağlı müəyyən narazılıq da mövcuddur. Cümhuriyyətin yüz illiyi ilə bağlı "Şərq”ə geniş müsahibə verən tarix üzrə fəlsəfə doktoru, APA TV-nin Xəbər müdiri Cavid İsmayıl yubiley hazırlıqlarını yetərli saymasa da, qarşıda xeyli zaman olduğunu deyib. Alimin sözlərinə görə, 9-10 ay ərzində kifayət qədər ciddi çalışmalar reallaşdırmaq mümkündür...

 

- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı verilən sərəncamı, xüsusən 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsini necə dəyərləndirirsiniz? Hansı məqamlara görə bu qərarlar önəmlidir?

 

- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında 16 may 2017-ci il və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci tarixli Prezident sərəncamlarının çox böyük siyasi əhəmiyyəti var. İlk növbədə ona görə ki, Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin - Müsəlman Şərqinin ilk demokratik və parlamentli respublikasının siyasi və hüquqi varisidir.

 

İkincisi, xalqımızın min illərə dayanan çoxəsrlik tarixi boyu inzibati ərazi vahidi kimi işlədilən "Azərbaycan" sözü məhz Cümhuriyyət liderlərinin misilsiz fədakarlığı sayəsində dövlət adı kimi özünə vəsiqə qazanmışdır.

 

Üçüncüsü, Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində 11 yanvar 1920-ci ildə Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurası tərəfindən tanınmışdı. Məhz beynəlxalq hüququn subyekti olması faktı 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra belə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

 

Hər iki Prezident sərəncamının ictimai-mənəvi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Çünki dövlət səviyyəsində qeyd olunacaq bu yubiley gənc nəsildə Cümhuriyyət ideyalarına və Cümhuriyyət liderlərinin istiqlalımız uğrunda mübarizə dolu keşməkeşli həyatına marağı daha da artıracaq, bu isə gənclərin vətənpərvər ruhda tərbiyəsi işinə öz töhfəsini verəcək. Digər tərəfdən, tarix elmimizdə Cümhuriyyət dövrünün araşdırılmasında da yeni səhifə açılacaq. Adı çəkilən sərəncamlar həm də Prezidentin timsalında Azərbaycan dövlətinin və xalqının Cümhuriyyət qurucularının xatirəsinə dərin hörmət və ehtiramının ifadəsidir.

 

- Sərəncamdan sonra bu istiqamətdə görülən işləri və tədbirləri qənaətbəxş hesab edirsizmi? Müəyyən narazılıq var, hesab edilir ki, sadəcə, quru tədbirlərlə ili yola vermək olmaz...

 

- Cümhuriyyətimizin 100 illik yubileyi müstəqil Azərbaycanın indiyə qədərki tarixində ən əlamətdar hadisədir. Ona görə də bu narazılıqları müəyyən mənada başa düşmək olar. Prezidentin imzaladığı sərəncamdan sonra görülən işlər təbii ki, hələ qənaətbəxş sayıla bilməz. Amma pessimist olmağa da əsas yoxdur. Sərəncam hələ iki aydır imzalanıb, qarşıda isə ilin on ayı var. Yəni Cümhuriyyətimizin 100 illik yubiley tədbirləri mayın 28-də bitməyəcək. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə Cümhuriyyətlə bağlı təsisatların və hadisələrin yubileylərinin də əsasını qoyacaq. İyunun 26-da Azərbaycan Ordusunun, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından qurtuluşunun, dekabrın 7-də isə Azərbaycan parlamentinin 100 yaşı tamam olacaq. Xalq Cümhuriyyətinin 23 ay fəaliyyət göstərdiyini nəzərə alsaq, bu o deməkdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cümhuriyyət İli 2018-ci illə məhdudlaşmayacaq, ən azı yaxın iki il ərzində Cümhuriyyət ideyalarının təbliği yüksək səviyyədə həyata keçiriləcək.

 

Onu da nəzərə almaq lazımdır ki, 2018-ci ilin mayında qonşu Gürcüstan və Ermənistanda da istiqlaliyyət elan etmələrinin 100 illik yubileyi tamam olur, o zaman iki aydan sonra bütün dünyanın diqqətinin istər-istəməz Cənubi Qafqaz respublikalarına yönələcəyi şübhə doğurmur. Obrazlı şəkildə desək, bu fakt bizi Xalq Cümhuriyyətinin 100 illik yubileyini qonşularımızdan daha yüksək səviyyədə keçirməyə məhkum edir.

 

Etiraf edək ki, Azərbaycan xalqının çoxəsrlik qədim tarixinə nəzər saldıqda, görərik ki, müasir dünya arenasında yalnız və yalnız 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətimizin dəyərlərinə söykənməklə layiqli yer tuta bilərik. Bu, həm də Dağlıq Qarabağ münaqişəsi kimi 30 ildir həll olunmayan problemimizlə, BMT tərəfindən tanınmış ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlı etiraz səsimizin beynəlxalq aləmdə daha yaxşı eşidilməsinə təkan verə bilər.

 

- Bəzi tarixçilər hesab edirlər ki, Cümhuriyyətin 100 illiyi ilə, sadəcə, tarixçilərin məşğul olması daha yaxşıdır. Yəni siyasi qurumlar, ictimai təşkilatlar və başqa şəxslər prosesə çox da müdaxilə etməməlidir. Bu cür yanaşmaya münasibətiniz nədir?

 

- Yanlış yanaşmadır. Təbii ki, Cümhuriyyət tarixinin araşdırılmasında AMEA-nın və xüsusən A.Bakıxanov adına Tarix İnstitutunun üzərinə böyük yük düşür. Alimlərimizin az miqdarda maaşla Cümhuriyyət tarixinin araşdırılması ilə bağlı gördüyü böyük işlər təqdir olunmalı və fədakarlıq nümunəsi kimi qiymətləndirilməlidir. Amma Cümhuriyyətimiz və onun dəyərləri bu ölkədə nə hansısa partiyanın, nə də qurumun inhisarında deyil, Cümhuriyyət bütün xalqa məxsusdur. Ona görə də hər bir kəs, hər bir azərbaycanlı ailəsi bu yubileyin möhtəşəm alınması üçün əlindən gələni əsirgəməməlidir. Digər tərəfdən, Qarabağ məsələsindən sonra azərbaycanlıların həmrəy ola bildiyi yeganə məsələ yalnız Cümhuriyyət mövzusudur. Bu baxımdan hesab edirəm ki, Cümhuriyyətimizin 100 illik yubileyi Azərbaycanda vətəndaş sülhünün möhkəmlənməsi işinə də öz töhfəsini verəcəkdir.

 

- Cümhuriyyətin yubileyinin təntənəli keçməsi üçün müxtəlif təkliflər gündəmdədir - abidə, park, film və s. Sizin konkret təklifləriniz varmı?

 

- Yubileylə bağlı çoxsaylı təkliflərin olması sevindirici haldır. Bu onu göstərir ki, insanlar bu məsələyə həm ciddi, həm də səmimi yanaşır. Bundan çəkinmək lazım deyil, əksinə, təşviq etmək lazımdır. Qoy təkliflər çox olsun, sonda dövlət orqanları bu təkliflərin içindən məqbul olanını seçib reallaşdıracaq. Cümhuriyyətimizə aid Bakının mərkəzində abidə var, Cümhuriyyət parkının açılışına isə bir az ciddi yanaşmaq lazımdır, məncə. Yəni gözəl bir parka Cümhuriyyət adı verməklə iş bitmir. Məsələn, mən təklif edirəm ki, əgər belə bir park açılacaqsa, orda Cümhuriyyətin atributları ilə yanaşı, tarixdə Azərbaycan adlı ilk dövləti yaratmış liderlərin büstləri də olsun.

 

Təbii ki, bizim də bu möhtəşəm yubileylə bağlı bir sıra təkliflərimiz var. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında 16 may 2017-ci il və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci tarixli Prezident sərəncamlarının icrasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılması və işini yüksək səviyyədə qurması üçün Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi məqsədəmüvafiq olardı. Çünki Mehriban xanım son illərdə ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin Təşkilat Komitəsinin sədri kimi böyük təşkilatçılıq qabiliyyətini ortaya qoymuş, bununla Azərbaycana böyük hörmət, nüfuz və şöhrət qazandırmışdır.

 

Yeri gəlmişkən, bu il əlamətdar yubileylər ilidir. Düşünürəm ki, Əlimərdan bəy Topçubaşovun 155, Məhəmməd Əmin Rəsulzadənin 135, Heydər Əliyevin 95, Əbülfəz Elçibəyin 80 illik yubileyləri ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ayrı-ayrılıqda Təşkilat Komitələri yaradılması bu tədbirlərin daha ciddi və peşəkar şəkildə baş tutmasına təkan verərdi.

 

İkinci təklifim ondan ibarətdir ki, Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi şərəfinə 15 sentyabr tarixi Bakı günü və ya Paytaxt günü elan edilsin. Zatən dünyanın bir sıra ölkələrində Paytaxt günü qeyd olunur. Bu təklifi irəli sürməyimin digər səbəbi isə odur ki, 1990-cı illərdə Azərbaycandan İsrailə köçmüş yəhudi əsilli bəzi keçmiş vətəndaşlarımız 2 iyul tarixini heç bir əsas olmadan Bakılılar günü elan edib.

 

Üçüncüsü, Bakını daşnak-bolşevik işğalından azad edən və bununla da paytaxtımızda türk-müsəlman milli kimliyinin məhv edilməsinin qarşısını əbədilik alan Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın xatirəsi əbədiləşdirilməli, paytaxtda küçələrdən biri onun adına verilməli və Bakıda heykəli ucaldılmalıdır. Bu heykəlin yeri Şəhidlər Xiyabanındakı Türk Şəhidliyi də ola bilər. Tale elə gətirib ki, Nuru Paşanın Türkiyədəki məzarı da simvolik xarakter daşıyır. Bilirsiniz ki, Südlücədə sahibi olduğu silah fabrikinin partlaması nəticəsində onun cəsədi tapılmamışdı, məzarında isə bədəninin kiçik hissələri dəfn olunmuşdu. Nuri Paşanın məzarı üzərində bu gün Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanır. Bu baxımdan Bakıda qoyulacaq heykəl onun ikinci simvolik məzarı da sayıla bilər.

 

Dördüncüsü, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinə yenidən Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi, universitetin həyətində Rəsulzadənin büstü ucaldılması çox sevindirici hadisə olardı. Təcrübədə bir dəfə bu halla qarşılaşmışıq artıq - Bakı Musiqi Akademiyasına yenidən Üzeyir Hacıbəylinin adı verilib.

 

Beşincisi, Bakının Dağüstü Parkı kimi tanınan, vaxtilə Kirovun heykəlinin ucaldıldığı ərazidə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması tarixi addım olardı. Bu addım həm də gənc nəsilə Azərbaycanın Cümhuriyyət ideallarından vaz keçməyəcəyi və bolşevizmin bir daha ölkəmizə dönməyəcəyi barədə siyasi mesaj olardı.

 

- Cümhuriyyət qurucularının xarici ölkələrdəki məzarlarının ölkəmizə gətirilməsi əsas müzakirə mövzusudur. Ancaq bununla bağlı birmənalı fikir yoxdur, dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da var. Sizin bu barədə düşüncəniz nədir?

 

- Bu cür ciddi məsələ ətrafında müxtəlif fikirlərin səslənməsi təbii qarşılanmalıdır. İlk növbədə nəzərə almaq lazımdır ki, bu iş üçün ilk növbədə mərhum liderlərimizin hazırda yaşayan ailə üzvlərinin və ya varislərinin razılığı alınmalıdır. Həm də bu proses külli miqdarda vəsait tələb edir. Axı bolşevik işğalından sonra azərbaycanlı mühacirlər Türkiyədən Argentinaya qədər böyük bir əraziyə səpələnmişdi. Bununla belə, Məhəmməd Əmin Rəsulzadənin və onun həyat yoldaşı Leyla (Vanda) Rəsulzadənin məzarlarının Türkiyənin paytaxtı Ankara şəhərindəki Əsri məzarlığından Bakıdakı Fəxri Xiyabana köçürülməsini təklif edirəm. Çünki Azərbaycanın dövlət müstəqilliyi kimi siyasi ideyanın banisi məhz Rəsulzadədir. İkincisi, Azərbaycan ictimai fikri Rəsulzadənin məzarının Bakıya köçürülməsinə çoxdan hazırdır. Üçüncüsü, bolşevik işğalından sonra ailəsinin başına gətirilən misilsiz faciələr məhz Məhəmməd Əmini repressiyaya məruz qalan Cümhuriyyətçiliyin simvoluna çevirib. Necə ki, bu gün 1937-ci ildə repressiyaya məruz qalan azərbaycanlı şair və yazıçılardan söhbət düşərkən ilk ağla gələn Hüseyn Cavid və ailəsi olur. Hər halda, Heydər Əliyevin 1982-ci ildə məhz Hüseyn Cavidin məzarının axtarışı prosesinə başlaması və müvəffəqiyyətlə başa çatan axtarış prosesindən sonra Cavidin cənazəsinin gətirilərək Naxçıvanda dəfn edilməsi heç də sıradan bir hadisə deyildi. Zatən o vaxta qədər də 1937-ci il repressiyalarının Azərbaycandakı simvolu Hüseyn Cavid sayılırdı. Düşünürəm ki, Məhəmməd Əmin Rəsulzadənin də məzarı nə vaxtsa Azərbaycana gətiriləcək. 100 illikdə olmasa belə, 150 və ya 200 illikdə gətiriləcək.

 

- Rəmzi “Cümhuriyyət məzarlığı” yaradılması təklifi də irəli sürüldü. Bununla bağlı fikirləriniz nədir?

 

- Məncə, buna ehtiyac yoxdur. “Cümhuriyyət məzarlığı” yaratmaqdansa, yuxarıda qeyd etdiyim kimi, Cümhuriyyət parkının açılması və orda Cümhuriyyətin atributları ilə yanaşı, tarixdə Azərbaycan adlı ilk dövləti yaratmış liderlərin büstlərinin də qoyulması daha məqsədəuyğun olardı.

 

- Türkiyə ilə Azərbaycanın bu istiqamətdə ortaq iş görməsi də gündəmdədir. İki qardaş ölkə bu istiqamətdə, ələlxüsus da Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı ciddi əsər ortaya qoya bilərmi?

 

- Gənc publisist dostum Dilqəm Əhmədin bu yaxınlarda "TEAS Press" tərəfindən nəşr olunmuş "Fərqlilər" və Mühacirlərin dönüşü" əsərlərində maraqlı bir fakta rast gəldim. Şəxsən mən bu faktı indiyədək bilmirdim. 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında Mirzə Bala Məhəmmədzadənin "Bakı uğrunda mübarizə" pyesi tamaşaya qoyulub. Əsər Bakının bolşevik-daşnak işğalından azad olunmasının bir illiyinə həsr olunubmuş. O əsərin mətni qalıbsa, onu yenidən tamaşaya qoymaq çox maraqlı olardı.

 

Təəssüflə qeyd etmək istərdim ki, müstəqillik illərində Cümhuriyyət mövzusuna layiqli bir film çəkib hələ ortaya qoya bilməmişik. Teatrlarımızda bu mövzuya həsr edilən tamaşaların ictimaiyyətə təbliği də qaneedici səviyyədə olmayıb. Amma azsaylı müsbət məqamları da qeyd etməliyik. Məsələn, Bakı Media Mərkəzi Arzu xanım Əliyevanın prodüserliyi ilə Azərbaycanın Versal Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri haqqında "Əbədi ezamiyyət" adlı sənədli film çəkmişdi. Yüksək peşəkarlıqla çəkilən film çox möhtəşəm alınmışdı. Son məlumatlara görə, Bakı Media Mərkəzi yenə Arzu xanım Əliyevanın prodüserliyi ilə Cümhuriyyət parlamentinin son iclasına həsr olunmuş "Son iclas" adlı sənədli film çəkir. İnanıram ki, bu film də möhtəşəmlikdə "Əbədi ezamiyyət"dən geri qalmayacaq. Azərbaycan və Türkiyə kinematoqrafçılarının Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə birgə film çəkməsi də çox sevindirici olardı. Düşünürəm ki, bu əməkdaşlıq Bakının azad olunmasının 100 illiyinə hədiyyə olaraq mükəmməl əsər ortaya qoya bilər.

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>